DünyaGündəm

Bunu “Pirr qələbəsi” adlandırmaq olar

Almaniyada seçkilər başa çatdı. Hakim koalisiyaya Angela Merkelin başçılıq etdiyi 4 seçki ərzində ən az səs topladı. Bu qələbəni “Pirr qələbəsi” adlandırmaq mümkündür.

İkinci cahan savaşının dəhşətli nəticələri əsasında almanlarda nasizmə qarşı yaranmış immunitet artıq təsirini itirməkdədir. 72 il sonra millətçilər yenidən parlamentdə yer alırlar. Burada zaman məfhumundan əlavə son illər baş verən prosseslər, əsasən də Almaniyaya qaçqın axını ciddi rol oynadı.

Düzdür, millətçilərin ötən əsrin 20-30-cu illərindəki kimi kəskin yüksəlişi mümkünsüz görünür. O zaman Birinci cahan savaşından sonrakı Versal sülhünün ağır şərtlərinə 1929-1933-cü illərin böyük böhranı əlavə olundu, bu da nasistlərin işinə yaradı. 1928-ci il parlament seçkilərində 2,6% səs toplayan NSDAP cəmi 4 il sonra 33% səs toplayaraq seçkilərin qalibi oldu.

İndiki Almaniyada belə sarsıntılar gözlənilmir. Xüsusən də indiyə qədər Merkellə koalisiya ortağı olan sosial-demokratların müxalifətdə qalmaq qərarını düzgün sayıram. Belə olan halda hökumətin siyasətindən narazı olan insanların səsi radikallara deyil, sosial-demokratlara yönələ bilər.

Lakin hər halda millətçilərin yüksəlişi xoşagələn hal deyil. Ölkə səviyyəsində mümkün görünməsə də bəzi şəhərlərdə, xüsusən qaçqın çoxluğundan əziyyət çəkən şəhərlərdə idarəçiliyi əllərinə keçirə və ya bu idarəçilikdə ciddi söz sahibi ola bilərlər.

Güman edirəm ki, bunun qarşısını almaq üçün Merkel miqrant siyasətində ciddi korrektələr etməli olacaq və qaydaları sərtləşdirəcək.

Mənbə – arqument.az
Yadigar Sadıqov

Bənzər yazılar

Back to top button