Siyasət

Bir gün Paşinyanı da AŞPA-nın tribunalarında görsək…

Bəli, əgər desək ki, hər il qış ssessiyasında Avropa Şurasında Azərbaycana qarşı haqsız çıxışlar etmək bir nöz adət halını alıbdır, elə də mübaliğəyə varmarıq. Odur ki, bu dəfə də belə oldu: yenicə işinə başlamış qış sessiyasında Azərbaycanda guya insan haqlarının və demokratiyanın pozulması haqda çıxışlar səsləndi. Maraqlısı budur ki, bu çıxışlar ölkədə elə bu həftənin sonunda baş tutacaq parlament seçkisi ərəfəsində səsləndi və belə bir hal təbii ki, ciddi suallar doğurdu.

Birincisi, azı yarım əsrdən çox demokratiyaya nəzarət təcrübəsi olan Avropa Şurasının Parlament Assambleyası Azərbaycandakı “vəziyyətə” qiymət verməyə niyə belə tələsdi? Avropalı deputatlar niyə seçkinin bitməsini gözləmədi? Belə tələskənliyi necə yozmaq olar: Azərbaycanda aparılan islahatları indidən qaralamaq cəhdi kimi, yoxsa seçki ərəfəsində Azərbaycana təzyiq göstərmək istəyi kimi?

İkincisi, niyə görə eyni bir münasibət Ermənistana qarşı sərgilənmir? Niyə AŞPA hələ də bu iki ölkəyə münasibətdə fərqli meyarlardan çıxış edir? Məsələn, avropalı deputatlar özlərinə hesabat verirlərmi ki, bir vaxtlar təşkilatlarının tribunasını səxavətlə həvalə etdikləri R.Koçaryan artıq həbsdədir, S.Sarqsyanın isə həbs olunacağı haqqında çox ciddi xəbərlər gəzir? Onlar fərqindədirlərmi ki, vaxtilə çox yüksək qiymət verdikləri Ermənsitan seçkilərinin indi böyük saxtakarlıqlarla müşayiət olunduğu bildirilir və bunu başqa bir ölkənin və yaxud da təşkilatların təmsilçiləri yox, elə onun hazırki hakimiyyəti deyir…

Robert Koçaryana qarşı irəli sürülən çox ciddi ittihamlar, Serj Sarqsyanla bağlı səslənən fikirlər, sonuncunun hakimiyyətini uzatmağa cəhd etməsi və bu məqsədlə hətta ölkə konstitusiyasına dəyişikliklər etməsi belə deməyə əsas verir ki, ən azı son iyirmi ildə (hətta bundan da bir az çox!) Ermənistanda ən elementar hüquqlar belə pozulubdu və ölkə avtoritar üsullarla idarə olunubdur.

Elə Sarqsyanın inqilab yolu ilə hakimiyyətdən uzaqlaşdırılması faktının özü çox şey demirmi? Harada görünübdür ki, demokratik ölkədə inqilab olsun?..
Məsələn, elə Avropa institutlarının özləri bizə öyrətməyiblərmi ki, demokratik ölkələrdə bütün problemlər demokratik seçkilərlə, referendum və ya plebesitlərlər həll olunur? İnqilablar isə tiranlara və ya avtoritar liderlərə qarşı olur.

Bir az əvvəldə qeyd etdik ki, son bir ildə Azərbaycanda çox ciddi islahatlara start verilibdi və bu həftənin sonunda baş tutacaq növbədənkənar parlament seçkiləri də bu islahatların davamıdır. Yada salaq ki, hökumətdəki ciddi addımlardan başlayan bu islahatlar parlament seçkisilə bitməyəcək, qarşıda məhkəmə və hüquq sistemində də analoji addımların atılacağı gözlənir.

Əlbəttə, heç kim iddia etmir ki, Azərbaycanda insan haqlarının və demokratiyaının vəziyyəti ideal haldadır. Yox, heç yerdə belə olmur və müəyyən nöqsanları hər yerdə tapmaq olar. Amma bir daha deyirik ki, parlament seçkilərinin gedişini axıracan izləmədən, onların nəticələrini gözləmədən ölkədə insan haqlarının vəziyyəti və demokratiya ilə bağlı hansısa qiymətləndirmə verməyə çalışmaq, ən yaxşı halda təcrübəsizlik, adi bir halda isə yalnız qərəzçilik kimi dəyərləndirilə bilər.

Üstəlik, yenə də Ermənistanla paralellər aparsaq görərik ki, bu ölkənin yeni, “inqilabi” hakimiyyəti də insan haqlarına və demokratiyaya qarşı elə də diqqətcil və həssas deyil; tez-tez mətbuat və söz azadlığı müstəvisində ciddi pozuntular, siyasi rəqiblərə və opponentlərə qarşı dözümsüzlük halları, xüsusən də orduda əsgərlərə qarşı zorakılıqlarla bağlı xəbərlər eşidilir. Elə dünyanın aparıcı demokratik ölkələrinin, xüsusən də ABŞ və Avropa kimi demokarik ölkələrin hakimiyyətlərinin Ermənistanın yeni hakimiyyətinə, eləcə də onun lideri N.Paşinyana qarşı soyuq münasibəti son iki ildə bu ölkədə aparılan guya ki, “demokratik proseslər”ə yetərincə işıq salmırmı? Erməni diasporunun səylərinə baxmayaraq nəinki N.Paşinyanın özü, hətta onun komandasının üzvləri belə hələ də ABŞ-ın ali siyasi dairələri tərəfindən qəbul olunmayıblar.

Hətta sonuncu dəfə ABŞ-da olarkən Paşinyanı yalnız Kaliforniyanın merinin müavini qəbul etmişdi. Razılaşın ki, əsl demokratik liderlərə qarşı belə soyuq münasibət olmur. Amma bir gün Paşinyanı AŞPA-nın tribunalarında görsək, buna təəccüblənmərik, ən azı ona görə ki, belə bir prinsipsizlik və relyativizm bu təşkilatın təcrübəsində çox olub: əgər bir vaxt R.Koçaryan və S.Sarqsyan həmin o tibunalarda görünürdüsə, niyə belə bir xidmət Paşinyana göstərilməsin?..

Bəli, biz buna bilavasitə xidmət deyirik, çünki yalnız nəyinsə müqabilində, hansısa xidmətə görə insanlar, o cümlədən siyasi liderlər layiq olamadıqları bu və ya digər “diqqət”ə layiq görülə bilərlər…

Qaynar Analitik Qrupu

Bənzər yazılar

Back to top button