İqtisadiyyatManşet

İnsanlar susuzluqdan əziyyət çəkir, hakimiyyət isə mənasız planlar cızır

Vahid Məhərrəmov, ekspert

Bu günlərdə sosial şəbəkələrdə Saatlı rayonunun Mircəlal, Soltanabad, Nəsimikənd kəndlərində əhalinin su çatışmazlığından əziyyət çəkməsi ilə bağlı video görüntülər yayılmışdı. Həmin video görüntüdə yerli və mərkəzi icra orqanlarını adları çəkilən kəndlərdə əhalinin su ilə təminatında heç bir iş görmədiyi ortaya çıxır. Məsələ ilə bağlı araşdırmalar apardıqda məlum oldu ki, Saatlı rayonunun Ortamuğan, Çolpu, Xanlarkənd, Qaranuru kəndlərində Bərdə rayonunun Soğanverdiler kəndində, Agdas rayonunun ləki kəndində, Sabirabad, Şabran rayonlarının kəndlərində də əhali su çatışmazlığından əziyyət çəkir. Hətta Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinin “Südçülük sovxozu” kimi tanına ərazinin Gəray Əsədov və Hüseyn Cavid küçələrində uzun müddətdir ki, içməli su problemi yaşanır. Bu günlərdə Şəmkir və Tovuz rayonlarının bir hissəsinin su mənbəyi olan Zəyəm çayında su olmaması və bu səbəbdən həmin bölgədə yaşayan əhalinin içmli və suvarma suyu ilə təminatda ciddi poblem yarandığı haqda məlumat və faktı əks etdirən şəkillər yayılıb[1]

Qeyd etməliyəm ki, Azərbaycanın mərkəzində və regionlarda su çatışmazlığı ilə bağlı problemlər uzun müddətdir ki, öz həllini tapmır.

Keçən ilin iyul ayının 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirə zamanı ölkə başçısı İlham Əliyev demişdir ki, Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır. Həmin tədbirdə İlham Əliyev demişdir: “Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bu, doğrudan da tarixi nailiyyətdir”.  Əvvəla qeyd etməliyəm ki, birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə içməli və məişətdə istifadə məqsədi üçün əhaliyə verilən suyun həcmi 498 milyon kubmetr təşkil etmişdir. Bu da ölkə başçısı dediyi kimi təlabatın 40 faizi qədər olmasa da, 36,3 faizi qədər olmuşdur. Digər tərəfdən içməli su təminatının neçə faiz təşkil etdiyini müəyyən etmək üçün meyar olmalıdır. Ölkədə içməli və məişətdə istifadə edilən suyun adambaşına gündəlik norması müəyyən edilməyib. Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) adambaşına gündəlik su istehlakı normasını 450 litir müəyynləşdirib. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidməti hesab edir ki, “ev təsərrüfatlarına təchiz olunan sudan əsasən içməli su, yemək bişirmək və gigiyena üçün, o cümlədən şəxsi və evin təmizliyi üçün elementar ehtiyaclar üçün, eləcə də əlavə olaraq avtomobillərin yuyulması, bağça və qazonun sulanması və s. üçün istifadə olunur”[2].

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin saytına yerləşdirdiyi məlumatda qeyd edilir ki, “2000-ci ildə ölkədə adambaşına orta hesabla bərpa olunan şirin su ehtiyatlarından məişət məqsədləri üçün 131.8 m3 su istifadə edilmişdir, bununla müqayisədə 2019-cu ildə həmin rəqəm 113.4 m3 təşkil etmişdir.

Su təchizatı şəbəkəsinə qoşulmuş əhali 2005-ci ildə 41.6%-dən 2017-ci ildə 51%-ə qədər artmışdır. Adambaşına sudan istifadə isə həmin dövrdə 32.5% azalmışdır ki, bu da mütləq azalmanı göstərir.

Bununla belə, əhalinin 49%-i suya olan tələbatını özünü təchiz edərək ödəməlidir və hələ də su təchizatı sisteminə qoşulmamışdır. Bu isə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) hədəf 6.1-ə, 2030-cu ilə qədər hər kəs üçün təhlükəsiz və ödənişi mümkün olan içməli suya universal və bərabər səviyyəli çıxışa müvəffəq olmaq hədəfindən uzaqda saxlayır”[3].

Suvarma suyu ilə bağlı vəziyyət necədir?

Beynəlxalq Təbii Resurslar İnstitutun (WRI) verdiyi proqnozlara görə, 2040-cı ilə qədər dünya ölkələrinin beşdə birində az sululuq problemi yaranacaq. Belə ki, iqlim dəyişikliyi yağıntıların dövrülüyünü pozur, əhalinin artması isə suya tələbatı artırır. Beynəlxalq Təbii Resurslar İnstitutun təqdim etdiyi hesabatda quraqlıq təhlükəsi ilə qarşılaşacaq ölkələr arasında Azərbaycanın da adı var. Azərbaycan 33 ölkədən ibarət siyahıda 18-ci yerdədir. Ölkəmizin siyahıda təxmini olaraq ortada yer alması o demək deyil ki, az sululuq dövründə biz də qonşu ölkələr kimi eyni problemləri yaşayacağıq. Problem burasındadır ki, ölkədə təlabatdan ən azı 4-5 dəfə çox su resursu olduğu halda suvarma suyuna olan ehtiyac ödənilmir və tərtib olunan bu siyahıda Azərbaycanın 18-ci yer alması ona görə təhlükəlidir ki, ölkədə su itkisi ifrat dərəcədə yüksəkdir. Qeyd edildiyi kimi dünyada şirin su çatışmazlığı məsələsi artıq aktual problemə çevrilmişdir.

Azərbaycanda əhalinin artımı və yeyinti məhsullarına artan təlabat suvarılan torpaq sahələrinin artırılmasını şərtləndirir. Mövcud resurslar suvarılan torpaq sahələrinin 4 milyon hektara qədər artırılmasına imkan verir. Lakin sahədə mövcud olan və öz həllini tapmayan problemlər bu potensialın reallaşmasını əngəlləyir. Ölkədə su resurslarından səmərəli istifadə olunmur və belə halda suvarılan sahələrin genişləndirilməsi daha çox su itkisinə yol açar. Azərbaycan Dövlət Statistika Komitəsinin Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələr üzrə təbii mənbələrdən götürülən su, onun istehlakı və itkisi ilə bağlı təqdim etdiyi statistik məlumatda Azərbaycan su itkisinə görə 28,3 faizlə (2019-cu il) birinci yerdədir.

Cədvəl 1. Təbii mənbələrdən götürülən su, onun istehlakı, itkisi (milyon kub metr)

İllər Təbii mənbələrdən götürülən su Su istehlakı Nəql zamanı itən su
2018 12847 9205 3643
2019 13227 9472 3755
2020 12960 9693 3267

Xatırladaq ki, 2020-ci ilin aprel ayında ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradılmışdı. Həmin il iyulun 27-də isə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün” tədbirlər planı təsdiqlənmişdi. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün” hazırlanmış tədbirlər planında əsas tədbirlərin icrası 2020-2021-ci illərdə başa çatmalı idi. Lakin həmin planda nəzərdə tutulmuş tədbirlər kağız üzərində qalmaqdadır. Hətta icra müddəti 2020-2021-ci illərdə başa çatmmış tədbirlər yenidən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlər planında yer almış və icra müddəti daha uzun müddətə qədər uzadılmışdır.

Azərbaycan hakimiyyəti bu günlərdə “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə  sosial-iqtisadi inkişaf Strategiyası”-nı qəbul edib. Həmin sənəddə qeyd edilmişdir ki, “əhalinin içməli su ilə təminatı  70%-dən 85%-ə, suvarma suyu ilə təminatı 80%-dən 90%-ə çatacaqdır”. Təminatı hansı meyarla müəyyən etdikləri bəlli olmadığı üçün gələcəkdə hansı həddə çatdıracaqları da bəlli deyil.

Qəbul edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlər planında su ilə bağlı  fəaliyyət istiqaməti göstərilib:

Fəaliyyət istiqaməti 1. 2022‒2024-cü illərdə ölkədə su ehtiyatlarının idarə edilməsinin qiymətləndirilməsi, elektronlaşdırılması, uçot sisteminin təkmilləşdirilməsi və maarifləndirmə işi aparılması nəzərdə tutulur. Planın aralıq nəticələr qrafasında 2023-cü ildə “Ölkədə su ehtiyatlarının qiymətləndirilməsi və məlumatların “Elektron su təsərrüfatı” informasiya sisteminə inteqrasiya edilməsi, 2024-cü ildə isə su ehtiyatlarının səmərəli idarə edilməsinə nail olunması qeyd edilmişdir. Baxın, iki il əvvəl qəbul edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün” hazırlanmış tədbirlər planında “Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) yaradılması,  ölkə üzrə su təsərrüfatı balansının elektronlaşdırılaraq ESTİS-ə daxil edilməsi və müvafiq informasiya sistemlərinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ESTİS-ə inteqrasiyası”nın icra müddəti 2020-ci ilin avqust ayında başa çatmalı idi. Lakin bu dəfə eyni tədbirlərin icra müddəti başqa bir sənəddə 2023-cü ilə qədər uzadılıb.

Fəaliyyət istiqaməti 2. 2023‒ 2026-cı illərdə “alternativ su mənbələrindən istifadə praktikasının genişləndirilməsi” nəzərdə tutulur. Aralıq nəticələr kimi “ölkə ərazisində mövcud şirin su mənbələrinə qənaət edilməsi”, yekun nəticə kimi isə “əhalinin içməli su ilə təminat səviyyəsinin yaxşılaşması” qeyd edilib. Sənəddə nəzərdə tutulan tədbirlər planı sual yaradır: Birincisi, 2023‒ 2026-cı illər ərzində alternativ su mənbələrindən istifadə praktikasının genişləndirilməsi necə həyata keçiriləcək? İkincisi, 2024-cü ildə ölkə ərazisində mövcud şirin su mənbələrinə qənaət edilməsi necə baş verəcək? Üçüncüsü, görüləcək hansı tədbirlər nəticəsində “əhalinin içməli su ilə təminat səviyyəsinin yaxşılaşması” baş veəcək?

Fəaliyyət istiqaməti 3. 2022‒ 2026-cı illərdə “su itkilərinin azaldılması və su ehtiyatlarının artırılması” nəzərdə tutulur. 2023-2025-ci illərdə “suvarma kanallarının yenidən qurulması və yeni su anbarlarının yaradılması” və  2026-cı illərdə “su itkilərinin qarşısının alınması, ölkədə əlavə su ehtiyatı fondunun yaradılması” nəzərdə tutulub.

Fəaliyyət istiqaməti 4. “2022─2026-cı illərdə “içməli su mənbələrinin genişləndirilməsi, tullantı sutəmizləyici qurğular kompleksi və magistral kanalizasiya kollektorları-nın tikintisi nəzərdə tutulur. Tədbirlər planının baza ili üzrə göstəricilər qrafasında göstərilir ki, 2021-ci ildə 32 şəhər və rayon mərkəzlərinin kanalizasi-ya sisteminin inşası yekunlaşdırılmışdır. Sənəd 2022‒2026-ci illəri əhatə etdiyi halda 2021-ci ildə görülən işlərin tədbirlər planına salınmasına nə ehtiyac var? Sonrakı, aralıq nəticələr qrafasında “Əhalinin mərkəzləşdirilmiş kanalizasiya sistemi ilə təmini və tullantı sularının təmizlənərək kənarlaşdırılması”, yekun nəticələr kimi isə “Xəzər dənizi və digər su hövzələrinin çirklənməsinin qarşısının alınması” qeyd edilir. Təsəvvür edin, tədbirlər planının 4-cü bəndində əsasən içməli su mənbələrinin genişləndirilməsi nəzərdə tutulsa da, bu məqsədlə hər hansı tədbir nəzərdə tutulmayıb.

Son iki ildə qəbul edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün” hazırlanmış tədbirlər planı və “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın su ilə bağlı tədbirlər planında sahədə mövcud olan problemlərin həlli ilə bağlı konkret olaraq tədbirlər yoxdur.

Əlavə 1

“2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı

Sıra N-si Tədbirlər və layihələr Əsas icraçı orqan (qurum) Digər icraçılar İcra müddəti Nəticə indikatorları
baza ili üzrə göstəricilər ilkin nəticələr aralıq nəticələr yekun nəticələr
2021 icra müddəti ərzində hər il 2023 2024 2025 2026
1.1.16. Fəaliyyət istiqaməti: Su e htiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi yolu ilə iqtisadi fəallığın dəstəklənməsi
1. Ölkədə su ehtiyatlarının idarə edilməsinin qiymətləndirilməsi, elektronlaşdırılması, uçot sisteminin təkmilləşdirilməsi və maarifləndirmə işiaparılması ETSN FHN, KTN,“AzMelSu-Təs” ASC, “Azərsu” ASC,“Azərenerji” ASC,AMEA,  VXSİDA 2022‒ 2024 Suehtiyatlarınınsəmərəli idarəedilməsi və su itkilərininazaldılmasıüzrə təkliflərin həyata keçirilməsi Ölkədə su ehtiyatlarının qiy-mətləndirilməsivə məlumatların“Elektron su təsərrüfatı” informasiya sistemi-nə inteqrasiya edilməsi Suehtiyatlarının səmərəliidarə edilməsinə nail olunması
2. Alternativ su mənbələrindən istifadə praktikasının genişləndirilməsi “Azərsu” ASC “AzMelSuTə s” ASC,  ETSN,AMEA, YİH 2023‒ 2026 Ölkə ərazisində mövcud şirin su mənbələrinə qənaət edilməsi Əhalinin içməli su ilə təminat səviyyəsinin yaxşılaşması
3. Su itkilərinin azaldılması və su ehtiyatlarınınartırılması “AzMelSuTəs” ASC, ETSN “Azərsu”ASC, KTN, FHN,“Azərsu” ASC 2022‒ 2026 Suvarma kanallarının yenidən qurulması və yeni su anbarlarının yaradılması Su itkilərinin qarşısının alınması,ölkədə əlavə su ehtiyatıfondunun yaradılması
4. İçməli su mənbələrinin genişləndirilməsi, tullantı sutəmizləyici qurğular kompleksi və magistralkanalizasiya kollektorları-nın tikintisi “Azərsu” ASC 2022‒ 2026 32 şəhər və rayon mərkəzlərinin  kanalizasi-ya sisteminin inşasıyekunlaşdırılmışdır Əhalinin mərkəzləşdirilmiş kanalizasiya sistemi ilə təmini və tullantı sularının təmizlənərək kənarlaşdırılması Xəzər dənizi və digər suhövzələrininçirklənməsinin qarşısının alınması

 


[1]https://www.facebook.com/rustamli/posts/pfbid05yQhseP9QXz3AKBZVF9sF7cXnak5T8GQ4oaTrRPKpAECimhaRU1w8hV75a5BHNrrl

[2] https://meteo.az/index.php?ln=az&pg=124

[3]https://meteo.az/index.php?ln=az&pg=124

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button