Hadisə

Naxçıvanda yeni koronavirus sərgüzəştləri: Sahibə Qafarova valideyni necə peşman etdi?

“Vasif Talıbovun dayısı oğlu, Naxçıvan Sement Zavodunun baş direktoru, Binə Gömrük İdarəsinin keçmiş rəisi müavini Mikayıl Cəfərov koronavirusdan dünyasını dəyişib. Allah rəhmət eləsin”.

Ovqat.com xəbər verir ki, məlumatı “gizli mətləblərin bilicisi”, tanınmış jurnalist Cavanşir Həsənli özünün facebook səhifəsindən paylaşıb.

Mərhumun nədənsə öz kəndində deyil, təyyarə ilə Bakıya gətirilərək paytaxtda dəfn olunduğunu vurğulayan Həsənlini ən çox maraqlandıran isə başqa mətləblərdir:

“Naxçıvan Muxtar Respublikasında hazırda koronavirusla bağlı durum kritik vəziyyətdədir. Ölkəboyu sərt karantin rejiminin tətbiq olunmasına, MR boyu faktiki yoluxmanın yüksək həddə olmasına və hər gün onlarla adamın virus səbəbindən dünyasını dəyişməsinə baxmayaraq, Naxçıvan rəhbərliyi hələ də vəziyyətin ciddiliyini nəzərə almaq istəmir. Təsəvvür edin, nəinki ölkəboyu, hətta bütün dünyada sərt karantin tədbirləri görülür, Naxçıvan Muxtar Respublikasında sentyabrdan adi qaydada məktəblərdə dərslər davam etdirilir, nəinki davam etdirilir, hətta şagirdlərin dərslərdə iştirakı və davamiyyəti məcburi xarakter daşıyır. Naxçıvan əhalisi narahatdır, amma sədrin məqsədəuyğun hesab etmədiyi təhlükə haqqında danışmaq olmaz.

Vasif Talıbov o qədərmi güclü liderdir ki, ölkəboyu pandemiyanın yaratdığı təhlükənin Naxçıvana aidiyyəti yoxdur. Muxtar Respublikada maska öhdəliyi yoxdur, icazəli çıxış bir yana ümumiyyətlə dükan-bazarlarda sərbəst hərəkətlilikdir. Kimsə yazacaq ki, sənin Naxçıvandan nə xəbərin var, olsun, əslində mənim xəbərim varsa, sizin də xəbəriniz var”,-C.Həsənli belə yazır.

Qeyd edək ki, jurnalist həmkarımızın qaldırdığı bu məsələ ilə əlaqədar Ovqat.com-a da xeyli şikayətlər daxil olub. Xüsusilə valideynlərin bildirdiklərinə görə, koronavirusun cövlan etdiyi indiki dövrdə şagird və tələbələr zorla təhsil aldıqları maarif ocaqlarına çağırılır. Hər kəsdən dərsə davamiyyət tələb olunur.

Bildirildiyinə görə, dərsə davamiyyət Naxçıvan MR Təhsil Nazirliyinin ciddi nəzarəti altındadır. Hətta rayon Təhsil şöbələrinin rəhbər və işçilərindən məktəblərə gedib dərsdən yayınan şagirdlərə ömür boyu unutmayacaqları “qulaqburması” vermələrinin tələb olunduğu iddia edilir.

Bəzi valideynlərin bu vəziyyətlə bağlı şikayət etmədikləri yer qalmadığını vurğulayırlar. Onlardan biri Azərbaycan Təhsil Nazirliyinə zəng edib və Naxçıvan həqiqətləri ilə bağlı onları məlumatlandırıb. Aldığı cavaba isə inana bilməyib. Təhsil Nazirliyindən valideynə bildiriblər ki, vəziyyətdən xəbərləri var, amma Naxçıvan “özbaşına respublika”dır. Bu “özbaşına respublika”ya nəinki onların, ölkədə heç kimin gücü çatmır.

Valideyn deyir ki, hüquq terminologiyasında “muxtar respublika” istilahına çox rast gəlib. Amma “özbaşına respublika” nədirsə, yəqin ki, “Made in Naxçıvan” brendinə aiddir.

Digər bir valideyn isə hətta şikayət etməyə də peşman olub. Əlaqədar dövlət orqanlarından aldığımız məlumata görə, valideynlərdən biri Naxçıvandakı vəziyyətlə bağlı Azərbaycan Respublikası Milli Məclisə məktub yazıb. Məktubda məsələyə diqqət ayrılması xahiş olunub. Üzərindən bir müddət keçəndən sonra isə valideynə Milli Məclisdən cavab məktubu gəlib. Məktubda şikayətin araşdırılması üçün Muxtar Respublikanın Ali Məclisinə göndərildiyi bildirilib. Yəni quzu qurda tapşırılıb.

Bildirilir ki, Milli Məclisin uzaqgörənliyi sayəsində binəva valideyn o gündən vahimə içərisində yaşayır. Hər an Muxtar Respublika “qolçomaq”larının repressiyasına məruz qala biləcəyindən çəkinir. İndiyədək həyatda olduğunu belə, Allahın möcuzəsi sayır.

Məlumat mənbəyimizin dediyinə görə, valideyn qorxmaqda haqsız deyil. Milli Məclis qanunən, məktubu şikayət edilən ünvana göndərməməlidir. Göndərirsə, deməli, Milli Məclisin sədrinin də bir vətəndaşın repressiyaya uğramasında marağı var. Bəs, bu maraq nədən ibarət ola bilər? Mənbəmiz hüquq mühafizə orqanlarının bu suala mütləq aydınlıq gətirəcəklərinə inanır. Çünki MM sədri Sahibə Qafarovanın da Rusiyanın adamı olduğuna dair ciddi şübhələr var. Mümkündür ki, “5-ci kolon”un üzvləri bir-birini narazılar üsyanından qorumaq üçün “paslaşmağı” qərara alıblar. Sahibə Qafarova da bu məktub transferi ilə öz komanda yoldaşına şikayətçinin ünvanını verib.

Mövqeyini öyrəndiyimiz bəzi naxçıvanlılar Vasif Talıbovun Muxtar Respublikada koronavirusun cövlan etdiyindən xəbərsiz olduğuna inanmırlar. Əvvəla, ona görə ki, Naxçıvanda dövlət nəzarətində olan koronavirus qəbiristanlıqları var. Xəstəxanada vəfat edən xəstələr gətirilib bu qəbiristanlıqlarda basdırılır. Dolayısıyla Naxçıvan rəhbərliyinin bu boyda həngamədən xəbəri olmaya bilməz.

Deyilənlərə görə, həmin qəbiristanlıqlar guya virus yayılmasın deyə, xüsusi qoruma altına alınıb. Bəzən ölülər hətta yaxınlarından belə, gizli dəfn edilirlər. Bundan əlavə, “kiçik torpaq”da bir neçə yerdə xüsusi koronavirus qəbiristanlığı da mövcuddur. Maraqlıdır ki, həmin məzarlıqlar əsasən Araz qırağında salınıb. Halbuki, belə xəstələr su hövzələrindən uzaq məkanlarda dəfn olunmalıdırlar. Əks halda yağmur və yeraltı suların virusu içməli su qaynaqlarına bulaşdırma ehtimalı meydana çıxar. Araz çayının Mil-Muğan, Abşeron rayonlarını, Bakını içməli su ilə təchiz edən əsas qaynaqlardan olduğunu nəzərə alsaq, Naxçıvan MR-nın koronavirusla necə təhlükəli zarafat etdiyi bütün çılpaqlığı ilə göz önünə sərilir.

Digər tərəfdən, bu xəstəlikdən əziyyət çəkənlər arasında Talıbova yaxın insanların sayı kifayət qədər çoxdur. Onlardan bəziləri artıq həyatla vidalaşıblar. Koronavirusun son qurbanı mərhum Mikayıl Cəfərovun Vasif Talıbovla dayi oğlu-bibi oğlu olması da Muxtar Respublika rəhbərliyinin bu mərəzdən bixəbər olduğunu istisna edir. İddialara görə, yoluxanlar arasında Naxçıvan “xanı”nın şəxsi mühafizəçiləri və Ali Məclis aparatının məsul işçiləri də var. Muxtar Respublikada koronavirusa üzqızardıcı xəstəlik kimi baxdıqlarından biz bu adamların adını açıqlamırıq.

Həmsöhbətlərimiz onu da bildirdilər ki, Muxtar Respublikada koronavirus ən çox Şərur və Sədərək rayonlarında yayılıb. Hansı ki, Vasif Talıbovun özü də həmin bölgədəndir. Cənab sədrin (Yeri gəlmişkən, Naxçıvanda “sədr” sözü böyük hərflərlə yazılır, “Muxtar Respublika isə balaca) doğulduğu Aralıq kəndindən çox da uzaq olmayan Sədərək qəsəbəsində son 5 gündə 7 nəfərin bu xəstəlikdən öldüyü bildirilir. Onlardan ikisi Şərur rayon xəstəxanasında həyata göz yumub və dövlət hesabına dəfn olunub. Digər 5-i isə evdə, heç bir tibbi yardım almadan dünyasını dəyişib. Hazırda Sədərəkdə 100-dən artıq sakinin koronavirusa yoluxduğuna dair xəbərlər var. Şərurda, Muxtar Respublikanın digər rayon və kəndlərində də vəziyyət bundan fərqli deyil.

Acınacaqlıdır ki, koronavirusun geniş şəkildə yayıldığı Muxtar Respublikada xəstələrə tibbi xidmət də yetərincə qurulmayıb. İddialara görə, hətta bu xəstəliyə yaxalanan tibb bacıları belə, xəstəxanalara yatırılmır. Onlara sağalana qədər evdə qalmalarına icazə verilir. Sağalandan sonra isə işə davam etməlidirlər.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button