Siyasət

Asim Mollazadə: “Onlar xalqın mənafeyinə zərbə vururlar”

Koronavirus infeksiyasının dünyada sürətlə yayılması təkcə dövlət qurumlarının deyil, siyasi partiyaların, ictimai təşkilatların da fəaliyyətində ciddi dəyişikliklərə səbəb olub. Artıq bir neçə siyasi partiya iclasları təxirə salıb, üzvlərin qərargahda toplaşmasına məhdudiyyətlər tətbiq edib. Azərbaycan Demokratik İslahatlar Partiyasısı (ADİP) da koronavirusla əlaqədar olaraq, öz fəaliyyətini məhdudlaşdırıb.

ADİP sədri, Milli Məclisin deputatı Asim Mollazadə Yenisabah.az saytına müsahibəsində həm koronavirus təhlükəsindən, həm də gündəmdəki digər məsələlərdən danışıb:

– Partiya iclaslarını təxirə salmışıq. Çünki hazırda bu pandemiyadan qorunmağın ən yaxşı yolu karantin və izoliyasiyadır. Bütün kütləvi tədbirlərin vaxtını dəyişmişik. Bu virusla mübarizədə özfəaliyyətə yol vermək olmaz. Partiya üzvlərimizin sağlamlığı bizim üçün daha vacibdir.

– Azərbaycanda koronavirusdan qorunmaq üçün görülən işləri necə qiymətləndirirsiniz? Hökumətin səylərini qənaətbəxş saymaq olarmı?
– Azərbaycan hökuməti virusun geniş yayılmasını önləmək üçün təxirəsalınmaz tədbirlər görür. Dünən ölkəyə 200-ə yaxın süni nəfəsalma cihazı gətirilib. Bununla yanaşı, zəruri tibbi ləvazimatlar da gətirilib. Çox təhlükəli dövrdə yaşayırıq. Düşünürəm ki, görülən tədbirlər qənaətbəxşdir. Müvafiq dövlət qurumu artıq bu istiqamətdə olan bütün prosesi öz üzərinə götürüb. Bu prosesdə iştirak edən hər bir Azərbaycan həkimi, hüquq-mühafizə orqanlarının əməkdaşları alqışlanmalıdır. Vəziyyət çox ağırdır. Bu vəziyyətdən hamımız birgə çıxmalıyıq.

– Azərbaycan cəmiyyətinin koronavirusla mübarizədə göstərdiyi səyləri necə qiymətləndirirsiniz? İnsanlar öz saölamlıqlarının qeydinə yetərincə qala bilirlərmi?
– Dünyadakı pandemiya böyük təhlükə vəd edir. Ona görə də Azərbaycan xalqı səfərbər olmalıdır. Hamə nizam-intizama əməl etməlidir. Hər kəs özünü qorumalıdır. Ən əsas üsullardan biri vətəndaşın məsuliyyətli davranışıdır. Tövsiyə edilən qaydalara riayət etmək şərtdir. Bu pandemiyaya ciddi yanaşmaq lazımdır. Biz hər bir vətəndaşımızı qorumaq üçün zəruri addımlar atmalıyıq. Çünki təhlükəsizlik ən önəmli məsələdir.

– Asim bəy, siz özünüz virusdan necə qorunursunuz? Həyat tərzində hansı dəyişikliklər etmisiniz?
– Mən həkiməm. Sanitar-gigiyena qaydalarına həmişə riayət edirəm. Dəfələrlə əlləri yumaq, müxtəlif anti-bakterial maddələrlə dezinfeksiya işləri aparmaq lazımdır. Ən önəmli məsələ isə, kütləvi yerlərdə olmamaqdır. Bu da dəfələrlə müvafiq dövlət qurumları tərəfindən hər bir vətəndaşın diqqətinə çatdırılıb. Çalışıram ki, texnoloji usullardan istifadə edim. Bir məsələni həll etmək üçün telefondan istifadə etmək indiki məqamda daha düzgün olardı. Maksimum canlı ünsiyyətdən yayınmağa çalışıram.

– Virusla bağlı cəmiyyətdə təşviş yaradan, insanları panikaya salan adamlara nə tövsiyə edərdiniz?
– Mənə elə gəlir ki, panikaya ehtiyac yoxdur. Çox istərdim ki, hər bir vətəndaş məhz rəsmi məlumatlara inansın. Çünki müvafiq qurumlar açıq və şəffaf şəkildə cəmiyyəti məlumatlandırır. Hansısa panika yaradan, bu vəziyyətdən öz siyasi və digər maraqları üçün istifadə etmək istəyənlər Azərbaycan xalqının mənafeyinə zərbə vururlar. Məsuliyyətli olmaq lazımdır. Bu təhlükəni birlikdə dəf etməliyik.

Bənzər yazılar

Back to top button