Siyasət

‘Ciddi işlər görülməyib… amma öhdəliklər götürür’

Dekabrın 17-də Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” Saziş imzalandı. Bundan əvvəl oxşar saziş İtaliya ilə də gerçəkləşmişdi. Azərbaycanın həmin ölkələrə yaşıl enerji (külək, günəş və s.) ixrac edəcəyi və siyahıya başqa Avropa ölkələrinin də əlavə ediləcəyi deyilir. Lakin Azərbaycanın özündə, hələlik, yaşıl enerjiyə keçid baş verməyib. Ölkədə, əsasən, ənənəvi enerji resurslarından istifadə olunur.

Bərpa olunan enerjinin ənənəvi enerjidən daha ucuz olduğu deyilir və o, ekologiya baxımından daha üstün tutulur. 2021-ci ildə dünyada yaşıl energetikaya yatırımların həcmi 755 milyard dollar təşkil edib. Ən çox investisiya cəlb edən ölkə isə Çin olub.

Buxarestdə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin potensialını belə dəyərləndirib: “…Quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat (QVt) təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq”.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən “Turan”a bildirilib ki, Yaponiyanın “TEPSCO” şirkətini cəlb etməklə “İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası” Konsepsiyası hazırlanıb.

Qeyd olunub ki, Azərbaycanın digər iri şəhərlərində də yaşıl enerjiyə keçid planlaşdırılır: “Bununla bağlı əməli addımlar atılır. Bu il 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının, 240 MVt-lıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlinin qoyulması buna misal ola bilər. Hazırda ölkəmizdə 30 su elektrik stansiyası, dörd külək elektrik stansiyası, səkkiz günəş elektrik stansiyası, üç hibrid elektrik stansiya və bir bərk məişət tullantılarının yandırılması zavodu fəaliyyət göstərir”.

Əlavə edilib ki, Azərbaycanda yanvar-noyabr aylarında ötən ilin eyni dövrünə nisbətən, su da daxil olmaqla, bərpa olunan mənbələrdən 354.9 mln. kVt·st artıq enerji istehsal edilib. İstehsal 1 mlrd. 855.4 mln. kVt·st-a çatıb.

İqtisadçı Qubad İbadoğlunun isə AzadlıqRadiosuna bildirməsinə görə, daha yaxşı olardı ki, yaşıl enerjinin hasilatı əvvəl Azərbaycanda təmin olunsun, sonra isə onun ölkənin enerji sisteminə inteqrasiyası və ixracı gerçəkləşdirilsin: “Təəssüf ki, Azərbaycanda bu proses əlaqəli şəkildə inkişaf etmir”.

Onun fikrincə, Azərbaycanda yaşıl enerji sahəsində ciddi işlər görülməyib: “Amma Azərbaycan artıq indidən onun ixracı ilə bağlı Avropa ilə əməkdaşlıq istiqamətində öhdəliklər götürür”.

İqtisadçı qeyd edib ki, sazişin reallaşdırılması yalnız Azərbaycan və Gürcüstanda yaşıl enerjinin ehtiyat səviyyəsindən yox, həm də Rusiya-Ukrayna müharibəsindən asılıdır: “Çünki bu xətt və infrastruktur Qara Dəniz üzərindən keçməlidir. Bunu təmin etmək üçün mütləq müharibənin bitməsini gözləmək lazımdır”.

Q.İbadoğlu deyir ki, Azərbaycanda yaşıl enerji ilə bağlı ən çox sərmayənin işğaldan azad olunmuş ərazilərə yönəldilməsi nəzərdə tutulur: (Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsi ilə Qarabağın bir hissəsi və 7 rayona nəzarəti bərpa edib) “Orada isə biznes mühiti qapalıdır və şəffaflıq, hesabatlılıq təmin olunmur. Eyni zamanda, dövlət sifarişlərinin icrasında açıq və rəqabətli tender aparılmır. Bu baxımından ayrıca olaraq biz yaşıl enerji sektorunu korrupsiyasız təsəvvür edə bilmərik”.

Onun sözlərinə görə, əhali üçün bərpa olunan enerjinin qiymətləri o zaman sərfəli ola bilər ki, o sektorda rəqabət təmin olunsun: “Eyni zamanda, əhalinin özünün də bu sahədə istehsal təşəbbüsləri dəstəklənsin. Həmin istehsal olunmuş məhsulun infrastrukturu dövlət tərəfindən təmin olunsun. Belə olan halda bərpa olunan enerjiyə keçid daha sürətlənə bilər. Amma indiki halda bərpa olunan enerjinin qiymətləri yüksəkdir”.

Bənzər yazılar

Back to top button