GündəmHadisəManşetXəbərlər

Vəkildən Leyla Şıxlinskaya ittiham: «İstintaqa təsir göstərir»

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Leyla Şıxlinskayanın onun adını daşıyan klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova barəsində irəli sürdüyü iri məbləğdə oğurluq iddiasını iki ilə yaxın araşdırandan sonra onun əssasız olduğu qənaətinə gəlib. Lakin Leyla Şıxlinskaya keçmiş baş mühasibdən qisas almaq cəhdlərini dayandırmayıb və bu dəfə havadarlarının köməyi ilə işin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilməsinə nail olub.

Bu barədə virtualaz.org-a açıqlamasında Şəhla Abbasovanın vəkili Elçin Sadıqov bildirib.

Xatırladaq ki, virtualaz.org saytı ötən buraxılışlarından birində “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasovanın şikayətini dərc edib. Şikayətçi bildirirdi ki, “Leyla Şıxlinskaya” klinikasında 2011-2013-cü illərdə baş mühasibin vəzifəsini icra edib. Həmin müddətdə dəfələrlə Leyla Şıxlinskayanın kobud rəftarına, təhqirlərinə məruz qalıb. Növbəti belə hallardan birində Şəhla Abbasova cavab qaytarmağa məcbur olub və ərizəsini yazaraq işdən çıxıb. Daha sonra ona məlum olub ki, Leyla Şıxlinskaya barəsində DİN-ə şikayət ərizəsi göndərib.

Ərizədə keçmiş balerina, xalq artisdi bildirirdi ki, Şəhla Abbasova klinikanın qara kassasından, yəni vergidən yayındırılan gəlirlərindən üst-üstə 1 milyon manata yaxın vəsaiti oğurlayıb. Həmin vaxtdan etibarən dörd ildir ki, hüquq-mühafizə orqanları bu iddia üzrə istintaq aparrır və keçmiş baş mühasibin həyatı cəhənnəmə çevrilib. O, heç vaxt üzünü görmədiyi pulları oğurlamadığını deyir, hüquq-mühafizə orqanları da oğurluq faktını təsdiq edən dəlil-sübut tapa bilmir, buna baxmayaraq vaxtaşırı olaraq qadını çağırıb dindirlər, tələb edirlər ki, Leyla Şıxlinskaya ilə anlaşsın. Keçmiş baş mühasib sensasion faktlar açıqlayaraq bildirmişdi ki, klinikada yarandığı vaxtdan bu yana qara mühasibatlıq mövcud olub, vergidən yayındırılan gəlirlər xarici ölkələrdəki hesablara, daşınmaz əmlak alınmasına və s. yönəldilib.


Vəkil Elçin Sadıqov virtualaz.org saytına açıqlmasında bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində də dəfələrlə Leyla Şıxlinskayanın iddiası əsasında cinayət işinin başlanılmasının rədd olunacağını deyiblər. Hətta bir dəfə cinayət işin başlanılmasının rədd edildiyi barədə qərar da verilib. Lakin Leyla Şıxlinskaya öz havadarları sayəsində işin təhqiqatının yenidən davam etdirilməsinə nail olub.

Vəkil müdafiə etdiyi şəxsə qarşı iş materiallarında, o cümlədən L.Şıxlinskayanın əlində heç bir sübut-dəlil olmadığını deyib:”Son dövrlərdə istintaq digər şahidlərə təzyiq etməyə başlayıb. İş üzrə şahidlərdən Şəhla xanımın əleyhinə ifadə almağa çalışırlar. Hətta istintaqdan bizə bildiriblər ki, burda cinayət tərkibi yoxdur. Amma Leyla Şıxlinskaya istintaqa qanunsuz təsir göstərir”.

Vəkil həmçinin bildirib ki, klinikadakı qara kassaya rəhbərlik edən şəxs L.Şıxlıinskayanın yaxın qohumudur, ailənin içərisindən biridir. Əgər qara kassadan hər hansı məbləğdə pul yeyilibsə bu, L.Şıxlinskaya və həmin kassir arasında yaranmış münasibətlərdən irəli gələ bilər.

”Mənim müdafiə etdiyim şəxsin hər hansı bir formada o məbləğdə pula çıxış imkanı olmayıb. Onun işi sadəcə olaraq pulların hesablanmasından və klinikanın leqal mühasibatlıq fəalyyətini tənzimləyib vergilərin ödənilməsini həyata keçirməkdən ibarət olub”-vəkil deyib.
“Leyla Şıxlinskaya Şəhla Abbasovaya qarşı aşıq-aydın qərəzçilik, düşmənçilik aparır. Bu qərəzli münasibət isə ondan irəli gəlir ki, Şəhla Abbasova onunla işləməkdən imtina edib, ərizə yazaraq işdən çıxıb. O, da bunun əvəzində baş mühasibi cəzalandıracağını vəd edib. Məhz bu qisas niyyətinin nəticəsi olaraq əsassız şikayətlərini davam etdirir. Hazırda digər işçiləri məcbur edir ki, Şəhla xanımın əleyhinə ifadə versin”-Elçin Sadıqov əlavə edib.

Vəkilin sözlərinə görə, hazırda iş üzrə heç bir istintaq hərəkətləri aparılmır, Leyla Şıxlinskayanın vergidən yayınma məsələsi isə ümumiyyətlə araşdırılmır: ”Kassadan pulun götürülməsi ilə bağlı istintaq hərəkətləri aparılmır. İstintaq yalnız Leyla Şıxlinskayanın yönəltdiyi istiqamətdə hərəkət edir. Klinikada qara mühasibatlığın tətbiq olunduğu ilə bağlı dəfələrlə vəsatətlər vermişik. Leyla Şıxlinskayanın vergidən yayınma məsələsinin araşdırılmasını, məsuliyyətə cəlb olunmasını tələb etmişik. Vəsatətlərimizin heç biri araşdırılamayıb. Leyla Şıxlinskayanın vergidən yayınma məsələsini istintaq araşdırmalı olduğu halda niyə araşdırmır? Əgər araşdırılarsa 2 milyon manatdan çox vergidən yayınma faktı tam sübuta yetiriləcək”.

Vəkil işə xitam verilməsi ilə bağlı istintaq orqanı qarşısında dəfələrlə vəsatətlər verdiklərini də bildirib. Elçin Sadıqov deyib ki, Şəhla Abbasova klinikadan hər hansı məbləğdə vəsait mənimsəməyib, buna dəlalət edən heç bir sübut yoxdur.


“Bizə ötən il məlumat verilmişdi ki, cinayət işinin başlanılması rədd olunub. Amma Leyla Şıxlinskayanın təsirləri nəticəsində yenidən cinayət işi başlayıblar. Hazırda da müstəntiq “Leyla Şıxlinskaya” klinikasına gedir, orada şahidlərə təsir göstərməyə çalışır, onları inandırmaq istəyir ki, Şəhla Abbasovanın əleyhinə ifadə versələr cəzadan azad olacaqlar”-Elçin Sadıqov əlavə edib.

Bu arada məlum olub ki, Şəhla Abbasovanın açıqladığı faktlar Leyla Şıxlınskayanı bərk hiddətləndirib. Məqalənin dərcindən sonra o, klinikanın personalını toplayıb, Leyla Şıxlinskaya işçilərin qarşısında deyib ki, heç kim onu bir məqalə ilə qorxuda bilməz və Şəhla Abbasovanın həbsinə nail olmaqda qərarlıdır.

Bununla belə Şıxlinskaya bildirib ki, keçmiş baş mühasibin açıqladıqları onun klinikasının imicinə ciddi zərbə vurub, buna baxmayaraq həkimlər öz işlərini görməkdə davam etməlidir. Xanım Şıxlinskayanın əsas narahatlığı ondan ibarət olub ki, keçmiş baş mühasib klinikanın qara kassasına cavabdeh olan Nadyanın adını çəkib. “İndi mən gərək Nadyanı qoruyam”-o, işçilərə bildirib.

Şıxlinskaya iclasda qəzəblə deyib ki, indiyə qədər necə işləyibsə bundan sonra da elə işləyəcək. Çünki güclü himayəçiləri var və heç kimdən çəkinmir.

Bənzər yazılar

Back to top button