Cəmiyyət

Ekspert: “Azərbaycan təhsili çox acınacaqlı vəziyyətdədir”

“Koronavirus pandemiyası digər sahələrlə yanaşı təhsil sahəsini də çətin vəziyyətlə üzləşdirib. Çoxsaylı mütəxəssislərin uzun müddətdir müraciət etməsinə baxmayaraq, ölkəmizdə distant təhsilalma forması tətbiq edilməyib və bu da hazırki vəziyyətdə bizim üçün daha böyük çətinliklər yaradır”.

AzToday.az xəbər verir ki, bunu reyting.az-a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov pandemiya səbəbindən elan edilmiş karantin rejiminə görə ölkəmizdəki bütün tədris müəssisələrində dərslərin dayandırılmasının yaratdığı problemi şərh edərkən deyib.

Onun sözlərinə görə, yaranmış vəziyyət əvvəlcə ciddi qəbul edilməsə də, buraxılmış dərsləri sonradan teledərslər vasitəsi ilə kompensasiya etmək istəyirlər.

E. Qafarov bildirib ki, XX əsrin 50-ci illərində ilk dəfə tətbiq edilən teledərslər vasitəsilə təhsilalanların qarşılıqlı əlaqəsini qurmaq mümkün olmadığı üçün cəmiyyət tərəfindən ciddi qəbul edilməyib və indi də qəbul edilmir. “Amma məsələyə “heç nə etməməkdənsə, nəsə etmək”,- prinsipi ilə baxsaq, bu addımı alqışlamaq lazımdır.

Daha sonra “Zoom” proqramının pirat variantını yükləməklə, eləcə də “Virtual məktəb” layihəsi ilə qismən də olsa vəziyyətdən çıxmaq istəyirik”, – təhsil eksperti əlavə edib.

E. Qafarov təəssüflə qeyd edib ki, müəllimlərin İKT sahəsində bilik və bacarıqlarının aşağı olması (əksər hallarda ümumiyyətlə olmaması – E.Q.), internet problemi, bəzi təhsilalanların kompüterlərinin olmaması (müəllimlərimizin də böyük bir qisminin şəxsi kompüteri yoxdur – E.Q.) hazırki vəziyyətdə ciddi çətinliklər törədir.

Buraxılmış dərslərin necə kompensasiya ediləcəyinə gəldikdə, təhsil eksperti bildirib ki, bu məsələ ilə bağlı Nazirlər Kabineti yanında Xüsusi Qərargah hansı qərar verəcəksə, proses həmin qərara uyğun tənzimlənəcək:

“Gəlin tələsməyək. Hazırda bir nömrəli məsələ pandemiya vəziyyətində vətəndaşlarımızın, o cümlədən təhsil tərəflərinin sağlamlığı müzakirə mövzusu olmalıdır”.

Qeyd edək ki, orta məktəb şagirdləri üçün teledərslər keçirilsə də, bu, sinifdəki tədrisi əvəz eləmir. Karantin rejimindən sonra Təhsil Nazirliyi şagirdlərin tədrisdən geri qalmamaları üçün orta məktəblərlə bağlı hansı addımları atmalı, hansı proqramı icra etməlidir?

E. Qafarov bu suala cavabında deyib ki, pandemiya dövrü ölkədə təhsilin çox acınacaqlı vəziyyətdə olduğunu bir daha açıq göstərdi: “İndi nə şişirdilmiş hesabatlar, nə də “uyğunlaşdırılmış” məlumatlar keçmir. Təhsilimiz pat vəziyyətindədir. Təhsil Nazirliyi istəsə də, bu vəziyyətdə heç nə edə bilmir, səbəbi isə məlumdur. Son 20 il, hətta son 10 il ərzində təhsildə dövlət siyasətinin əsas prinsiplərindən biri – inteqrativlik prinsipini həyata keçirmək üçün Azərbaycan təhsilini, qismən də olsa dünyanın qabaqcıl təhsil sisteminə uyğun dəyişdirmək olardı. Məsələn, kadr hazırlığı, distant təhsilalma, İKT-nin tədris prosesində tətbiqinin əhatəliyini genişləndirmək, informasiya resurları yaratmaq və s. Çox şeylər etmək olardı. Etmədik, edə bilmədik. Başımız təhsildə kadr dəyişikliyinə, müxtəlif mənasız (təhsilin keyfiyyətinə təkan verə biləcək) layihələrin (məlum məsələdir ki, bu layihələrə böyük məbləğdə vəsaitlər ayrılıb) icrasına qarışdı”.

E. Qafarov diqqətə çatdırıb ki, bu müddət ərzində ölkə təhsili üçün çox iş görmək olardı, bunu bu gün də etmək mümkündür. Amma iki əsas şərti nəzərə almaqla:

1. Təhsil sistemini (əgər sistem adlandırmaq olarsa) idarə edənlər təhsilə bağlı insanlar olmalıdır.

2. Təhsili sistemində DTX və Müdafiə Nazirliyi kimi ciddi nizam-intizam yaradılmalı, dövlətçilik prinsipi əsas götürülməlidir.

Problemlərdən biri də ali və orta ixtisas məktəblərində keçirilməli olan semestr imtahanları ilə bağlıdır. Görəsən, tam tədris edilməyən proqramın imtahanı necə keçiriləcək və ümumiyyətlə, bu imtahanlara ehtiyac varmı?

Təhsil eksperti bu suala cavabında deyib:

“Ali və orta ixtisas təhsili müəssisələrində semestr imtahanlarından, ümumi təhsildə buraxılış imtahanlarından, ali və ya orta ixtisas müəssisələrində qəbul imtahanından da vacib məsələ hər birimiz üçün Nazirlər Kabineti yanında Xüsusi Qərargahın qərar və tövsiyələrinə əməl etməkdir. Biz hələ bilmirik karantin rejimi nə qədər davam edəcək. Pandemiyadan sonra hökumət bu məsələlərlə bağlı qərar verəcək və qərarların maraqlı tərəflərin xeyrinə qəbul ediləcəyinə inanıram”.

E. Qafarov sonda qeyd edib ki, Azərbaycanın təhsil sistemi çox ciddi bataqlığın içərisindədir: “Bu, pandemiya dövründə bir daha hər kəsə açıq-aşkar göründü. Təhsildə həm struktur, həm qanunvericilik bazası, həm tədrisin həyata keçirilməsinin forma və məzmunu, həm də təhsilin idarə edilməsi baxımından ciddi dəyişiklik edilməlidir”.

Bənzər yazılar

Back to top button