Dünya

“Təhsil sahəsində fövqəladə vəziyyət yaranıb” – 463 milyon uşaq distant təhsildən kənarda qalıb

“COVID-19 pandemiyasına görə məktəblər bağlanandan sonra dünyada uşaqların azı üçdə biri distant təhsildən kənar qalıb və bu təhsil sahəsində qlobal fövqəladə vəziyyət yaradıb”.

AzToday.az azadliq.org-a istinadən xəbər verir ki, bu bardə BMT-nin uşaq agentliyi – UNICEF hesabatında bildirilir.

Sənəddə qeyd olunur ki, pandemiyanın qarşısını almaq üçün elan olunan karantinin pik vaxtında məktəblərin bağlanması 1,5 milyardadək uşağın dərsə getməməsi ilə sonuclanıb.

“Azı 463 milyon uşaq distant təhsilə çıxış əldə edə bilməyib”, – UNICEF-in İcraçı Direktoru Henrietta Fore deyib.

“Bu sayda uşağın təhsilinin aylarla pozulması təhsildə qlobal fövqəladə vəziyyət deməkdir. Bunun təsirləri onillər boyunca iqtisadiyyatlarda və cəmiyyətlərdə hiss oluna bilər”, – deyə o vurğulayıb.

Avqustun 26-da axşam yayılmış hesabatda regionlar üzrə kəskin bərabərsizlikdən də söz açılır. Uşaqlar ən böyük təsirə Saxara altı Afrikada məruz qalıblar. Region üzrəən böyük göstərici isə Cənubi Asiyanın payına düşür – azı 147 milyon.

UNICEF bildirir ki, hesabatda distant təhsil üçün evdə gərəkən texnologiya və alətlərə çatımlılıq öyrənilib. Məsələn, televiziya, radio və internetə, kurrikuluma dünya üzrə çatımlılıq göstəriciləri təhlil olunub.

Distant təhsildən ən çox yoxsul yerlərdə və kəndlərdə yaşayan uşaqlar məhrum olub. Uşaqların erkən yaşlarda kritik təhsil illərində distant təhsildən kənar qaldığı bildirilir. Bu da onlayn təhsildəki problemlər və məhrumiyyətlər, evlərdə gərəkən avadanlığın olmaması ilə bağlıdır. UNICEF vəziyyətin daha da pisləşə biləcəyi ilə bağlı ilə xəbərdarlıq edir. Çünki hətta evdə texnologiya olsa belə, uşaqlar ev işləri, yaxud başqa yerdə işləmək üçün təzyiqlər səbəbindən gərəkən təhsili almaya bilərlər.

Bənzər yazılar

Back to top button