AnalitikaBizim seçimSiyasət

İham Əliyevin hakimiyyətinin alternativsizliyinin səbəbləri nədir?

Rusiya, İran və regionun digər ölkələri ilə müstəqil siyasət yürüdən mövcud iqtidara ehtiyac Azərbaycanın milli və dövlət maraqlarının təmin olunması zərurətindən irəli gəlir

Məlum olduğu kimi, Azərbaycanın son illərdə əldə etdiyi inkişaf və geostrateji əhəmiyyəti baxımından Cənubi Qafqaz regionunun liderinə çevrilməsi uzun illər aparılan uzaqgörən və düşünülmüş daxili və xarici siyasətin nəticəsidir. Burada əsas rolun dövlət başçısı İlham Əliyevin apardığı uğurlu siyasətin cəmiyyətdə yaratdığı sabitlik və beynəlxalq münasibətlərdə düzənli və davamlı uğurların olduğunu da yaddan çıxarmaq olmaz. Dəyişən dünya düzəninin gətirdiyi yeniliklərə baxmayaraq, möhkəm təməllər üzərində qurulan bu siyasətin sonucunda Azərbaycanın müstəqilliyini daha da inkişaf etdirdiyi, bu məsələdə hər hansı dalğalanmaların mümkünsüzlüyü göz önündədir.

Azərbaycanın milli maraqlara söykənən xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetirir

Belə bir fakt mövcuddur ki, son illərdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq qarşısında əngəllər törədilməsi, ölkəmizə qarşı bir sıra hallarda əsassız ittihamlar irəli sürülməsi, qərəzli və saxta məlumatların yayılması yönündə düşmənlərimiz tərəfindən genişmiqyaslı iş aparılır. Ölkəmizin imicinə zərbə vurmağa, inkişaf və müstəqillik yolundan döndərməyə hesablanmış bu cür təxribatların qarşısı Azərbaycanın müasir, güclü dövlət kimi özünü sübut etməsi və ölkəmiz haqqında həqiqətlərin bütün dünyaya çatdırılması sahəsində görülən işlər, o cümlədən dövlət başçısının beynəlxalq platformalarda gerçəkləri ortaya qoyması sayəsində alınır.

Bu kontekstdən çıxış edərək, demək olar ki, Azərbaycan artıq xeyli müddətdir ki, müasir beynəlxalq münasibətlər sistemində bir çox dövlət tərəfindən etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Bununla belə, ölkəmiz xarici siyasət sahəsində milli maraqlar və beynəlxalq hüquq normalarının qorunması ilə yanaşı, sülh, sabitlik və inkişaf məqsədlərini əsas götürür. Üstəlik, Azərbaycan həm ikitərəfli, həm də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığı uğurla davam etdirir.

Bu baxımdan. Azərbaycan Prezidentinin mətbuata xüsusi açıqlamalarında Azərbaycanın xarici siyasəti məhz milli maraqlar üzərində qurulması barədə dəfələrlə qeyd etməsi önəm kəsb edir. Dövlət başçısının mövqeyinə uyğun olaraq birmənalı şəkildə qeyd etmək lazımdır ki, mövcud vəziyyət də regionda balans axtarışını deyil, xarici siyasətdə öz milli maraqlarını qorumağı və mümkün olan riskləri azaltmağı diktə edir. Bununla yanaşı, Azərbaycan milli maraqlara söykənən xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetirir.

Rusiya və İranla əlaqələrimiz sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyətə malikdir

Təsadüfi deyil ki, son illərdə Azərbaycan bütün qonşu dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu baxımdan, region ölkələri ilə, o cümlədən beynəlxalq münasibələr sistemində mühüm söz sahibi olan şimal qonşumuz Rusiya ilə, habelə Türkiyə və İran kimi böyük nüfuza malik olan qonşu dövlətlərlə əlaqələr sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Bununla yanaşı, regional əməkdaşlıq sahəsində mühüm tərəfdaşa çevrilən Gürcüstanın da ölkəmizlə eyni mövqedən çıxış etməsi, strateji əməkdaşlığın subyektinə çevrilməsi üçün Aəzrbaycan hakimiyyəti tərəfindən vaxtilə hakimiyyətə gələn Mixael Saakaşvili iqtidarına da böyük dəstək verilməsi milli və dövlət maraqlarından atılan addımların tərkib hissəsi olub.

Bu yerdə ekspertlərin vaxtaşırı vurğuladığı mühüm bir məqamı da xatırlatmaq yerinə düşər. Belə ki, regionda hər birinin özünəməxsus marağı olan Rusiya və İranla qurduğu normal əsaslara söykənən dostluq və əməkdaşlıq münasibətləri sayəsində tam şəkildə müstəqilliyini qoruyub saxlamaq və tamamilə müstəqil siyasət yürütmək Azərbaycandan başqa, regionun heç bir ölkəsinə müvəffəq olmayib. Dövlət başçısı da bu məqama toxunaraq, Ermənistan istisna olmaqla, son illər ərzində bütün qonşularla əlaqələrə xüsusi əhəmiyyət verdiyini, dostluq münasibətlərinin daha da gücləndirildiyini dəfələrlə vurğulayıb. Təbii ki, burada Azərbaycanın təşəbbüskarı ilə qonşularla həm ikitərəfli, həm də üçtərəfli, hətta dördtərəfli əməkdaşlıq formatının mövcud olması mühüm əhəmiyyət kəsb edir.

İlham Əliyevin rəhbərliyi ilə hakimiyyətin ölkəmizin idarəçiliyində perspektiv iştirakı vacibdir

Məhz bu reallıqlar Azərbaycanın transmilli layihələrin təşəbbüskarı olması, regionda ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının aparıcı fiquru olmasını şərtləndirir. Qeyd olunduğu kimi, Azərbaycanın regionda, eləcə də beynəlxalq səviyyədə əməkdaşlığa mühüm töhfələr verməsini ölkəmizin təşəbbüsü ilə həyata keçirilən geostrateji layihələr sübut edir. Bununla da, Azərbaycanın təkcə regionda deyil, həmçinin Asiya qitəsində və Avropada strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində rolu danılmazdır.

Buradan çıxan mühüm nəticə odur ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın geostrateji cəhətdən mühüm əhəmiyyət daşıyan qonşuları ilə yüksək səviyyədə münasibətlər yaradılması yönündə uzaqgörən və möhkəm əsaslara söykənən siyasət aparılması qlobal enerji və nəqliyyat layihələrini həyata keçirmək baxımından önəmlidir. Məhz bu səbəblərdən bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Bu faktdır ki, həmin sözügedən qonşuların dəstəyi və onlarla yaradılan əməkdaşlıq formatı nəhəng, transmilli layihələrin uğurla həyata keçirilməsi üçün strateji əhəmiyyətə malikdir.

Əlbəttə ki, Rusiya və İran kimi nəhəng qonşuların arasında yerləşən ölkənin siyasətini sözün əsl mənasında mustəqilliyin qorunması və strateji əməkdaşlığın inkişafı üzərində qurulması və bu əməkdaşlığın gələcəyə hesablanması böyük əhəmiyyət kəsb edir. Beləliklə, İlham Əliyevin rəhbərlik etdiyi hakimiyyətin ölkəmizin idarəçiliyində uzunmüddətli, perspektiv iştirakı milli və dövlət maraqlarının təmin olunması zərurətindən irəli gəlir. Bu reallıqlar isə ölkəmizin geostrateji və siyasi mövqeyinin təmin olunması, Azərbaycanın mustəqilliyini möhkəmləndirməsi və inkisaf etdirməsi baxımından mövcud iqtidarın alternativsizliyini ortaya qoyur.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button