Analitika

İraq kürdlərinin müstəqillik referendumu – Yaxın Şərq yenidən “qan gölü”nə dönəcək

İraq kürdlərinin referendum ideyası dünyanın əsas gündəminə çevrilib. 25 sentybar tarixi yaxınlaşdıqca, yeni müharibə ehtimalı artır.

İraq Kürdüstanının müstəqillik elan edəcəyi təqdirdə İran bu regionla sərhəddini bağlayacaq. Bu barədə İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani bəyan etmişdi.

“Dövlət sərhədi haqqında razılıq mərkəzi Bağdad hökuməti ilə mövcuddur. Əgər İraq Kürdüstanı İraqdan ayrılsa, onunla bütün sərhəd məntəqələri bağlanacaq” –deyə iranlı məmur açıqlama vermişdi.

Kürdüstan rəhbərliyi İrana neft ixrac etməklə hər il milyardlarla dollar pul qazanır. Bu neft çətin coğrafi şəraitə görə avtosisternlər vasitəsilə qonşu ölkəyə daşınır. Sərhədlərin bağlanması Ərbil üçün arzuolunmaz çətinliklər yaradacaq.

Digər qonşu ölkə – Türkiyə İraqla sərhəddə qoşun toplayır. Sentybarin 18-də Türkiyə Baş Qərargahı İraq Kürdüstanı ilə sərhəddə terrorçulara qarşı hərbi təlimlərə başladığını erlan edib. İnternetdə Sinopi sərhəd-keçid məntəqəsinin önünə toplaşan hərbi texnikanın və canlı qüvvənin fotoları yerləşdirilib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da müntəzəm şəkildə İraq kürdlərinin referendum ideyasını qəbul etmədiyini bildirir. Nyu-Yorkda rəsmi səfərdə olarkən ABŞ prezidenti Donald Trampla görüşən Ərdoğan hər iki ölkənin regionu təhlükəyə atacaq addımlardan qorunmalı olduğunu deyib.

“Liderlər 25 sentybarda keçiriləcək olacaq referendum ideyasını rədd ediblər və bu qərarın region üçün ciddi problemlər yaradacağını vurğulayıblar”.

İsrail istisna olmaqla, Yaxın Şərqdə yerləşən bütün ölkələr referenduma qarşı sərt çıxış ediblər. Buna baxmayaraq, rəsmi Ərbil Məsud Bərzanin başçılığı altında referendum ideyasına inamla addımlayır. 19 sentyabrda xalq qarşısında çıxış edən Bərzani referendumu yalnız beynəlxalq aləmin və Bağdadın təminatları əsasında ertələyə biləcəklərini deyib. O, bununla belə İraq kürdlərinin müstəqillik ideyasından vaz keçməyəcəyini də əlavə edib.

Ümumiyyətlə, İraq Kürdüstanının Bağdaddan ayrılması mövzusu 2003-cü ildə Səddam Hüseyn rejimi devrildikdən sonra tez-tez gündəmə gəlməyə başladı. ABŞ-a İraq ordusunu məğlub etməkdə aktiv dəstək olan kürdlər federal hakimiyyətdən ayrılmaq planlarını tez-tez dilə gətirirdilər. 2011-ci ilin ərəb baharı zamanı yerli kürd müxalifəti Bərzanini müstəqillik mövzusunu öz reytinqini artırmaq üçün gündəmə atmaqda ittiham etdilər. Onların fikrincə, Bərzani bununla özünə xalq toplamağa çalışırdı.

Lakin 2016-cı ilin oktyabrında Mosulun azad olunması əməliyyatı başlandıqdan sonra müstəqillik tələbləri daha kəskin və aydın forma almağa başladı. 2016-cı ilin sonlarında peşmərgələr Mosul uğrunda döyüşlərdə iştirakdan kənarlaşdılar. Kürdüstan hakimiyyəti müstəqillik kursu seçdi.

Hazırda kürd peşmərgələrinin sayı 100 min nəfərə çatır. Bu, Mosul uğrunda döyüşlərdə 5 min döyüşçüsünü itirən İraq ordusundan bir az çoxdur. İraq kürdləri tez-tez məhz Bağdadın səhvi ucbatından İŞİD-in 2014-cü ilin yayında hərbi qələbələr qazandığını xatırladır. Onların fikrincə, Mosuldakı cəbhəxana və texnika İŞİD-in əlinə keçməsəydi, onlara qarşı mübarizə aparmaq daha asan olardı.

Referendum 2014-cü ilin sonlarına qədər Bağdad hökumətinin idarəsində olan Kərkükdəki neft yataqlarının kürdlərə məxsus olmasını rəsmiləşdirməlidi. Şəhər ətrafındakı zəngin neft yataqları kürdlərə büdcəni doldurmağa imkanlar açır.

Referendum rəqib kimi tanınan Kürdüstan Demokratlar Partiyası, Kürdüstan Vətənpərvərlər Birliyi və Kürd İşçi Partiyasını (PKK) birləşdirib. Daim bir-biri ilə silahlı mübarizəyə gedən partiyalar referendum üçün öz sıralarını birləşdirib.

Hazırda kürdlər dünyada dövləti olmayan ən böyük xalq hesab olunur. Onların sayı 25-40 milyon arasında dəyişir.

Lakin ekspertlərin fikrincə, dünya birliyinin etirazı fonunda kürdlər çətin ki, müstəqillik elan etsinlər. Bu addım daha çox rəsmi Bağdadı şantaj etməyə və daha çox dividend əldə etmək məqsədi güdür.
(Modern.az)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button