AnalitikaManşetSiyasət

NATO Xankəndiyə qurban getsin

Elnur Sadıqov

Azərbaycan NATO proqramlarında iştirakını dayandırmağın müqabilində Ağdərə,Xocalı,Xankəndi və Xocavənddən Rusiya “sülhməramlılarının” çıxarılmasını ruslara təklif edə bilər. Üstəlik, rusların 10 noyabr 2020-ci ildən bu yana sözügedən rayonlara çəkdiyi xərcləri də ödəməyi Azərbaycan öhdəsinə götürə bilər. Belə bir sövdələşmə baş tutsa, bu, Azərbaycanın milli maraqlarına tam cavab vermiş olar.

NATO dünən Rusiyayla olan danışıqlara dair verdiyi bəyanatda Ukrayna, Gürcüstan və Moldovodan Rusiya qoşunlarının çıxarılmasını tələb etdiyi halda, Azərbaycanın adını mətnə salmağı lazım bilməyib. Bununla, təşkilat Azərbaycan qarşısındakı mənəvi öhdəliklərinə növbəti dəfə xəyanət edib. Ona görə növbəti dəfə yazırıq ki, Vətən müharibəsinin ilk günlərində bu təşkilat Türkiyənin Azərbaycana verdiyi dəstəkdən narazı qalmışdı.

Azərbaycan əsgəri NATO – nun Kosovo və Əfqanıstandakı əməliyyatlarında iştirak edib. Bu qaynar nöqtələrdə Azərbaycan əsgəri həyatını riskə atıb, NATO – nun maraqlarını qoruyub. Buna baxmayaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə NATO tərəfindən ciddi dəstək verilməyib.

Azərbaycanın təhlükəsizliyinin qorunmasına ikitərəfli əməkdaşlıq çərçivəsində Türkiyə, Pakistan və İsrail daha çox töhfə verib. Azərbaycan – NATO əməkdaşlığı sühyaratma birliklərinin yaradılması, hərbi təhsil, Kosovo və Əfqanıstanda sülhyaratma əməliyyatları, mühüm enerji infrastrukturunun terror hücumlarından müdafiəsi, təbii fəlakət və fövqaladə hallar və s. əhatə edib. Bütün bunlar Rusiya ordusunun Xankəndidən çıxarılması və Azərbaycanın suverenliyinin bərpasının yanında xüsusi əhəmiyyət kəsb etmir. Digər yandan , Azərbaycan NATO – dan əldə edə biləcəklərini bu təşkilatın üzvü Türkiyədən də ikitərəfli qaydada ala bilər.

NATO-ya verdiyi təkliflərə “yox” cavabı almış Rusiya üçün Azərbaycanın təklifi cəlbedici görünə bilər. NATO – nu dayandırmaqla bağlı qarşısına qoyduğu məqsədlərdən birinə Azərbaycanın timsalında nail olması Rusiyanı şirnikləndirə bilər. Bu “uğur” Rusiya daxili auditoriyası üçün geniş istifadə edilə bilər.

Dünən jurnalistlərə verdiyi müsahibədə İlham Əliyev dedi ki, ABŞ hətta təhlükəsizlik sahəsində də etibarlı tərəfdaşı olan Azərbaycanı qoyub, KTMT üzvü və ərazisində Rusiya bazaları olan Ermənistanla isti münasibət saxlayır. Bu da Azərbaycanın Xankəndi naminə NATO-dan uzaqlaşmasını motivləşdirən faktorlardan biri olmalıdır.

Qeyd: Yazı müəllifin “facebook” səhifəsindən götürülüb

Bənzər yazılar

Back to top button