Dünya

Rusiya Krımı niyə “turizm cənnəti”nə çevirə bilmədi?

Yaxud işğal altında olan yarımadanın inkişafdan geri qalmasında Ukraynanın günahlandırılması absurddur

Məlum olduğu kimi, Rusiya Federasiyası tərəfindən qonşu Ukraynaya qarşı işğalçılıq müharibəsi hələ 2014-cü ildən başlayıb. Həmin ilin fevralın 22-də sabiq prezident Viktor Yanukoviç ölkədən qaçdıqdan sonra Ukraynada qərbyönümlü siyasətçilərin hakimiyyətə gəlməsi Krımda fürsət gözləyən rusiyapərəstləri daha da fəallaşdırdı, yarımadada heç bir tanidici simvolu olmayan hərbi geyimli və silahlı şəxslər (“Yaşıl adamlar”) qısa müddətdə Krım Muxtar Respublikasının parlamenti ilə yanaşı, hökumət binalarını ələ keçirdilər.

Qeyd edək ki, Krımın onsuz da zaman-zaman dəyişdirilən demoqrafik strukturu sonuncu ilhaqdan sonra daha da “ruslaşdırılıb”. Məlumata görə, Krım Muxtar Respublikasının parlamentinin qərarı ilə Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı referendumun keçirilməsindən sonra tatarların regiondan qovulması və yarımadaya 600 minə yaxın Rusiya vətəndaşının gətirilməsi baş verib.

Buna baxmayaraq, “Krım bizimdir” şüarı altında təbliğat aparılsa da, son 8 ildə baş verənlərdən daha çox əziyyət çəkən milliyyətindən asılı olmayaraq, yenə də Krım əhalisidir. Ən azı ona görə ki, Krımı ilhaq edən zaman Rusiya yarımada əhalisinə guya bir neçə ilə regionu “turizm cənnəti”nə çevirəcəyini vəd etmişdi. Halbuki 30 ilə yaxındır işğal edilən Abxaziyanın kurort və turizm cəhətdən əlverişli ərazilərinin inkişafdan geri qalması nümunəsi göz önündə idi. Sadəlövh Krım əhalisi vaxtilə V.Putinin yalanlarına inansalar da, son illərdə turizmin çiçəklənməsi üçün də xüsusi rol oynayan yerli infrastrukturun inkişafına heç bir sərmayə qoyulmamasından narazıdırlar. Rusiyadan gedən turistlərin müşahidələri əsasında belə qənaətə gəlmək olar ki, yarımadada heç bir infrastruktur layihəsi icra olunmur, içməli su, elektrik enerjisi və əsas istehlak sahələrində diqqət əvəzinə laqeydlik hökm sürür.
Avropanı Asiyadan ayıran Kerç boğazı üzərində körpü inşa etməklə guya bütün Krım əhalisinin problemlərini həll edəcəyini vəd edən Putin hakimiyyətinin ilhaq addımı kimi, bu qədər xərclə 20 kilometrlik körpü çəkilməsinin uğursuz olduğunu da hamı başa düşür. Ona görə ki, genişmiqyaslı iqtisadi sanksiyalar qarşısında onsuz da öz əhalisini dolandıra bilməyən Rusiya əsas diqqəti körpüyə yönəltməklə, əslində Krımın yerli əhalinin rifah halının yaxşılaşdırılması və təhlükəsziliyinin təmin edilməsi üçün deyil, sırf hərbi cəhətdən ona lazım olduğunu sübut edib. Kerç boğazı körpüsünün (Krım körpüsü), möhtəşəmliyindən bəhs olunması, onun təkrarsız layihə kimi təqdim olunması və s., bütün bunlar Krım yarımadasında baş verən digər mənfi halları və mövcud çatışmazlıqları pərdələmək üçün lazım idi.

Qəribədir ki, Rusiya hakimiyyəti Krımda mövcud olan bütün sosial-iqtisadi problemlərə, o cümlədən su və elektrik enerjisi təchizatı üzrə infrastrukturun yenidən qurulmamasına görə Ukraynanı günahlandırır. Baxmayaraq ki, bu cür qəribə ittihamları təsdiqləyən elə bir ciddi fakt yoxdur. Əskinə yerli sakinlər də təsdiq edir ki, əhali Ukrayna hakimiyyətinin dövründə daha yaxşı yaşayırdı, Rusiya təcavüzünə qədər içməli su təchizatı sahəsində ciddi problem yox idi.

İndiki durumda isə böhran davam etdikcə humanitar fəlakət təhlükəsi yaranır və bunların hamısının səbəbkarı ölkənin qalan hissəsini işğaldan qorumaq istəyən Ukrayna Ordusu yox, Rusiyanın Ukraynanın bir çox ərazisini işğal etməsi faktıdır. Rusiyanın pərakəndə şəkildə işğal fəaliyyəti aparan silahlı qüvvələrinin əksinə olaraq, Ukrayna Ordusu qeyri-döyüş itkilərindən yayınmaq siyasəti yürüdür.

Bütün bunlar sübut edir ki, işğal altında olan yarımadanın inkişafdan geri qalmasında Ukraynanın günahlandırılması absurddur. Krımda baş verənlərə görə Ukrayna hakimiyyətini və silahlı qüvvələrini günahlandırmaq məqsədi güdən Putin Rusiyasının təbliğat maşını bu istiqamətdə xüsusi fəaliyyətə keçib. Bu yaxınlarda yarımada sakinləri arasında yayılan təhlükəsizlik səbəbi ilə Kerç boğazı körpüsünün bağlanması, içməli su, elektrik enerjisi təchizatında fasilələr olması ilə bağlı məlumatlar da həmin propaqandanın tərkib hissəsidir.

Vahid Lətifoğlu

Bənzər yazılar

Back to top button