Cəmiyyət

Ekspert Baş nazrin təhsilə əlavə etdiyi yeni ixtiasasların siyahısını açıqladı

“Orta ixtisas təhsili müəssisələrinin maddi–texniki bazasının zəifliyi, kadr ehtiyatının zəif olması nəticəsində bu müəssisələrin vəziyyəti ürək açan deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Baş nazir Əli Əsədovun təhsillə bağlı yeni qərarından danışarkən deyib. Onun sözlərinə görə, əmək bazarında ehtiyac olan bir çox ixtisaslar var:

“İlk növbədə qeyd etmək istəyirəm ki, 2019-cu ildə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 96.33% dolmuşdu. Qəbul aparılan 55 kollecdən 34 kollecdə plan yerləri 100% dolub. Cəmi 381 yer (3.67%) boş qalıb. Onlardan 275 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir. Ötən il, 2018-ci ildə tam orta (11 illik) ixtisas təhsili müəssisələrinə qəbul üzrə 11981 plan yeri ayrılmışdı. Bu yerlərdən 9184 yer Azərbaycan, 2797 yer isə rus bölməsinə aid idi. Düzdür, hazırda kolleclərin vəziyyəti heç də ürəkaçan deyil. Real vəziyyət budur ki, kolleclərin kifayət qədər güclü kadr hazırlamır. Ötən əsrin 20-30-cu illəri üçün orta ixtisas müəssisələri kifayət qədər gərəkli bir proses idi. Təcili kadrların hazırlanması üçün kolleclərin xidmətindən istifadə olunurdu. Amma son dövrlərdə orta ixtisas təhsili müəssisələrinin maddi–texniki bazasının zəifliyi, kadr ehtiyatının zəif olması nəticəsində bu müəssisələrin vəziyyəti üərk açan olmayıb. Hazırda əmək bazarında ehtiyac olan bir çox ixtisaslar var”.

Kamran Əsədov bildirib ki, Nazirlər Kabineti əmək bazarının tələblərini nəzərə alaraq bir çox yeni ixtisasları müəyyən edib:

“Təhsil ixtisasları qrupuna inklüziv təhsil ixtisası, humanitar və sosial ixtisaslar qrupuna dini-mənəvi xidmət, kitab nəşri işi, mədəniyyət və incəsənət ixtisasları qrupuna aşıq sənəti, bərpaçı, işıq və səs texniki, kinooperator sənəti, mədəni kütləvi tədbirlərin təşkilatçısı, iqtisadiyyat və idarəetmə ixtisasları qrupuna reklam işi, texniki və texnoloji ixtisaslar qrupuna çirkli suların kənarlaşdırılması və təmizlənməsi, çörək və unlu qənnadı məmulatlarının texnologiyası, kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət, qaldırıcı-nəqliyyat, tikinti maşın və avadanlıqlarının texniki istismarı, pivə və alkoqolsuz içkilərin texnologiyası, sınaq-diaqnostika üsulu və cihazları, toxuculuq texnologiyası, kənd təsərrüfatı ixtisasları qrupuna aqroturizm, istixana təsərrüfatı, səhiyyə, rifah və xidmət ixtisasları qrupuna milli musiqi alətlərinin istehsalı və təmir, müalicə masajı, mühafizə xidməti kimi yeni ixtisaslar əlavə olunub.

Hesab edirəm ki, orta ixtisas təhsili pilləsində də tələbələrə verilən təhsilin səviyyəsi daimi yüksəldilməli və müasir əmək bazarının tələblərinə cavab verən kadrlar yetişdirilməlidir. Yeni yaradılan ixtisaslara qəbul üzrə müsabiqə vəziyyəti yüksək olacaq. Çünki yeni yaradılan ixtisaslar əmək bazarında çox ehtiyac olunan və rahat iş tapılması mümkün olan ixtisaslardır”.

Qeyd edək ki, Baş nazir Əli Əsədov təhsillə bağlı yeni qərar imzalayıb. Baş nazir Nazirlər Kabineti “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edib.

Bənzər yazılar

Back to top button