Siyasət

Leo Dokerti: “Böyük Britaniya Azərbaycanda insan hüquqları sahəsində irəliləyişi dəstəkləməyə hazırdır”

Böyük Britaniyanın Avropa üzrə naziri Leo Dokerti təhlükəsizlik, ticarət və mədəni əlaqələr sahəsində daha çox əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Dokerti Azərbaycanda ən böyük xarici investor kimi Böyük Britaniyanın ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək və Azərbaycanın bərpa olunan enerji potensialından istifadəsinə imkan verəcək enerjiyə keçid prosesini təşviq etmək üçün unikal mövqeyini vurğulayıb.

“Böyük Britaniyanın geri qaytarılan ərazilərdə minaların təmizlənməsi sahəsində aparıcı rolu Londonun regionda sülhün tərəfdarı olmasının bariz nümunəsi kimi qeyd olunub və bu, Böyük Britaniya təcrübəsinin Azərbaycana necə dəstək verdiyini göstərir”, – məlumatda deyilir.

İran və Rusiyanın sabitliyi pozan davranışlarını qəbul edən nazir həmçinin Böyük Britaniyanın Azərbaycana kibertəhlükəsizliyini artırmaq və hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirmək üçün dəstək təklifini təkrarlayıb.

Dokerti qeyd edib ki, Böyük Britaniya uğurlu və firavan Azərbaycan üçün vacib olan insan hüquqları sahəsində irəliləyişi dəstəkləməyə hazırdır.

Bayramovun britaniyalı nazir ilə görüşü tərəflər arasında beşinci strateji dialoq çərçivəsində keçirilib. Həmçinin Azərbaycanın xarici işlər naziri britaniyalı həmkarı Ceyms Kleverli ilə görüşüb.

Ceyhun Bayramovun səfəri son 10 ildə Azərbaycan xarici siyasət idarəsi rəhbərinin ilk səfəridir.

Bənzər yazılar

Back to top button