İqtisadiyyat

Azərbaycan iqtisadiyyatı dağılan 2-ci iqtisadiyyat olacaq

Rəsul Qulliyev: “Ölkədə vəziyyət mərsiyəlik olacaq”

Azərbaycanın ABŞ boyda super dövlətə meydan oxuması gülünc deyilmi?

Eks-spiker Rəsul Quliyev “Neft faktoru və Azərbaycan” mövzusunda maraqlı təhlillə çıxış edib. Yazını kiçik ixtisarla təqdim edirik:

“Neftin qiymətinin aşağı düşməsinin Azərbaycanda insanların həyat səviyyəsinə, iqtisadiyatına heç bir dəxli yoxdur” deyənlər nadan insanlardır, əminəm ki, onlar ailə büdcəsinin formalaşmasından belə xəbərsizdirlər və ya aldıqları rüşvətlərin prizmasından “real həyat necə ola bilər” variantlarını görə bilmirlər.

Neftin qiymətinin aşağı düşməsi, büdcə gəlirlərinin 50 faizi və ondan artığının bu sektorun payına düşdüyü ölkələrin hamısının iqtisadiyyatını ağlar vəziyyətə qoyacaq, bu, aksiyomadır, onun qarşısını nəinki orta savadlı prezidentlər, heç iqtidsadiyat və maliyə üzrə Nobel mükafatı almış 10-larla alimlər belə ala bilməz.

Neftin qiymətindən asılı olan keçmiş Sovet respublikaları arasında iqtisadiyyatının birinci çökəcəyi ölkə Rusiya Federasiyası olacaq. Çünki Putin Rusiyası toyuğun həmişə qızıl yumurta verəcəyinə inanıb maaşları ən azı 2-3 dəfə artırıb, hərbi xərclərini ildə 90 milyard dollara qədər qaldırıb, lazımsız inşaat işlərinə (əzəmətli binalar, lazımsız körpülər və sair) neftdən gələn pulları sağa-sola dağıdıb…

İqtisadiyyatının 2-ci dağılacağı gözlənin Azərbaycanın 24 milyard dollarlıq büdcəsinin azı 18 milyardı birbaşa və ya bilavasitə neft sektorundan gəlir. Neftin qiymətinin iki dəfə aşağı düşməsi bu 18 milyardın azı 2 dəfə aşağı düşməsi deməkdir.

Azərbaycan büdcədən maaşlara ildə 6 milyard ayırıb. Əslində neft sektoru nəzərə alınmasa, Azərbaycan maaşlara 1 milyarddan artıq pul ayıra bilməz. Deməli, maaşlara ayrılmış əlavə 5 milyard neftin satışından gələn pullardır. İndi əgər neftin satışından gələn pullar iki dəfə azalırsa maaşları bu səviyyədə saxlamaq üçün Azərbaycan neft fondunda yığılmış pullardan istifadə etməlidir.

Əgər tikinti üçün nəzərdə tutduğu 6 milyardı xərcləmək niyyətindədirsə, mənbə olaraq ancaq neft fondunun pulları ola bilər. Əgər manat–dollar məzənnəsini əvvəlki illər səviyyəsində saxlamaq istəyirsə, deməli əlavə 8-10 milyard yenə həmin neft fondundan xərcləməlidir.

Hökümət maaşları aşağı sala bilməz, çünki bu, birbaşa azı 3 milyonun maraqlarına toxunan problemdir.

Hərbi xərclərini aşağı sala bilər, məsələn 2 dəfə, ancaq bu onun bağladığı kontraktların şərtlərindən asılıdır. Elə ola bilər ki, cərimələnmək, aldığın maldan daha baha olsun.

Mənasız və bu gün lazımsız tikintiləri saxlaya bilər. Ancaq saxlasa 10 minlərlə işsizlər ordusu yaranar. Yəni ölkədə vəziyyət məddahların xoş gəlmək üçün söylədikləri şan-şöhrət qəzəllərindən çox mərsiyəlik vəziyyətdə olacaq.

Belə bir vəziyyətdə Qərblə bağlı riskli siyasət aparmaq Azərbaycan üçün çox ciddi və ağır nəticələrlə qurtarar.

Qonşu Rusiyaya baxıb ibrət dərsi götürmək lazımdır. Neft pullarının hesabına özünü super dövlət hesab edən Putinin prezidentliyinin 2015-ci ildə başa çatması reallıqdır. 15 il hakimiyyətdə oturub neft və qazdan başqa heç bir exsport məhsulu istehsal etməyən, öz daxili tələbatının azı 40 faizini import malların hesabına bağlayan dövlətin və onun prezidentinin taleyi ancaq belə qurtara bilər.

Rusiya neftdən gələn pulları Azərbaycandan da çox xərcləyib. Saysız- hesabsız bahalı binalar tikdirib, hərbi xərclərini 3 dəfə artırıb, maaşları daha böyük sürətlə qaldırıb, indi dövlətinin iflası ilə üz-üzədir. Sanksiyalar tətbiq olunmasa idi, Rusiyada iqtisadiyyatın iflası bir neçə il çəkərdi, sanksiyalar bu iflası bir ilə çatdırıb. Putinin Avro-Asiya İttifaqı çox ucuz siyasi blefdir. Heç bir iqtisadi əhəmiyyəti olmayan bu ittifaqı Putin siyasətinin böyük qələbəsi kimi öz xalqına sırımaq istəyir. Qazaxıstan və Ermənistan qorxularından, Belarus və Qırğızıstan isə Rusiyadan pul qopartmaq üçün bu ittifaqa giriblər. Bu ittifaq maksimum iki ilə dağılıb gedəcək. İttifaqda Ermənistandan başqa kimsə qalmaz.

Ancaq neft eksportuna güvənən Venesuelanın düşdüyü vəziyyət bu tipli bütün ölkələrdə eyni ssenari ilə davam edəcək. Diqqət yetirin. 30 milyon əhalisi var. Azərbaycandan 3 dəfə çox. Gündə 3 milyon barell neft satır. Bu da Azərbaycandan 3.5 dəfə çoxdur. İndi ölkənin iqtisadiyyatı tam dağılmağın astanasındadır. Çünki büdcə neftdən asılıdır. Çünki süni sürətdə maaşlar qaldırılıb. Çünki lazımsız binalar tikməyə böyük pullar xərclənib. Çünki hərbə lüzumsuz izafi xərc çəkib. Əlavə ABŞ-ın sanksiyaları da öz rolunu oynayıb.

ABŞ və Qərbin sanksiyası təkcə o ölkə ilə apardığı ticarətin dayandırılması deyil. Dünya bank sisteminin kredit proqramından ölkənin çıxarılması, aktivlərinin dondurulması, banklarda hesablarının (həm hökümətin, həm fərdlərin, həm də yaradılmış kompaniyaların) bağlanması, bir sözlə, maliyyənin tam iflic vəziyyətə salınması deməkdir. Rusiya kimi dünya neft və qaz eksportunun az qala 20 faizini təşkil edən ölkəyə sanksiyaların qoyulması nəticəsində iqtisadiyyatın ağlar vəziyyətə salınmasından məgər ibrət dərsi götürməməlidirmi Azərbaycan? 20 faiz işğal olunmuş torpaqlarının heç yarım faizini belə, kiçik, zəif Ermənistandan geri ala bilməyən Azərbaycanın ABŞ boyda super dövlətə meydan oxuması gülünc deyilmi?

Məgər Azərbaycandan gündə 600 min barell neft eksportunun dünya ekonomikasında heç bir rolu olmadığını bilmirlərmi? Neftin və boru kəmərinin tək Azərbaycana yox, həm də xarici kompaniyalara məxsus olduqlarından məgər xəbərləri yoxdurmu bizim bürokratların? Bilmirlərmi ki, istənilən vaxt həm neft çıxarılmasını, həm də borunun istifadəsini saxlaya bilərlər”.

Namiq Həmidov

Bənzər yazılar

Back to top button