AnalitikaManşetÖnə çıxanlarSiyasət

2 İlham Rəhimov – 3-cü də varmı?!

Vurulan təkcə İlham Rəhimovdur, yoxsa həm də Eldar Həsənov?!

“Putinin dostu” kimi tanınan, rusiyalı, həm də azərbaycanlı milyarder kimi ün çıxaran İlham Rəhimov özünün maraqlı personası və təlatümlü şəxsi həyatı ilə hər zaman özünün gündəmdəki yerini qoruyub saxlamağı bacarır. Biz təbii ki, onun şəxsi həyatı ilə bağlı bu yazımızda heç nə yazmayacağıq, çünki məsələ o qədər mühümdür ki, bu, digər bütün məqamları kölgədə qoyur. İlham Rəhimov kimdir? O, həqiqətənmi Rusiyanın Qafqazda, özəlliklə, Azərbaycanda sərdarı – canişinidir? Yoxsa bəzilərinin iddia etdiyi kimi Putinin adı onun üçün sadəcə, “şirma”dan başqa bir şey deyil?

Son günlər Azərbaycanın azadlıqları məhdudlaşdırılmış bir çox mətbuat orqanlarının onun haqqında yazdıqları beyinlərdə müxtəlif suallar yaradır. Azərbaycan hakimiyyətinin İlham Rəhimov haqqında yaratmaq istədiyi obraz nədir? İqtidar bütünlükləmi, yoxsa bəzi klanları tərəfindən ona mesaj verir? Bunlardan başqa, İlham Rəhimova verilən mesajlar onun özünə, yoxsa Rusiyaya, məxsusən Putinədir? Və… bu suallar və cavablar burulğanında İlham Rəhimov tək özüdürmü, yoxsa onun yanında Azərbaycanın daha başqa qüdrətli məmurları var?

Təbii ki, bütün bu suallara obyektiv cavab vermək mümkün deyil. Onun haqqında yazılanlar iki ayrı dünya qədər fərqli mövqelərdir. Əlbəttə, mətbu orqanlar da əvvəlki azad və müstəqil media qurumları deyil. Belə olsaydı, yazılanların bəlkə də üstündən sakitcə keçmək mümkün idi. Lakin indiki media qurumları böyük oliqarxik dövrün böyük media qruplarıdır. Bu media qruplarında bu miqyasda şəxslər haqqında özfəaliyyət yazılar yazılmır. Artıq Azərbaycan reallığı odur ki, bu tip qəzet-sayt və telekanallarda qoyulan hər nöqtə-vergülün də əhəmiyyəti var və o baxımdan, son zamanlar Putinin dostunun haqqında yazılanlar çox düşündürücüdür.

Birinci İlham Rəhimov

İki İlham Rəhimov obrazı yaradılır Azərbaycan cəmiyyətində. Biri Rusiyanın dəstəklədiyi “Qafqazın sərdarı kimi Bakıda oturmaq, general-qubernator və İvanişvili statusuna iddia etmək”dir ki, bunu Mirşahin narahat halda deyir. Mirşahin davam edir “bu, olduqca təhlükəli tendensiyadır. Dünyada belə – “Putinin sinif yoldaşı” kimi siyasi əqidə yoxdur.”

İstərsəniz sitatlara davam edək: “Mən Rusiya milyarderi İlham Rəhimovun Bakıda aktivləşməsindən narahat olan jurnalist Eynulla Fatullayevi gözəl başa düşürəm” deyir Mirşahin və davam edir: “İlham Rəhimovun bəzi bəyanatları özünü Azərbaycanda Rusiyanın qeyri-rəsmi projesi elan etmək cəhdi kimi qiymətləndirilməlidir.”

“Yeri gəlmişkən, bu adamın xaricdə oturan və Azərbaycanı ittiham edən insanlara hücum etdiyini görməmişəm. Maraqlanmaq lazımdır: Azərbaycanın öz İlhamı var, yad İlham kimə lazımdır?” – Mirşahin bu cür mövqeni heç bir halda öz düşüncəsi olaraq söyləyə bilməz. Ortada elə bir ANS təcrübəsi var ki, onun belə özfəaliyyətinin nə ilə nəticələnə biləcəyini onun özündən yaxşı heç kim bilə bilməz təbii ki.

Mirşahin İlham Rəhimovu “Milyarderlər ittifaqı” üzvləri haqda danışmamaqda qınayır. Onun Abbas Abbasov və digərləri barədə çıxışlarına rast gəlinmədiyi haqqında hakimiyyətyönlü ekspertlər həyəcan təbili çalır. Sirr deyil ki, “Milyarderlər ittifaqı” Rusiyanın ehtiyat kartlarından biridir və Moskva bu cür kartları xərcləməyərək postsovet respublikalarına qarşı hazır saxlayır.

Bir müddət əvvəl daha bir güclü hakimiyyət nümayəndəsi İlham Rəhimovun ünvanına tənqidlə parlamentin plenar iclasında çıxış etmişdi. Bu deputat bütün qruplaşmalarüstü mövqe sərgiləməklə tanınmağa çalışan hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, “prezidentin adamı” Siyavuş Novruzovdan başqası deyildi. Hər zaman daha çox prezidentin sözcüsü kimi çıxış etməyə cəhd edən S.Novruzov demişdi: “İlham Rəhimov iki gündən bir müsahibə verərək, deputatları ittiham edir. Bu adam Rusiyada yaşayır. İndiyə kimi Rusiya mətbuatında onun Azərbaycanın problemləri ilə bağlı hansısa yazısını görmüsünüzmü?
Özünü cinayət hüququ üzrə professor adlandırır. İndiyə kimi xalqımıza edilən cinayətlərlə bağlı hansısa araşdırmalar aparıb ortaya qoyub ki? Deyir ki, Milli Məclisdəkilər məni tanımırlar. Biz hər kəsi yaxşı tanıyırıq, o cümlədən onu da.”

Hakimiyyətə xidmət edən müşahidəçilər və siyasi ekspertlər Bakıda Rusiya milyarderi İlham Rəhimovun siyasi aktivliyini qeyd edirlər. Onların qənaətlərinə görə, bu yaxınlarda o, Azərbaycanda siyasi ambisiyalarını açıq şəkildə nümayiş etdirməyə başlayıb və Bakıda siyasi təsir uğrunda mübarizə aparmaq niyyətlərini gizlətmir.

İlham Rəhimovun aktivləşməsi hakimiyyətyönlü mediada bir çox suallar doğurur, çünki onun bütün işi Rusiyada cəmləşir. Bakıda isə milyarder əsasən sosial-siyasi fəaliyyətlə məşğul olur, tez-tez bəyanatlar verir, ölkənin daxili həyatına qarışır, Rusiya-Azərbaycan münasibətlərinin təminatında xüsusi qarant roluna iddia edir.

Siyavuş Novruzovun, Eynulla Fətullayevin və Mirşahin Ağayevin sıralamayla İlham Rəhimovla bağlı çıxışları görünür ki, hansısa hakimiyyətdaxili informasiyalara söykənir. Professor-oliqarxın bir siyasi layihə olduğu iddiası irəli sürülür.

İkinci İlham Rəhimov

Birinci İlham Rəhimovun tanımlanması qorxuducudur – “Rusiyanın adamı”, “Azərbaycanı qarışdırmaq istəyən oliqarx”, “Azərbaycanın əleyhinə fəaliyyət göstərdikləri məlum olan “Milyarderlər İttifaqı” haqqında susan və heç nə danışmayan adam.” Bunlardan başqa, “Rusiyanın Azərbaycandakı canişini, hətta İvanişvilisi olmağa cəhd edən birisi.” Adına belə etiraz olunan bir zəngin – “bizə bir İlham lazımdır, yad İlhama ehtiyacımız yoxdur”.

Bunun tamamən tərs istiqamətində bir yazı-mədhiyyə isə tamam qarşı qruplaşmadan gəldi. Hər zaman siyasi gündəmin nəbzini tutan, bu “Nuhun tufanı”ndan salamat çıxmaq üçün olduqca ehtiyatlı davranmağa çalışan “Yeni Müsavat” isə ənənəsinə sadiq qalaraq İlham Rəhimova sanki “oksigen nəfəsi” verməyə çalışdı. İndiki məqamda bu yazını “Yeni Müsavat”ın özünə məxsus hesab etmək, bizcə sadəlövhlük olardı. Yuxarıda qeyd olunan ittihamlar səslənəndə sakitcə dayanıb gözləyən keçmiş “müxalifətin möhkəm qalası”, bu gün çox mübhəm şəkildə əvvəl səslənən bütün ittihamların cavabını verdi – özü də “68 yaşlı müdafiə qalası” başlığı ilə. Həm də İlham Rəhimovun 68 yaşını bəhanə edərək. Bu “nə turşu, nə lahana”?! 68 yaş yubiley yaşı deyil, yuvarlaq da deyil, qoşa rəqəm də deyil, heç baş-ayaq da deyil. O zaman bu nə yaş qutlamasıdır belə?! Görünür ki, bu yazı professora yönəldilən ən müxtəlif ittihamların cavabını vermək üçün yaxşıca bir bəhanə kimi istifadə olunub. Kim bilir, bəlkə yazıda səsləndirilən arqumentlərin dərci üçün indi icazə verilib, ya da razılıq alınıb. Heç kimə qəribə gəlməsin, bir az yuxarıda yazmışdıq ki, indiki məqamda bu cür kritik yazılar dərc etmək, yalnız və yalnız qruplaşmaların güc göstərisindən başqa bir şey deyil.

O baxımdan, İlham Rəhimov haqqında əvvəlcə deyilən, səsləndirilən ittihamların cavablarını diqqətdən keçirək. O zaman hər şey aydın olacaq.

“Yeni Müsavat”da dərc olunan yazıda deyilir:

“Çağdaş dünyanın düzəninə baxdıqda güclülərin və haqlıların savaşında birincilərin qalib gəldiyini görürük. Bu qalibiyyətlər güclüləri haqlı qılmasa da, haqlıların gücünü azaldır. Belə durumlarda millətə özünəinam öyrədən, onu yılmağa qoymayan, ruhunu ayaqda tutan aydınlar olur. Hər millət aydınlarının zəka gücü, miqyası qədər böyükdür.”

“Dünyanın iki supergücündən biri olan nəhəng Rusiyanın hüquq sisteminin müəllifləri azərbaycanlı həmkarları ilə minillərdir ən müxtəlif sivilizasiyaların təklif etdiyi ədalət anlayışına professor Rəhimovun traktovkasını qızğın müzakirə edirdilər. Humanizm prinsiplərinin adət etdiyimiz kimi yalnız cinayəti törədənə deyil, qurbana da şamil edilməsi təklif olunan əsər daşlaşmış hüquq sistemi ənənələrini dağıdaraq yeni bir baxış təklif edirdi. Əks arqumetlərlə yanaşma tərəfdarlarının mövqeyi bir-birini üstələdikcə, professor Rəhimov humanizmə dayanan nəzəriyyəsini daha tutarlı faktlarla müdafiə edirdi.” Diqqət edin, bu, birəbir Siyavuş Novruzovun bu cümləsinin cavabıdır: “Özünü cinayət hüququ üzrə professor adlandırır. İndiyə kimi xalqımıza edilən cinayətlərlə bağlı hansısa araşdırmalar aparıb ortaya qoyub ki?”

“…Professor İlham Rəhimovu Azərbaycan, bütünlükdə millət üçün dəyərli edən təkcə onun elm və biznes dünyasının avtoritetlərindən olması deyil. O, dünyanın iki supergücündən birinin lideri – Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə şəxsi dostluğu sayəsində Rusiyada yaşayan yüzminlərlə azərbaycanlı üçün miqyası ölçüyə gəlməz müdafiə qalası qurub.

Heç kimə sirr deyil ki, bu gün Azərbaycan ailələrinin ciddi bir hissəsi Rusiyada yaşayan soydaşlarımızın maddi dəstəyi ilə ayaqdadır. O da sirr deyil ki, yaxın keçmişə qədər azərbaycanlılar Rusiyada ən çox sıxışdırılan əməkçi miqrantlar sırasında yer alırdılar. Putin-Rəhimov dostluğu və Rusiyanın siyasi elitasının bu gerçəyi qəbul etməsi soydaşlarımıza qarşı əski baxışı ciddi şəkildə dəyişib. Artıq Rusiyanın iqtidar təmsilçiləri fərqidədirlər ki, azərbaycanlılara qarşı kütləvi xarakter ala biləcək hər hansı addımın cavabını iqtidarın şəriksiz sahibi prezident Putinin dostuna verməli olacaqlar. Rusiyada bu üstünlükdən yararlanıb baş verənlərin fərqində olan və olmayan azərbaycanlıların sayı yüz minlərlə ölçülür və sayı 300-lər, 500-lərlə hesablanan ünvanlı xeyriyəçilik tədbirləri bu nəhəng rəqəmlərin kölgəsində qalır.” – Burada isə Siyavuş Novruzovun: “Bu adam Rusiyada yaşayır. İndiyə kimi Rusiya mətbuatında onun Azərbaycanın problemləri ilə bağlı hansısa yazısını görmüsünüzmü?” iddiasının cavabıdır, Mirşahinin “Dünyada belə – “Putinin sinif yoldaşı” kimi siyasi əqidə yoxdur” sözlərinin əksinə söylənən arqumentdir. Bir tərəf Putini və onunla dostluğu göylərə qaldırarkən, digər tərəf Putinlə dostluğu göylərdən yarin dibinə tolazlayır. Nə qədər ibrətamizdir, deyilmi?!

“68 yaşının tamamında ulu Tanrıdan sayğıdəyər professor İlham Rəhimova yüksəliş dolu illər arzulayırıq. Zamanın sınağı ilə güclü ola bilməsə də haqqını sübut etmək, ruhunu ayaqda saxlamaq, özünü təsdiq etmək üçün millətin onun kimi aydınlara çox ehtiyacı var.” – Sonda rəqiblərinə sillə kimi cavab! Bu da Mirşahinin “Azərbaycanın öz İlhamı var, yad İlham kimə lazımdır?” arqumentinin qarşısına çıxarılan “68 yaşının tamamında ulu Tanrıdan sayğıdəyər professor İlham Rəhimova yüksəliş dolu illər arzulayırıq” türklər demiş, tokat kimi cavabı. Vəssalam.

İlham Rəhimova bu hücum nədən?!

Biz sadəcə hakimiyyətyönümlü qəzet-sayt-televiziya-deputat zümrələrinin bir adam haqqında səsləndirdiklərini sırası ilə düzdük. Qalır insanların özlərinin nəticə çıxarmasına. İlham Rəhimovun adını belə qəbul etməyən ilk qrupun hakimiyyətin böyük və qüdrətli bir qoluna bağlı olduğu deyilir. Cənab Fuad Ələsgərovun rəhbərlik etdiyi deyilən bu qruplaşma mediada getdikcə gücünə güc qatan bir nəhəng yapılanmadır. İkinci media qrupunun isə ənənəvi media qruplaşmasına bağlı olduğu bilinir. Bu qruplaşmanın əlaqələndiricisi isə prezidentin köməkçisi Əli Həsənov cənablarıdır. Deməli, cənab Fuad Ələsgərovun media qrupu bütün gücü ilə İlham Rəhimovun üzərinə gəlir, cənab Əli Həsənovun media qruplaşması isə İlham Rəhimovu müdafiə edir. Bir daha təkrarlamağı məqbul hesab edirik ki, bəlkə də normal media müstəvisində bunu iddia etmək mümkün olmazdı, amma indiki media şərtlərində bu qədər kəskin yanaşmaların olması sadə hadisə deyil – bunun adı düpədüz hakimiyyətdaxili qarşıdurma, ya ziddiyyətdir. Təbii ki, ən yumşaq deyilişi ilə.

İlham Rəhimov bu mübarizədə təkdirmi? Zənnimizcə, yox. Onun Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovla həm dost olduğu, həm də bəzi siyasi məsələlərdə birlikdə hərəkət etdiyi məlumdur. Qıcıq yaradan amillərdən birinin də bu olduğu söylənilir. Eldar Həsənovun nə qədər güclü və əlaqəli şəxs olduğunu hakimiyyətdə bilməyən yoxdur – məxsusən İlham Rəhimovu bitirmək istəyən qruplaşmanın rəhbərinin Eldar Həsənovla xoş olmayan münasibətinin illər əvvələ dayandığını Azərbaycanda hamı bilir. Bu da məsələnin nə qədər mürəkkəb olduğunu gözlər önünə sərir. Deməli, bir qruplaşmanın vurduğu, digərinin qoruduğu və İlham Rəhimov kimi görünən hədəfin özü də elə bir qruplaşmadır. Eldar Həsənovun başını çəkdiyi bu qruplaşmanın kimlərdən ibarət olduğu isə tamam başqa bir söhbətin mövzusudur.

Bəs Putin kimin yanında olacaq? Bu qruplaşmada kimlər var? Kim olacaq bu savaşın qalibi? Suallar nə qədər ritorik olsa da, yeni yaranan vəziyyət düşündürücüdür.

Üçüncü İlham Rəhimovmu var?!

“X” Analitik Qrupu

Xural.com

Bənzər yazılar

Back to top button