Cəmiyyət

Cənub regionunda insan alveri ilə bağlı əhali məlumatlandırılır – layihə

Astara rayonunda ictimaiyyət nümayəndələri üçün “Cənub regionunda insan alveri və məcburi əməyə dair məsələlərdə əhalinin məlumatlandırılması” barədə təlim keçirilmişdir.
“Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Cənub regionunda insan alveri və məcburi əməyə dair məsələlərdə əhalinin məlumatlandırılması” layihəsi çərçivəsində Astara rayon mərkəzi kitabxanasında rayonda fəaliyyət göstərən qadın icmalarının, şəhid və əlillər cəmiyyətinin üzvləri, rayon ictimaiyyəti və təhsil şöbəsinin əmıkdaları, gənclər, tələbələr üçün insan alveri və məcburi əməyə həsr olunan məsələlərlə bağlı bir günlük təlim keçirmişdir. Təlimdə 50 nəfərdən artıq insan iştirak etmiş, insan alveri və onun doğurduğu nəticələr barəsində maarifləndirilmişlər. Təlimdə “”Hjüquqi Yardım” uctimai birliyinin sədri İlqar Qasımov insan alveri, bu bəlanı doğuran səbəblər, insan alverinin nəticələri, insan alveri ilə aparılan mübarizə, bu mübarizənin qanuni əsasları, məcburi əmək və onunla əlaqədar aparılan hüquqi tədbirlər və s. barədə təlim keçmişlər.
Tədbirdə insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, onların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesfik olan insan alveri formaları, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə məlumat verilib. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, onların müdafiəsi ilə bağlı nəzərdə tutulan çoxşaxəli tədbirlər, insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri, vətəndaşların insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri haqda danışılıb.
Təlimdə Astara şəhər icra aparatının hüquq şöbəsinin məsləhətçisi Eknur Rəsulov, Astara rayon Gənclər və idman idarəsinin rəis müavini İqrar Cəfərov, “Astara” qəzetinin baş redaktoru Fəridə Zöhrabqızı, Astara rayon mərkəzi kitabxanasının müdiri Tural Eyvazov və digər təşkilat, müəssisə və idarə rəhbərləri kollec tələbələri və məktəb şagirdləri, müəllimlər, Qarabağ müharibəsi iştirakçıları və s. iştirak etmişlər.Məruzə ətrafında müzakirələrdə Astara rayon Gənclər və idman idarəsinin rəis müavini İqrar Cəfərov, “Astara” qəzetinin baş redaktoru Fəridə Zöhrabqızı, Astara rayon mərkəzi kitabxanasının müdiri Tural Eyvazov və digər şəxslər çıxış etmiş və problemin həlli istiqamətində öz dəyərli təkliflərini və tövsiyyələrini vermişlər.
Təlimdə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” ətraflı təhlil edilmiş, Astara rayonu ərazisində fəaliyyət göstərən qictimaiyyət üzvləri üçün insan alveri ilə mübarizə barədə dolğun bilgilər verilmişdir.
Təlim interaktiv şəraitdə davam etmiş və təlimin sonunda iştirakçıların çoxsaylı sualları təlimçi tərəfindən ətraflı cavablandırılmışdır.
Təlimdə həmçinin bütün iştirakçılara “Hüquqi Yardım” ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gətirdiyi “İnsan alveri ağır cinayətdir” adlı bukletlər paylanılmışdır.
“Hüquqi Yardım” İB-nin
 mətbuat xidməti.

 

Bənzər yazılar

Back to top button