İqtisadiyyatManşetÖnə çıxanlar

“Amerika və Avropanın şirkətləri ilə “Barmek”lə olduğu kimi davranmaq mümkün deyil” (MÜSAHİBƏ)

Azərbaycan hökuməti ölkənin enerji sektorunu xarici və yerli investorlara açıq elan edib. Bunu aprelin 20-də prezident İlham Əliyev “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında iştirak edərkən bildirib. Prezident müəyyən müddətdə bu sahənin dövlət inhisarında saxlandığını bildirib. “Ancaq hazırda Azərbaycana investisiya qoymaq istəyən istənilən şirkət öz təkliflərini versin və yeni stansiyalar tiksin, investisiya qoysun və bizimlə bərabər işləsin”.Prezident bildirib ki, bəzi şirkətlər Azərbaycanın enerji sektoruna yatırım etmək istəyir, amma onlar artıq mövcud olan və işləyən stansiyalarla maraqlanırlar, hökumət isə onları yeni stansiyalar inşa etməyə dəvət edir.“Xarici investorları mən, ilk növbədə, yeni stansiyalara yönəltmək istəyirəm. Gəlsinlər pul qoysunlar. Yoxsa hazır vəziyyətdə gəlməyi hər kəs istəyər. Gəl, pul qoy, istehsal et, ötür ümumi sistemə və öz biznesini genişləndir. Bax, mənim xarici şirkətlərə tövsiyəm bundan ibarətdir, o cümlədən yerli şirkətlərə. Əminəm ki, bundan sonra dövlət-özəl sektor tərəfdaşlığı bu sahədə də mümkün olacaq”, – prezident belə deyib.İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı ASTNA-nın suallarını cavablayıb.

***

-Prezident “Azərenerji” ASC-nin yenidən qurulan kompleksinin açılışında çıxış edərkən ölkənin enerji sektorunu xarici və yerli investorlara açıq elan etdiyini bəyan edib. Natiq bəy, sizcə bu, doğru qərardımı?

-Azərbaycanın dövlət mülkiyyətində olan bir çox sahələr var ki, perspektivli sahələr olsa da onlar özəlləşdirməyə və yaxud uzunmüddətli idarəetməyə verilməyib. Hökumətə illərdir təkliflər edirdik ki, bu sahələrin qismən və ya tam özəlləşdirilməsinə və yaxud da uzunmüddətli idarə edilməsinə qərar verilməlidir. Çünki bu dövlət şirkətləri həm büdcə üzərində böyük yükdür, həm də müxtəlif illərdə dəfələrlə araşdırmalar olub ki, həmin şirkətlər ciddi koorupsiya mənbəyinə çevriliblər. Onlar dövlət büdcəsindən yardımlar alırdılar və onların fəaliyyətində şəffaflığın olmaması xərclərin optimallaşdırılmasını azaldırdı. Rentabelliyi aşağı salırdı. Ümumilikdə enerji sektorunun və digər sahələrin qismən və yaxud tam özəlləşdirilməsi və yaxud uzunmüddətli idarəetməyə verilməsi doğru qərardır.

-Prezident çıxışında etiraf edib ki, müəyyən müddətdə bu sahə dövlət inhisarında saxlanılıb. Niyə bu vaxta qədər bu sahə inhisarda idi və niyə məhz indi inhisardan çıxarmaq qərarı verilib?

-Bu sahələrin uzun müddət dövlət inhisarında saxlanılmasının həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəb ondan ibarətdir ki, bu sahələr həm də strateji sahələrdir. Yən, obyektiv səbəb kimi bunu göstərmək olar ki, bu sahələr dövlətin təhlükəsizliyini təmin edən, təhlükəsizlik məsələsinə daxil olan sahələr olduğu üçün bu sahələri dövlətin nəzarətində saxlamağa çalışmaq lazım gəlib. Amma burada daha çox subyektiv səbəblər rol oynayırdı. Çünki bu dövlət şirkətləri uzun illər dövlət büdcəsindən daim böyük həcmdə yardımlar, investisiya xərcləri, vergi güzəştləri alan sahələr olub. Bu sahələrdə təmir, tikinti, yenidənqurma işlərinə illər boyu milyardlarla vəsait ayrılıb. Əsasən də böyük neft pulları dövründə, təxminən 2004-cü ildən sonra bu sahələrə çox böyük yatırımlar olub. Bu sahələrə nəzarət edən məmurların marağında da deyildi ki, burada bir özəlləşmə və yaxud qismən idarəetməyə verilməklə bağlı addımlar atılsın. Ona görə də düşünürəm ki, o vaxt əslində özəlləşmənin və yaxud qismən idarəetməyə verilmənin gecikdirilməsinin əsas səbəbi bəzi məmur qruplarının maddi maraqları olub. İndi isə ölkədə ciddi maliyyə çatışmazlığına doğru gedirik və ölkənin büdcəsinin əlavə yükdən azad olunmasının zamanı yetişib. Həm neft qiymətlərinin enməsi ilə əlaqədar, həm də ümumilikdə ölkədəki iqtisadi, sosial vəziyyətin gələcəkdə daha dalğalı böhrana girmək ehtimalının yüksək olduğunu nəzərə alaraq ölkəyə əlavə investisiyaların gəlməsinə ehtiyac var. İnvestorlar üçün isə ən cəlbedici sahələrdən biri elə məhz elektrik enerjisi sektoru ola bilər.

-Azərbaycanın enerji sektoru investorlar üçün cəlbedicidirmi? Gəlirli sahədirmi?

-Dünyanın hər yerində enerji sektoru, əsasən də paylayıcı sahə, yəni əhaliyə və biznes subyektlərinə elektrik enerjisinin paylayıcı şirkətləri həmişə gəlirli və strateji sahə sayılıb. Bir çox ölkələrdə böyük tenderlər keçirilir. İri şirkətlər bunu qazanmaq üçün və investisiya yatırmaq üçün yarışırlar. Dövlətlər də ən yaxşı təklifi verən şirkətlərə bunu təqdim edirlər. Yəni, bu sahənin idarə edilməsinə və yaxud özəlləşdirilməsinə icazə verir. Azərbaycanda isə ilk addım kimi özəlləşmə olacağını düşünmürəm. Çox güman ki müqavilələr bağlanacaqsa, bu, ilkin illərdə icarə haqqı, amma sonradan özəlləşdirmə hüququ olan müqavilələr ola bilər. Yəni, ilk illər icarəyə veriləcək, sonradan isə özəlləşdirmə ilə bağlı həmin şirkətə hüquq veriləcək. İlk özəlləşdirməni həmin şirkət tərəfindən həyata keçirilməsi üstünlüyü veriləcək. Bütün dünyada olduğu kimi bu sahə Azərbaycanda da cəlbedici sahə sayılır. İnvestorların marağına səbəb ola bilər. Burada yeganə problem odur ki, bu sahə özəl sektorda olanda dövlətlə özəl sektorun bir ümumi anlaşması olmalıdır ki, elektrik enerjisi qiymətlərinin əhali üçün kəskin artımı baş verməsin. Bunun tənzimləmə mexanizmləri öncədən hazırlanmalıdır.

-Amma enerji sektorunun tarixində bir “Barmek” hadisəsi də yaşanıb. Hətta prezident çıxışında həmin şirkətin fəaliyyətinə toxunub və həmin şirkəti dələduz adlandırıb. “Barmek” şirkəti həqiqətən dələduzluqla məşğul idimi?

-“Barmek” şirkəti ilə bağlı müəyyən problemlər var idi. Bu şirkətin Azərbaycandakı fəaliyyətinin müsbət və mənfi tərəfləri var idi. Müsbət tərəfi o idi ki, infrastruktur çalışmalarına üstünlük verdilər. Bakı şəhərinin sayğaclaşmasında, yeni yarımstansiyaların qurulmasında kifayət qədər yatırımlar etdi. Amma şirkətin şəffaflığı ilə bağlı kifayət qədər suallar var idi. Yatırımların şişirdilməsi ehtimalı var idi. Çünki “Barmek”in ilkin anlaşmasında yatırımların bir qismini dövlətə ödəyəcəyi vergilərdən çıxma şərti var idi. Çox güman ki, müəyyən yatırımların şişirdilməsinin ehtimalı doğru idi. Amma “Barmek”in müsbət tərəfləri o idi ki, bu sahənin idarə edilməsində, yeni təkmilləşdirici addımların atılmasında inkaredilməz rolu olub. Effektli fəaliyyət göstərdi. Sadəcə, sonda dövlətlə anlaşa bilmədilər. Müxtəlif maraqların toqquşması baş verdiyi üçün “Barmek” şirkəti ilə bağlanmış müqavilə ləğv edildi. Amma bu da ölkənin investisiya imicinə böyük zərbə oldu. Çünki beynəlxalq mətbuatda bununla bağlı kifayət qədər yazılar dərc olundu.

-“Barmek” və onun rəhbərinin başına gətirilən olaylardan sonra hansısa investor bu sahəyə sərmayə yatırmaqda maraqlı ola bilərmi?

-Əslində Azərbaycan elə bir ölkədir ki, buraya gəlmək istəyən investorların istənilən halda dövlət rəhbərliyi və qərarverici şəxslərlə rəsmi və qeyri-rəsmi anlaşması olmasa gələ bilməyəcək. “Barmek” kifayət qədər zəif və kiçik şirkət idi. Buraya çox güman ki, iri, dünyamiqyaslı şirkətlərin gəlməsi gözlənilir. Yəni, çox güman ki, buna hesablanıb. Məsələn, yəqin ki, bu sahə Avropa və Amerika şirkətləri üçün açılacaq. Həmin şirkətlər çox güman dünyada tanınmış şirkətlər olacaq. O şirkətlərlə “Barmek”lə olduğu kimi davranmaq mümkün deyil. “Barmek” olayı təbii ki, ölkənin investisiya imicinə böyük zərbə vurmuşdu. Zatən Azərbaycanın investisiya imici yumşaq desək, o qədər də yaxşı deyildi. Amma bundan sonra investorlar belə bir qərar alacaqlarsa, çox güman ki, rəsmi və qeyri- rəsmi anlaşmalar olacaq.

-Hər hansı bir sahəyə investorların cəlbi üçün Azərbaycanda hansı maneələr mövcuddur və o maneələr necə aradan qaldırılmalıdır?

-Azərbaycan investisiya üçün əlverişli deyil. Təəssüf ki, bu, belədir. Əlverişli olsaydı bu günə kimi Azərbaycanda qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasını görərdik. Yeganə əlverişli sahə neft-qaz sahəsidir ki, burada tam oyun qaydaları var. Bu sahədə müqavilələr bağlanarkən parlament tərəfindən təsdiqlənir və konstitusion hüquqa malik olur. Azərbaycanda olan istənilən hökumətin kim olmasından asılı olmayaraq həmin müqavilələri dəyişmək hüququ yoxdur. Ona görə də neft-qaz sektorunda xarici şirkətlər tərəfindən normal müqavilə öhdəlikləri yerinə yetirilir. Bunu digər sahələrə aid etmək mümkün deyil. Digər sahələrdə belə bir praktika da yoxdur ki, hər müqaviləni parlament təsdiq etsin. Ona görə də digər sahələrdə investisiya cəlbediciliyini, investorların marağını artırmaq üçün Azərbaycan çox işlər görməlidir. Əslində Azərbaycan investisiya üçün bölgədə ən cəlbedici ölkələrdən biridir. Əhali sayına görə, istehlak potensialının yüksək olmasına görə, coğrafi üstünlüklərinə görə. İnvestorların qarşısında duran ən böyük maneə isə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmamaq istəyidir. Bütün investorlar üçün bu, çox vacibdir. ÜTT-yə üzvlük ölkənin dünyadakı sivil oyun qaydalarına uyğun öz şinelini qurmağa və investorlara beynəlxalq məhkəmələrə çıxış imkanı verir. İnvestisiya cəlb etmək üçün Azərbaycan mütləq ÜTT-yə üzv olmalıdır. Azərbaycan Avropa İttifaqı ilə danışıqlar aparır. Bu danışıqlar tezliklə yekunlaşmalıdır və strateji tərəfdaşlıq haqqında müqavilə bağlanmalıdır ki, bu da investorlar üçün Azərbaycanın cəlbediciliyini artıracaq amillərdən biridir. Amma daxili qanunvericilikdə də ciddi problemlər var. Mütləq Rəqabət Məcəlləsi qəbul olunmalıdır və əsas məsələ Azərbaycanda məhkəmə sistemi təkmilləşdirilməlidir. Məhkəmə sisteminin müstəqil və azad olmasına ehtiyac var. Heç bir investor icra hakimiyyətinin nəzarəti altında olan və bir telefon zəngi ilə qərar verə biləcək məhkəmə sistemi olan ölkəyə investisiya yatırmaz. İnvestorlar üçün əsas məsələ problemlərini ədalətli şəkildə həll edə biləcək məhkəmə sisteminin təşəkkül tapmasıdır. Azərbaycanda investisiyaların qarşısında duran əsas məsələlərdən bəlkə də birincisi məhkəmə sisteminin güvənilən olmamasıdır. Ümumiyyətlə, investisiya güvən məsələsidir. Güvən təsis edən və bu güvənin əsasında ədalətli sistem quran ölkələrə həmişə investisiya daha çox gəlir.

Bənzər yazılar

Back to top button