Xəbərlər

İsa Qəmbər hakimiyyətdəki Rusiyanın adamlarından danışdı (Müsahibə)

Postsovet məkanı yalnız Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan gərginliyi ilə müşahidə olunmur. Moskvanın Orta Asiya və Cənubi Qafqaz iddiaları müxtəlif yanaşmalarda özünü büruzə verir. Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Bzejinskinin son müsahibəsi də Kreml təhlükəsinin ciddi olduğunu göstərir. Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərlə söhbətimizdə mövcud durumun doğurduğu suallara cavab almağa çalışdıq.

– İsa bəy, məşhur amerikalı politoloq, Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Bzejinskinin postsovet məkanında Rusiya təhlükəsi barədə söylədiklərindən xəbərdarsınız. “Putin çətin ki, öz aqressiv siyasətini Ukraynaya hücumla yekunlaşdırsın. Onun növbəti hədəfləri qismində Baltikyanı ölkələr, Moldova, Gürcüstan, Azərbaycan və hətta Polşa ola bilər… “, – deyə Bzejinski bildirib. Təhlükə realdırmı?

– Zbiqnev Bzejinski kimi ciddi adamların fikirlərinə ciddi yanaşmaq lazımdır. Təbii ki, Rusiya təhlükəsi gerçək təhlükədir və Putin rejiminin son illərdəki aqressiv davranışları da bunu bir daha təsdiq edir. Xatırlayırsınızsa, Milli Strateji Düşüncə Mərkəzi olaraq, ilk tədbirlərimizdən biri məhz Rusiya təhlükəsinə həsr olunmuşdu və bu yöndə sənəd hazırlayıb ictimaiyyətə təqdim etmişdik. Ötən müddətdə isə Rusiya təhlükəsi artmaqdadır və təbii ki, Zbiqnev Bzejinskinin açıqlamalarına diqqətlə yanaşılmalıdır. Həm də diqqətlə yanaşılma dedikdə, söz xatirinə söyləmirəm, bəzən jurnalist dostlarımız açıqlamaların içində ən sensassion sözü başlığa çıxardırlar, mahiyyətə diqqət yetirmək lazımdır. İmkan varsa, Zbiqnev Bzejinskinin açıqlamasının orijinalını tapıb deyildiyi dildə nəzərdən keçirmək lazımdır. Çünki hər bir sözün hansı şəkildə və hansı kontekstdə söylənilməsinin hər biri önəmlidir.

– Təhlükə dedikdə, nələri ehtimal edirsiniz, daxili təxribat, yoxsa ötən əsrin 20-ci ilində olduğu kimi rus ordusu Azərbaycana daxil ola bilər?

– Bir daha qeyd edim ki, Zbiqnev Bzejinskinin açıqlamasını diqqətlə oxumaq lazımdır. Söhbət yaxın günlərdə Rusiya Qırmızı Ordusunun 20-ci ildəki kimi Azərbaycana hücumundan getmir. Zbiqnev Bzejinski aydın şəkildə deyir ki, əgər Rusiya Ukraynada asan qələbəyə nail olarsa, təhlükə davam edəcək. Eyni zamanda, politoloqun sıralamasında Baltik ölkələri, Moldova, Gürcüstan və Azərbaycan ayrı maddələrlə qeyd olunur. Bu qeydlərə diqqət etmək lazımdır. Təhlükənin 2 əsas istiqamətini qeyd etmək lazımdır, birinci, Ermənistan-Azərbaycan münaqişəsinin hərbi mərhələyə keçməsi; Ermənistan tam şəkildə Rusiyanın nəzarətində olduğundan Moskva istədiyi vaxt bu vəziyyəti yarada bilər. Aydın məsələdir ki, yaranacaq durum sadəcə Azərbaycan-Ermənistan arasında hərbi münaqişə olmayacaq, əgər baş verəcəksə, Rusiyanın iştirakı şübhəsizdir. Mənim çıxışımdan başlığa çıxmasın ki, Rusiya Azərbaycana ordu yeritməyə hazırlaşır. Qarabağ savaşı, Ermənistan-Azərbaycan istiqamətində Rusiyanın təxribat və Azərbaycana müdaxilə imkanları kifayət qədər genişdir. Rusiyanın ikinci fəaliyyət istiqaməti Şimali Qafqazda mövcud olan gərginlikləri Azərbaycana yönəltmək cəhdləri ola bilər. Bu amil də kifayət qədər ciddi diqqət yetiriləsi məsələdir. Rusiyanın başqa imkanları da var, xüsusən bu ölkənin Azərbaycan hakimiyyətində ciddi şəbəkəsi var.

– Söhbət “beşinci kalon”dan gedir?

– “Beşinci kalon” çox gurultulu sözdür və çox tez-tez təkrar olunur, mən şəbəkə sözünə üstünlük verirəm. Hakimiyyətdə Rusiyanın geniş şəbəkəsi var, təəssüf ki.

– Amerikalı politoloq Bzejinski bu barədə danışdı. Ancaq bir sıra politoloqlar Qərbin Ukrayna hadisələrinə ilkin dövrdə seyrçi yanaşdığını deyir və ona görə Krım, Donbas olayları baş verdi. Bu mənada Qərbin müşahidə etdiyini və yaxud dəstək verdiyini düşünmək olarmı?

– Dünyada hər şey nisbidir, müdaxiləyə, təcavüzə məruz qalan, ərzisində döyüşlər gedən, övladlarını itirən xalqlar üçün hər gün il qədər uzun çəkir. Amma öz problemlərini əsasən həll edib yüksək səviyyədə inkişafa nail olmuş dövlətlər üçün məsələyə strateji baxış mövcuddur. Tutaq ki, 1979-cu ilkin dekabrında Moskva Əfqanıstana hərbi müdaxilə edib istədiyi rejimi formalaşdıranda da Qərbin sanksiyaları başladı. O zaman Qərbin öz tənqidçiləri ABŞ və Avropanı ləng hərəkət etməkdə, adekvat cavab verməməkdə ciddi tənqid edirdilər. Amma, digər paralel tədbirlərlə yanaşı məhz həmin sanksiyalar SSRİ kimi nəhəng imperiyanın çökməsinə səbəb oldu. İndi də oxşar proses gedir. Proseslər yeni başlayanda da demişdim ki, Rusiyanın Ukraynaya müdaxiləsi 1979-cu ildə SSRİ-nin Əfqanıstana müdaxiləsini xatırladır və nəticələr də analoji ola bilər. Hazırda Qərbin Rusiyaya qarşı sanksiyaları kifayət qədər ciddidir. Eyni zamanda, Qərbin istənilən vaxt sanksiyaları dərinləşdirmək imkanları daha böyükdür. Bu baxımdan Moskva aqressiv, işğalçı siyasətindən əl çəkməyəcəyi təqdirdə çox ciddi sanksiyaların sərtləşməsi nəticəsində böhrandan və sonrakı ciddi problemlərdən yaxa qurtara bilməyəcək.

– Azərbaycan hakimiyyəti bu yöndə hansı addımlar atmalıdır və ümumiyyətlə, atırmı?

– Azərbaycan hakimiyyətinin heç bir sahədə aydın, düşünülmüş strategiyası yoxdur. Hakimiyyət yalnız öz maraqlarını düşünür və müxtəlif xarici amillərə reaksiya verir. Yəni hardan nə təhdid və problem varsa, onunla bağlı başa düşdükləri şəkildə problemə münasibət bildirmək və həll etməyə çalışırlar. Ona görə də hakimiyyətin düşünülmüş siyasətinin olduğunu söyləmək təəssüf ki, mümkün deyil. Mən hesab edirəm ki, Azərbaycanın üzunmüddətli və davamlı təhlükəsizliyi üçün Avroatlantik inteqrasiya istiqamətində gerçək addımlar atılmalıdır.

İlqar Gülməmmədov

Bənzər yazılar

Back to top button