CəmiyyətGündəm

İNDİ MƏKTƏBƏ DAHA ÇOX “RAZBORKA”YA GEDİRLƏR – FİKİRLƏR HAÇALANDI

hməd Qəşəmoğlu: “Oğru aləmi”nə indiki gənclər üçün doğmalaşdırılıb”
Zahid Oruc: Zahid Oruc:”Sonradan biz onlar hətta terror birliklərinin içərisində görürük. Biz onları sanki itirir, təhlükə mənbəyi kimi geri qazanırıq”

Son zamanlar Azərbaycanın bəzi təhsil müəssisələrində – universitet və orta məktəblərdə kriminal hadisələrin sayı artmaqdadır. Az qala hərt gün bu tipli xəbərlər qəzet və sayt manşetlərini, eləcə də sosial şəbəkələri bürüyür. Buna misal olaraq bir neçə gün öncə, Lənkəran Dövlət Universitetinin (LDU) həyətində bir tələbənin öz tələbə yoldaşı tərəfindən bıçaqlanması hadisəsini göstərə bilərik. Şübhəsiz ki, belə xoşgəlməz hallar təhsil müəssələrinin cinayət yuvalarına çevrilməsi məsələsini gündəmə gətirir və bu istimaqətdə ciddi müzakirələrin açılmasını zəruri edir.

“Sherg.az” belə halların baş vermə səbəblərini və bundan xilas yolunu araşdırıb.

İnsanların davranışlarının qəbul etdiyi informasiyalardan və üstünlük verdikləri dəyərlərdən asılı olduğunu vurğulayan sosioloq Əhməd Qəşəmoğlu “Sherg.az”a açıqlamasında gənclər arasında kriminal hadisələrin çoxaldığını deyib.

O diqqətə çatdırdı ki, yalnız universitet divarları arasında deyil, kənarda da bıçaqlanma hadisələri çox olur:

“Gənclər arasında elə xoşagəlməz vəziyyət yaranıb ki, bu universitet divarları arasında da baş verir. Əslində belə hadisələri tək təhsil müəssisələri ilə əlaqələndirməyək. Ölkədə gənclərin davranışlarında xoşagəlməz vəziyyət yaranıb. Təəssüf ki, bununla məşğul olmurlar.

Konkret universitetlərdə baş verən kriminal hadisələrin səbəblərinə gəldikdə isə cəmiyyətdə gərginliyin çoxaldığı vəziyyətdə çalışmalıyıq ki, universitetlər daxilində xüsusi mühit yaradaq. Universitetə daxil olan tələbə artıq hiss etsin ki, ali məktəbin daxili qayda qanunu var, buna tam əməl etməlidir. Bu, indinin hadisəsi deyil. Tarix göstərir ki, o təhsil müəssisələrində təhsil yüksək olur ki, özünün daxili mühiti, nizam intizamı olur. Bu, vahid uniformaya qədər gəlib çıxır.

Düşünürəm ki, cəmiyyətdəki prosesləri idarə etmək çətin olduğu üçün universitet daxilində intizam təbliğ edilməli, ucuz demokratiya oyunları kənara qoyulmalıdır. Məqsəd yüksək səviyyədə təhsildir, buna mane olan istənilən hərəkət yolverilməzdir, cəzalandırılmalıdır”.

Özünün də universitet müəllimi olduğunu xatırladan Ə.Qəşəmoğlu qarşılaşdığı mənfi hadisələrə də toxunub:

“Bir də baxıram ki, binanın dəhlizində bir nəfər bazardakı kimi qışqırır. Universitetdə belə davranışlar düzgün deyil. Hərdən mən özüm də müdaxilə edirəm, onda isə tələbələr fərqli qarşılayır. Lakin hər kəs anlamalıdır ki, universitetin daxilində başlı-başına hərəkət etmək olmaz.

Universitetlər sırf ciddi daxili rejimə keçməlidir. Daxildə təhsil rejimi, ona uyğun mövqe sərgilənməlidir. Bu mövqeyə uyğun da hərəkət etmək lazımdır. Yoxsa, biri bağıracaq, digəri istədiyi paltarı geyinəcək, başqası kefi necə istəyir telefonla oynayacaq. Bu, olmaz. Mən müəlliməm, işim-gücüm tələbələrə telefonla oynamağı qadağan etmək deyil ki?!”

Sosioloq gənclərin davaya meyilli olmasının, mənfi davranışlarının bir səbəbini də son illərdə “vorzakonlar”ın güclü təbliğ edilməsi ilə əlaqələndirir:

“Gənclər çox zaman müəyyən mühitlərdə dava etməkdən, xoşagəlməz hərəkətlərdən çəkinirdilər. Lakin son zamanlar bir növ saymazlıq nümayiş etdirərək, rahat şəkildə hər məclisdə istədiklərini edə biləcəklərini düşünürlər. Son onilliklərdə “vorzakonları” çox təbliğ edirlər. Onlar qədər heç bir akademiki, elm xadimini, ziyalını reklam etmirlər. Gənclərimiz var ki, soruşsan, Rusiyada, Gürcüstanda və başqa ölkələrdə nə qədər “vorzxakon” var, ətraflı tanıyır.

40-50 il bundan əvvəl, gəncliyimizdə “oğru aləmi”nə mənfi baxırdıqsa, indiki gənclər üçün bu mühit doğmalaşdırılıb. Bütün bunların təsiri ilə insanlarda mənfi mənada rahatlıq yaranıb. İstənilən insanın, xüsusilə gənclərin bir xüsusiyyəti var – istəyirlər, özlərini təsdiq etsinlər. Əgər insanların ciddi işi, təhsili olsa, buna daha çox vaxt sərf edər və mənasız davranışlardan uzaqlaşar.

Amma düşünün ki, bir qrup gənclər işsizdir, bir qrup isə universitetə gedir, dərs oxumur. Əksər gənclər özünü nə təhsildə təsdiq etmək zərurəti hiss edir, nə də ki, çalışdığı işdə. Nəticədə özlərini təsdiq etmək üçün bir-birləri ilə ucuz davalara əl atırlar. Yəni gənc intellektual olaraq deyil, fiziki gücdə özünü təsdiq etmək istəyir. Düşünürəm ki, müvafiq dövlət qurumları bu məsələdə diqqətli olmalıdır. Lakin onlar nə problemin mahiyyətini bilir, nə də həll etmək üçün diqqət göstərirlər”.

Millət vəkili Zahid Oruc isə deyib ki, təhsillə bağlı danışarkən hər birimiz çox həssas və milli həyatımızın, varlığımızın fundamental sahəsi haqqında fikir bildirdiyimizin fərqində olmalıyıq. Deputatın sözlərinə görə, hökm xarakteri daşıyan, tam əhatəli olmayan qərarları verməməliyik:

“Bu da ondan ibarətdir ki, “təhsil sistemində kriminallığa yol açılır” deyənlər yanlış fikirdədir. Bu da cəmiyyətin özündə hər hansı ictimai münasibətlər sistemində problemlər varsa və bu məktəbin və ya ali təhsil ocağının kandarından keçirsə, bunu avtomatik müəllim-tələbə münasibətlərinin, təhsil proqramlarının üzərində analiz etmək düzgün deyil. Bütün çatışmazlıqlara baxmayaraq bütövlükdə məktəblərimiz cəmiyyət üçün normal vətəndaş yetişdirməyə çalışır. İlk növbədə mənəvi, intellektual, mühüm dövlət ideologiyalarının təbliği mənasında onların üzərinə böyük yük düşür. Bütün təhsil sistemimiz dövlətin həmişə yanında olub, onunla bağlı yürüdülən kursa söykənirlər. Digər tərəfdən, qeyd etdiyimiz kriminal hadisələr həmin məkanlarda baş verirsə, təhsil sistemini ləkələmədən “təhsil kriminallaşıb” kimi nəticə çıxarmadan problemləri həll etmək lazımdır.

Qəbul etməliyik ki, insanlar arasında problemlər hər sahədə ola bilər. ABŞ-da dəfələrlə mətbuatdan oxumuşuq ki, yüzlərlə cinayət, kriminal hadisələr baş verir. Bununla bağlı istər psixologiya üzrə ixtisaslaşmış şəxslər, valideyn institutları hərəkət keçirlər ki, problemin həlli üçün təhsil qurumlarının yanında olsunlar. Biz isə bir qədər əksinə hərəkət edirik”.

Problemləri həll etməyin daha qapalı, fərqli formalarını seçməli olduğumuzu vurğulayan deputat bildirib ki, xüsusi birliklər yaratmaqla mənfi hadisələrə qarşı mübarizə aparmaq olar:
“”Məktəbin dostları” formatı keçirilirdi. Bu çox yaxşı layihədir. Hesab edirəm ki, bunu genişləndirməliyik. Biz hər bir hadisədə mütləq mənfi tendensiyaları axtarırıq. Düşünürük ki, əgər bu cür şuralar yaradılacaqsa, birliklər formalaşdırılacaqsa, pul mexanizmlərinin, rüşvət sxemlərinin qurulması üçün formalaşacaq. Əslində belə deyil. Bu birlik kriminallığa qarşı dirənişin ən yaxşı formasıdır. Doğrudan da, bəzən qeydiyyatı olmayan, məktəbdən kənar qalan uşaqlarımız böyük təhlükəyə çevrilirlər. İlk növbədə öz ailələri üçün. Çünki həmin şəxslər xarici qüvvələrin də təsirinə tez düşür. Sonradan biz onlar hətta terror birliklərinin içərisində görürük. Biz onları sanki itirir, təhlükə mənbəyi kimi geri qazanırıq. Ona görə, məktəbdən kənar çevrə daha çox kriminallıqdır, nəinki məktəb cameəsi. Bıçaqlanma, hətta ölümlə yekunlaşan hadisələri bütövlükdə təhsilin mənəviyyatı, təhsilin durumu – təhsil hadisəsi kontekstində dəyərləndirməyimiz yanlış olar”.

Bənzər yazılar

Back to top button