Siyasət

Mariya Zaxarovadan ikibaşlı mövqe: həm tanımırıq deyir, həm…

XİN-dən və sabiq dövlət müşavirindən reaksiya gəldi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqində separatçı rejimin Azərbaycanın işğal altındakı torpaqlarında keçirdiyi qanunsuz “seçkilərə” ziddiyyətli münasibət bildirib.

Bir tərəfdən “Rusiya Federasiyası, bildiyiniz kimi, Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Onun statusu siyasi danışıqlar yolu ilə təyin edilməlidir” – söyləyən Zaxarova digər tərəfdən “Hesab edirik ki, Qarabağda seçkilər əhalinin normal həyat fəaliyyəti üçün vacibdir” kimi fikirlər səsləndirib. Bu da haqlı olaraq Azərbaycan tərəfdə narahatlıq doğurub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Musavat.com-a açıqlamasında Zaxarovanın dediklərinə bu cür reaksiya verdi: “Məlum olduğu kimi, Rusiyanın xarici işlər nazirinin rəsmi nümayəndəsi öz məlum çıxışında qeyd etmişdi ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi qondarma “seçkilərlə” bağlı münasibətini həmsədrlərin 31 mart tarixində verdikləri mətbuat bəyanatında bildirib. Rusiya XİN-in sözçüsünün sözügedən cavabında buna bir daha istinad olunub. Xatırladıram ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 31 mart tarixində verdikləri bəyanatda Dağlıq Qarabağın müstəqil yaxud bir dövlət kimi heç bir ölkə, o cümlədən, Minsk Qrupunun həmsədrləri tərəfindən tanınmadığı qeyd olunub. Qaldı ki, Dağlıq Qarabağda yaşayan əhalinin gələcəkləri ilə bağlı qərar verməsinə, bu həmsədrlərin 2019-cu il 9 mart tarixli bəyanatında əks olunan prinsip və elementlərə uyğun bildirilməsi ifadə olunub. Sizləri bir daha həmsədrlərin qeyd etdiyim 9 mart bəyanatı ilə tanış olmağa çağırıram. Orada açıq şəkildə münaqişənin həlli istiqamətində prinsip və qaydalar əks olunub. Burada da həmçinin işğal olunmuş bölgələrin boşaldılması, azərbaycanlıların öz evlərinə qayıtmaları kimi məsələlərə yer ayrılıb. Dağlıq Qarabağın əhalisi anlayışına gəlincə, hazırda orada yaşayan erməni icmasının nümayəndələridir. Azərbaycanlı icma işğalçı Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalaraq, öz evlərindən didərgin salınıblar. Burada keçirilən hər hansı bir “seçkilərin” heç bir hüquqi qüvvəsi yoxdur. Çünki Azərbaycanın beynəlxalq tanınmış ərazilərində hər hansı bir seçkilər konstitusiyamıza uyğun olaraq keçirilməlidir. Bölgənin əhalisi dedikdə isə, burada həm Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, həm də erməni icmasından söhbət gedə bilər”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli xoşagəlməz tendensiyanın başlandığını bildirdi: “Rusiya həmişə nala-mıxa vuran siyasi xətt yürüdür. Son zamanlar bir az da bu siyasətini intensivləşdirib. Zaxarova Lavrovun sözçüsüdür. Özü bir az bundan əvvəl Ermənistan, Dağlıq Qarabağ problemi ilə bağlı müəmmalı açıqlamalar vermişdi. Belə görünür ki, Rusiyada hakimiyyətin mövqeyində müəyyən zəifləmə var. Bundan istifadə edən Lavrov, onun sözçüsü Zaxarova kimilər qəlblərinin dərin guşəsində yerləşən fikirləri ictimailəşdirməyə başlayıblar. Çox təəssüf ki, bu proses Rusiyanın əvvəlki siyasi mövqeyindən müəyyən qədər fərqlənməyə başlayıb. Özü də bu fərqlər get-gedə yüksələn xətt üzrə gedir. Bu da narahatlıq doğurmaya bilməz. Bu nöqteyi-nəzərdən xanım sözçünün açıqlamalarının sətiraltı mənası Rusiyanın Dağlıq Qarabağla bağlı siyasi mövqeyi ilə üst-üstə düşmür. Sətiraltı mənanı hər cür yozmaq mümkündür. Zənnimcə, bəziləri belə hesab edirlər ki, indiki pandemiya dövründə onun bəzi ölkələrdə yaratdığı qarışıqlıq sonunda suyu bulandırıb, bu suda balıq tutmaq olar. Azərbaycanın siyasi hakimiyyət orqanları bu məsələ ilə ciddi maraqlanmalıdırlar. Rusiyanın Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağla bağlı mövqeyini açıq şəkildə ortaya qoymasına çalışmaq lazımdır. Düzdür, son olaraq, Elmar Məmmədyarovun Lavrovla telefon danışığı oldu. Bir sıra məsələlərə, o cümlədən, Dağlıq Qarabağ məsələsinə danışıq zamanı toxunulduğu deyilir. Yəqin ki, Məmmədyarov müəyyən məsələlərlə bağlı narahatlığını Lavrova çatdırıb. Zaxarova bu telefon danışığından sonra Lavrovun təlimatı ilə belə qarmaqarışıq açıqlamalar verə bilər. Hər halda bu xoşagəlməz tendensiyadır. Bu dayandırılmasa, inkişaf edərək, təhlükəli həddə çata bilər”.

Bənzər yazılar

Back to top button