İdman

Arpaçay Karate Klubu XI “Baku Open”in 2-cisi oldu

Beynəlxalq karate turnirində 80-ə yaxın idmançı ilə iştirak edən Klub 17 qızıl, 10 gümüş və 15 bürünc medal qazanıb

Xəbər verildiyi kimi, 5-8 mart tarixlərində Bakıda Azərbaycan Boks Federasiyasının Boks İdman Mərkəzində 11-ci “Baku Open” Beynəlxalq Karate Turniri baş tutub.

Dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunmuş turnirdə 7 ölkədən 744 idmançı mübarizə aparıb. Yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər iştirak edib. Fərdi və komanda yarışlarında yerli idmançılarla birgə Gürcüstan, İsveçrə, Malayziya, Misir, Rusiya və Türkiyə idmançıları çıxış ediblər. Yarışı 3 ölkədən 6 beynəlxalq və 32 milli dərəcəli hakim idarə edib.

4 gün davam edən “Baku Open” Beynəlxalq Karate Turnirinin yekun nəticələrinə əsasən, “Qara Qaplan” karate klubu birinci, Arpaçay Karate Klubu ikinci, Mərkəzi Karate Məktəbi isə üçüncü yeri tutub.

Eyni zamanda, ölkənin aparıcı klublarından biri olan Arpaçay Karate Klubu 12-13 yaşlı idmançılar arasında keçirilən komanda yarışında birinci yeri qazanıb. Klubun prezidenti Yavər Hüseynovun sözlərinə görə, “Baku Open” Beynəlxalq Karate Turnirində 80-ə yaxın idmançı ilə iştirak edən Arpaçay Karate Klubu bu dəfə də fərqlənərək 17 qızıl, 10 gümüş və 15 bürünc medalla klub arasında ikinci pillədə qərarlaşıb.

Bənzər yazılar

Back to top button