Dünya

ABŞ İranın sabitliyi pozan hərəkətlərinin qarşısının alınmasına yönəlmiş addımları davam etdirəcək

Çərşənbə axşamı ABŞ açıq şəkildə bildirib ki, İranın Vaşinqtonun dondurduğu 6 milyard dollar vəsaitdən istədiyi kimi istifadə edə bilməyəcək. Bu vəsait ABŞ və İran arasında əsirlərin mübadiləsi haqqında saziş çərçivəsində açılacaq, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Vəsaitdən yalnız humanitar məqsədlərlə istifadə oluna bilər”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millier bildirib.

“Lazım olsa”, Vaşinqtonun onları yenidən dondurmaq imkanı olacaq, deyə o, əlavə edib.

Dövlət katibi Entoni Blinken ötən həftə sonu Cənubi Koreyada İranın dondurulmuş 6 milyard vəsaitinin Qatardakı banka köçürülməsi haqqında sənəd imzalayıb. Bunun əvəzində Tehran artıq ev dustaqlığına keçirilmiş beş Amerika vətəndaşını azad edəcək, ABŞ isə öz növbəsində beş iranlı məhbusu azad edəcək.

Bayden administrasiyası qeyd edib ki, açılan vəsaitdən yalnız humanitar məqsədlərlə istifadə olunacaq və Qatar onların istifadəsinə nəzarət edəcək. Lakin çərşənbə axşamı səhər İran prezidenti İbrahim Rəisi bildirib ki, İran sərbəst qalan vəsaitdən “harada lazım olsa, orada” istifadə edəcək.

ABŞ İranın regionda sabitliyi pozan addımlarının qarşısının alınmasına yönəlmiş addımları davam etdirəcək, deyə Miller Turan-ın İranın bu vəsaitdən regionda sabitliyi daha da pozmaq üçün istifadə etməsi mümkünlüyü haqqında sualına cavabda bildirib.

“Bizim İran hökuməti və İranın daxilində müxtəlif təşkilatlara qarşı yüzlərlə, bəlkə də minlərlə mövcud sanksiyamız var. Hadisələr tələb etdikcə biz sanksiyalar tətbiq etməyə davam edəcəyik”, deyə o, əlavə edib.

Bənzər yazılar

Back to top button