İqtisadiyyat

Ekspertlər Azərbaycanda avtomobillərin bahalaşacağını düşünür

Fevralın 1-dən avtomobil sahibləri texniki baxış zamanı dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödəməli olacaqlar. “İstehsalat və məişət tullantıları haqqında” Qanuna əsasən, avtomobillər istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə, 10 il keçdikdə isə ildə bir dəfə texniki baxışdan keçməlidir.

Nazirlər Kabinetinin qərarına əsasən hər dəfə texniki baxış zamanı istismar müddəti 4-10 il olan avtomobillərə 10, 11-21 illiyə 20, 31 illiyə 30, 31 ildən yuxarılar üçün də 40 manat utilizasiya haqqı ödəniləcək.

Qanunun digər tələbinə əsasən, fevralın 1-dən Azərbaycana gətirilən və istehsal tarixi dörd ili ötən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı əlavə utilizasiya haqqı alınacaq.

Avtomobil istismara yararsız vəziyyətə çatdıqda, o, utilizasiyaya veriləcək. Buna görə, sahibinə yeni yerli avtomobilin alınması üçün güzəşt müəyyən olunacaq. Əgər şəxs yerli avtomobil almağı nəzərdə tutmursa, o, müəyyən edilmiş güzəşt məbləğindən daha az həcmdə birdəfəlik ödəniş alacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da “Turan”a bildirib ki, söhbət əsasən Azərbaycana idxal olunan yaşı 10-dan artıq avtomobillərdən gedir: “Bu idxalın qarşısını almaq lazımdır. Bakının tıxac problemi çox ciddidir. Azərbaycanda avtomobillərin sayı kifayət qədər artıb. Əgər 1992-ci ildə Azərbaycanda cəmi 320-330 min avtomobil var idisə, bu gün avtomobillərin sayı 2 milyona yaxınlaşır. Ona görə də buna müəyyən hədlərin qoyulmasına ehtiyac var”.

Deputatın sözlərinə görə, burada əsas məqsəd ondan ibarətdir ki, köhnə avtomobillər utilizasiya edilir və onun əvəzinə hökümət müəyyən məbləğdə kompensasiya ödəyir: “Avtomobilin sahibi gedib özünə yeni maşın ala bilər”.

Tariflərə gəlincə, V.Əhmədov qeyd edib ki, utilizasiya haqqı o qədər də böyük deyil və vətəndaşlar üçün əlavə yük olmayacaq: “Hər kəs istəyir ki, maşını yeniləsin. Hökümət də bu məsələdə yardımçı olmaq istəyir. Digər tərəfdən də şəhərin vəziyyətini anlamaq lazımdır, şəhər çox yüklüdür. Hökümət köhnə maşınları sıradan çıxarmaqda israrlıdır və bu düzgün qərardır”.

Nəqliyyat məsələlər üzrə ekspert Elməddin Muradlı da hesab edir ki, utilizasiya prosesinin mahiyyətində ancaq pul yığmaq dayanmır və bu proses bütün dünyada var: “Bu prosesin mahiyyəti ətraf mühitin qorunması, yol-nəqliyyat hadisələri zamanı ətraf mühitə dəymiş zərərin ödənilməsidir. Azərbaycanda da bu proses həmin qaydada aparılacaq”.

Ekspertin fikrincə, artıq Utilizasiya Fondu yaradılıb və bu fondun strukturu, rəhbərliyi, fəaliyyət istiqamətləri, ünvanı olmalıdır ki, fevralın 1-dən ödənilən pullar ora yönəlsin: “Elə avtomobillər var ki, 5 il tamamında, eləsi də var ki, 2 ildən bir texniki baxışa gedir. Onların ödəniş məbləği, ödəniş mexanizmi ilə bağlı yanaşmalar fərqlidir və incə məqamlar çoxdur”.

E.Muradlı bildirib ki, ölkəyə avtomobil gətirərkən əlavə olaraq 400 və 700 manat məbləğində rüsum ödəniləcək: “4 ildən 7 ilə qədər olan nəqliyyat vasitələri üçün 400 manat, 7 ildən 10 ilə qədər olanlar üçün isə 700 manat məbləğində utilizasiya haqqı ödəniləcək. Bu, həm sahibkarlara, həm fiziki şəxslərə aiddir. Bu da o deməkdir ki, həmin məsələ avtomobillərin qiymətinə təsir göstərəcək”.

Ekspertin sözlərinə görə, texniki baxış zamanı ödənilən məbləğ avtomobillərin sahiblərinə maddi baxımından ciddi təsir göstərməyəcək: “Bu ildə bir dəfə olan ödənişdir və məbləğ də böyük deyil. Maşın sürürsənsə qaydalara riayət etməlisən”.

O, hesab edir ki, maşın sahiblərinə utilizasiya zamanı birdəfəlik ödənilən güzəşt məsələsində fərdi yanaşma olmalıdır: “Elə adamlar var ki, utilizasiya məsələsini eşidib 3-4 dənə köhnə maşını alıb bu məsələdən pul qazanmaq istəyir, elə adamlar isə var ki, tək bir köhnə maşını var və dolanışıq yeri ondan çıxır”.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hökumətinin bir qəribə yanaşması var: “Xaricdə özlərinə nə sərf edirsə, həmən bu praktikanı ölkədə tez tətbiq edirlər, əhaliyə nə sərf edirsə, onu isə daha gec tətbiq edirlər və ya, ümumiyyətlə, tətbiq etmirlər. Utilizasiya da başqa ölkələrdə var və məntiqlə maşın nə qədər ətraf mühitə ziyan vurursa, o qədər çox ondan vergi alırlar. Bu da təşviq edir ki, insanlar daha müasir maşınları alsınlar. Amma Azərbaycanda bu təşviq aşağıdır”.

Ekspert qeyd edib ki, avtomobil nə qədər köhnədirsə, o qədər də rüsumun məbləği artacaq: “Bu da əlavə problem ortaya çıxaracaq, çünki köhnə maşını daha aztəminatlı, yeni avtomobili ala bilməyənlər sürürlər. Onlar yeni qanuna daha çox məbləğ ödəyəcəklər. Bu isə onların cibinə uyğun olacaqmı? Bundan başqa, bizdə kənd təsərrüfatı ilə məşğul olanlar həmin maşınlardan daha çox iş görmək üçün istifadə edirlər. Bu qərar onların biznesinə də təsir edəcək”.

Ölkə parlamenti ötən il “İstehsalat və məişət tullantıları haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsini qəbul edib. Utilizasiyası ilə bağlı yeni qaydalar da orada əks olunub.

Bənzər yazılar

Back to top button