Siyasət

Məhsəti Hüseynova seçiciləri ilə görüşdü (FOTO)

20 saylı Nərimanov II seçki dairəsindən deputatlığa namizəd Məhsəti Hüseynova Prezidentin daha işlək parlamentin yaranması üçün verdiyi fürsəti dəyərləndirməyə çağırıb

Fevralın 9-da VI çağırış Milli Məclisə keçiriləcək seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Məhsəti Əli qızı Hüseynovanın seçicilərlə növbəti görüşü baş tutub.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında keçirilən tədbiri giriş sözü ilə açan “Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri Muğan Əliyev deputatlığa namizəd Məhsəti Hüseynovanın cəmiyyət üçün mühüm əəhmiyyət daşıyan qida təhlükəsizliyi sahəsində gördüyü işlər və yaradıcılıq fəaliyyəti barədə məlumat verib. Daha sonra çıxış edən “Green start Academy” təhsil Mərkəzinin sədri Aysel Rəsulzadə də qeyri-hökumət təşkilatının rəhbəri olan deputatlığa namizədin təhsil sahəsində, QHT çərçivəsində və sağlam gələcəyimiz naminə göstərdiyi fəaliyyətdən söhbət açıb.

20 saylı Nərimanov II seçki dairəsindən deputatlığa namizəd M.Hüseynova isə namizədliyinin qeydə alınması prosesindən, qarşılaşdığı çətinliklərdən danışıb. Onun sözlərinə görə, əzm və cəsarət göstərməklə bütün maneələri aşmaq mümkün olduğunu sübut edib və hazırda həmin dairədə mübarizə aparan 5 namizəddən biridir.

Özünün həyata və fəaliyyəti haqqında seçicilərə qısa məlumat verən M.Hüseynova, eyni zamanda 9 fevrada keçiriləcək seçkilərdə iştirakının əsas səbəbini açıqlayıb: “Cənab Prezident İlham Əliyev ölkədə yeni islahatlara start verməklə, ötən ilin dekabrında V çağırış Milli Məclisi buraxılması haqqında sərəncam imzalamaqla, yeni və daha işlək parlamentin yaranması üçün seçicilərə və xalqı təmsil etmək istəyənlərə, xüsusən də gənclərə özünü sınamaq üçün fürsət verib. Bu fürsəti dəyərləndirmək lazımdır! Seçkiyə gedin, sizi təmsil edəcək şəxsi özünüz müəyyənləşdirin və daha sonra nə istədiyinizi ondan tələb edin!”.
Daha sonra Nərimanov rayonu ərazisində hər gün sakinlərlə görüşdüyünü xatırladaraq, onların əhval-ruhiyyəsini dəyərləndirən deputatlığa namizəd M.Hüseynova yeni parlamentin tərkibini məhz seçicilərin səslərinin müəyyən edəcəyini diqqətə çatdırıb və onları seçki günü aktiv olmağa çağırıb.

Görüşdə çıxış edən 20 saylı Nərimanov ikinci seçki dairəsi ərazisində yaşayan seçicilər də mövcud olan problemlərdən, onları Milli Məclisdə təmsil edəcək şəxsin xalqın istəyindən və çətinliklərindən xəbərdar olmasının vacibliyindən danışıblar. Sonda seçicilər deputatlığa namizədə dəstəklərini ifadə edib və uğurlar diləyiblər.

Bənzər yazılar

Back to top button