Cəmiyyət

“Ən gözəl taleli insanlar sübh namazı vaxtı doğulanlardır” – Elşən Məmmədov

-Elşən müəllim, tarixən insan adlarının onun fərdi xarakterinə və taleyinə təsir göstərməsi ilə bağlı müxtəlif inanclar mövcud olub. Bu inanclarla indinin özündə də qarşılaşırıq. Mümkünsə bu barədə danışardıq.
-Əvvəlcə onu deyim ki, adın insan həyatında və taleyində rolu olduqca böyükdür. Dünyada heç bir şey heçdən yaranmayıb. Bu gün adlarla bağlı danışırıqsa bu haqda bizdən qabaq da danışanlar olub, sonra da danışanlar olacaq. Ancaq əsas olan odur ki, bu inancların nə dərəcədə əsası var. Düşünürəm ki, bunları izah etmək üçün tarixi faktlardan istifadə etməklə müəyyən fikir səsləndirə bilərik. Bu mövzuda istər bizim cəmiyyətimizdə, istərsə də digər dünya xalqlarının tarixində müxtəlif mənbələrə rast gələ bilirik. Ta qədimdən dünyada yaşayan bir sıra qədim xalqlar şər qüvvələrdən mühafizə olunmaq üçün insanın gerçək adını digər bir qoruyucu şərti ad altında gizlədiblər. Amerikanın aborigen xalqı sayılan hindular indinin özündə də əsl adlarını kənar insanlardan gizli saxlamaqla bir-birlərinə yalançı adlarla müraciət edirlər. Hətta xristianlarda insanları xaç suyuna salanadək onun gerçək adanı gizli saxlayıblar. Bütün bunlar ondan irəli gəlir ki, uşaqları cadudan, ümumiyyətlə xoşagəlməz qüvvələrin müdaxiləsindən qorusunlar. Daha çox bu addımı uşağın gələcək taleyinə görə atırlar ki, o daima parlaq taleyə sahib olsun. Uşağı başqa adla çağırmaq adəti bəzi Azərbaycan ailələrində də olub. Çoxları bunun hansı səbəbdən olduğunu bilməsələr də, əslində, bu adətin kökündə məhz adını gizlətməklə uşağın taleyini şər qüvvə və ya şeytani əməllərdən qorumaq durur. Ümumiyyətlə, bir insana ad qoyularkən yaxşı düşünülməlidir. Bir həqiqəti deyə bilərəm ki, insanlara qoyulan ən uğurlu adlar dini adalardır. Bu, həm də insanın gələcək taleyində mühüm rol oynayır. Deməli, XVII-XVIII əsrlərdə bir sıra şeyxlər övladlarına ad qoyarkən əbcəd hesablı təqvimə müraciət edirlərmiş. Əgər o hesablama əməliyyatı hər hansı dini adın bürcünə eynilə düşürmüşsə öz övladlarına həmin adı qurumuşlar ki, uşaq gələcəkdə gözəl xarakter və parlaq taleyə sahib olsun. İslamda ən uğurlu adlardan olan Məhəmməd və Əli adı hansı ananın adından asılı olmayaraq hesablananda (İslamda insanın bürcünü ananın adına görə hesablayırlar) uğurlu bürclərə düşür. Onlardan çoxu əbcəd hesablı bürcə-“Qövs” bürcünə düşür. Bu bürcdən olan xeyli sayda peyğəmbərlər var. Ona görə də, sözügedən bürc altında doğulanlar və valideynləri tərəfindən gözəl adlar qoyulan uşaqlar çox uğurlu taleyə sahib olurlar.
-İslam insan adları haqqında nə deyir?
-Uşağın gələcəkdə psixoloji baxımdan özünü rahat hiss etməsi, ümumilikdə öz həyatını düzgün qura bilməsi üçün adın uğurla seçilməsi çox mühüm amildir. Elə buna görə də Həzrət Məhəmməd (s.a.s) ətrafında olanların adına münasibətdə xüsusi həssaslıqla davranırdı. Öz sahibinə narahatlıq gətirən, başqalarının ona münasibətini korlayan xoşagəlməz adları peyğəmbərimiz gözəl adlarla əvəz edirdi. O həzrət istər qadın, istərsə də kişi səhabələrdən bir neçəsinə təklif etmişdi ki, əsl adlarını dəyişdirsinlər, onlar da bu məsləhətə əməl edib, peyğəmbərin təklif etdiyi adları götürmüşdülər. İslam Peyğəmbəri buyurub ki, adlarınızı gözəlləşdirin, çünki qiyamət günündə siz öz adınızla çağırılacaqsınız: – “Ey filankəsin oğlu filankəs! Qalx, öz nuruna tərəf get! Ey filankəsin oğlu filankəs! Qalx, sən nurdan məhrumsan!” (Küleyni  “Əl-kafi”, VI, 19).
İslam ənənəsinə görə, atanın övlad qarşısında daşıdığı vəzifələrdən birincisi ona gözəl ad qoymaqdır. İmam Kazim (ə) atalara müraciətlə buyurub: “Atanın övlad üçün etməli olduğu ilk yaxşılıq – ona gözəl ad verməkdir, övladlarınıza gözəl adlar qoyun!” 
Bundan başqa, “Qurani-Kərim”də Uca Yaradan bəndələrini övladlarına yaxşı adlar qoymağa çağırır. Uşaq üçün tövsiyə olunan adlar içində ilk yeri Allaha bəndəliyi ifadə edən adlar tutur. Yəni Allahın gözəl adlarının (əsmaül-hüsna) əvvəlinə “əbd” kəlməsini artırmaqla yaranan adlar daha çox məsləhət bilinir.
-Elə insanlar var ki, adlarına qarşı kompleksləri var. Adları uğur da gətirmir. Onlara nə məsləhət verərdiniz?
Onların adları ilə bağlı müəyyən komplekslərinin olması başa düşüləndir. Məncə, əsas narahatlıq bu deyil. Ola bilər ki, adları düşərli olmasın, müxtəlif çətinliklərləqarşılaşsınlar. Qarşılaşdıqları bütün bu çətinlikləri dəf etmək üçün Allah kölgəsində olmaları yetər ki, uğurları olsun. Buna mütləq əməl etməlidirlər.
-Ən parlaq və ən pis taleli insanlar haqqında məlumat verən hər hansı bir mənbə varmı?
– İnsanın taleyi haqqında hər şeyi bilən yalnız Allahdır. Ümumiyyətlə, hər hansı bir şeytani mənbədən istifadə etməklə insan taleyi haqqında məlumat vermək haramdır. İslamda əbcəd hesabından istifadə edib islami bürclərdən yararlanmaqla insan taleyi ilə əlaqədar müəyyən şeyləri bilmək olur. Əbcəd hesabı insan taleyi haqqında tam məlumat verə bilmir. Sadəcə müəyyən məsələlər var ki, o haqda nələrisə deyə bilir.
Ən gözəl taleli insanlar sübh namazı vaxtı doğulanlardır. Şər vaxtı dünyaya gələn uşaqların tale haqqında başqa cür deyirlər, yəni hər halda burda pis və ya qeyri-adi bir şeylərdən danışıla bilməz. Ancaq hər birinin ayrı-ayrılıqda taleyi olur. Hətta günün hansı saatında, həftənin və ayın hansı günlərində anadan olmaların taleyə təsiri var. Bir sıra mənbələrdə vardır ki, qədimdə ərəbistanda insanlar ailə quranda öz övladlarının Qədir gecəsində və müqəddəs  Ramazan ayında dünyaya gəlməsi üçün ilin gününü hesablayırdılar. Ancaq bu həqiqətdir ki, sözügedən vaxtlarda anadan olan insanlar gözəl taleyə sahib olmaqla yanaşı, həm də cinlərin şərindən də uzaq olurlar. Onlara bəd əməllərlə təsir göstərmək qeyri-mümkündür.
-Elşən müəllim, fürsətdən istifadə edib bir ekstrasens kimi ulduz fallarına münasibətinizi öyrənmək istəyirəm.
-Azərbaycanda müasir dövrün bürclərini dəqiq deyə bilən qoroskop yoxdur. Bizdə bu istiqamətdə Avropa və rus mənbələrindən istifadə edirlər. Bu bürclərdə fikir versəniz görəsiniz ki, insanların xətrinə dəyəcək heç bir şey yoxdur. Onlar ancaq insanlara ruhlandırıcı və stimulverici proqnozlar verirlər. Bu bir baxımdan yaxşıdır. Ancaq belə bir diplomatik gedişatla insanları aldatmaq qəbul olunmazdır. Yer üzündə 7 milyard insan yaşayır. Bu sayda insanlar arasında bir bürcdən ən azından bir gündə 10 min, 15 min insan ölür və ya ağır xəstəliyə tutulur. Əgər düzgün proqnozlar verirlirsə, niyə bəs o insanlarla bağlı verilmir. Bizdə ulduz falları ilə proqnoz vermək şablonçuluq üzərində formalaşıb.
-Maraqlı müsahibə üçün çox sağ olun.
Ceyhun Alışlı
Miq.az

Bənzər yazılar

Back to top button