İdman

“Qarabağ” ətrafında “yurd salan” 3 fərqli zümrə

“Qarabağ”ın “Gent”ə məğlubiyyətindən günlər keçsə də söz-söhbətlər hələ də səngimir.

Müxtəlif yanaşmalar, müxtəlif fikirlərlə üz-üzəyik. Heç kim heç kimin fikrin qəbul etmək istəmir, yaxın buraxmır. Heç mənim də məqsədim buna cəhd etmək deyil.

Amma diqqətimi cəlb edən və daha geniş yayılan 3 yanaşmanı siz təqdim edəcəm. Təbii ki, öz münasibətim əsasında.

ÜZÜLƏNLƏR – “Qarabağ” 10 ildir Avropada tarix yazır. Ölkəmizi digər ölkələrdə layiqincə təmsil edir. Bu gün bu komandanın adına görə Azərbaycanı yaxından tanıyan xarici vətəndaş az deyil. Haqqında danışdığım zümrə “köhlən atlar”ın bu fədakarlığın hər zaman xüsusi qeyd edir. Azərbaycan Premyer Liqasında mübarizə apara-apara göstərdiyi performansı yüksək qiymətləndirir. Və hər zaman haqlı olaraq ya qrup mərhələsində, ya da pley-off mərhələsində mübarizəni dayandırandan sonra Qurban Qurbanovun yetirmələrinə “Təşəkkür” yazmağı özünə borc bilir. Məğlubiyyətində isə bütün ruhu ilə üzülür.

FÜRSƏT GÜDƏNLƏR – Bu firqəyə kimlər daxil deyil ki? Fanat, mütəxəssis, jurnalist və s. Adətən uğurda səssizlik rejimində olurlar. Ən yaxşı halda iz itirmək üçün “Təşəkkür, “Qarabağ” tipində status yazarlar. Vay ona ki, komanda uduza. Fərq etmir rəqib “Marsel” olsun, “Gent” olsun. Və ya dayandığı mərhələ pley-off. “Silaha sarılıb” hücuma keçəcəklər. Əsas hədəf də baş məşqçi Qurban Qurbanovdur. Özünü dahi sayan, “fitri istedadlı” bu dəstə taktikadan vurub, sistemdən çıxacaq. Əslində onlar üçün böyük ölçüdə bir uğursuzluq arzuolunandır. Amma illərdi bu baş verməyincə, normal qəbul edilməli məğlubiyyətlərdən fil düzəltməyə, fiasko obrazı yaratmağa çalışırlar. Bəlkə də deyəcəksiniz ki, “əşşi, onlar da azərbaycanlıdır da, niyə elə qərəzli olsunlar?”. Məgər AFFA-da oturanlar canı canımızdan, qanı qanımızdan olan azərbaycanlılar deyildi? 6 illik çıxdığı yolun 6-cı ayında Qurban Qurbanovun başına gətirilənlərə şahid olmadıqmı? Bu adamların böyük paxıllıq hiss, mənəm-mənəmlik ruhu var. İstəməzlər ki, kimsə böyüsün, ucalsın. Bacaranı da vurmaq həyatda bacardıqları “ən gözəl” işdir.

XAM XƏYALDA YAŞAYANLAR – “Qarabağ”ı yalnız “Sürix”, “Frayburq”, “Nant” kimi kollektivlərlə oyunlarda görürlər. Düşünürlər ki, bir az artıq pulla adıçəkilən kollektivləri qısa müddətdə kölgədə qoymaq olar. Yaxşı arzudur, bəs həqiqət?

Təəssüf ki, onların əksəriyyəti heç ağdamlıların Premyer Liqadakı nəticəsindən, rəqiblərindən xəbərdar deyil. Amma qoyasan böyük oyunçuların təmsilçimizə transferindən bəh-bəhlə danışa. Bu adamlar bircə dəfə Bayılda “Səbail”lə oyunu izləsə, internetdə axtarış verib həmin “Sürix, “Frayburq” kimi rəqiblərlə büdcələri müqayisə etsə, çempionatların səviyyəsini analiz etsə, əminəm ki, qısa müddətdə anlayar ki, onu bu qədər böyük ambisiyalarla, qələbə ruhu ilə böyüdən elə məhz ilk fürsətdə qamçı vurduğu, tənə etdiyi həmin “Qarabağ”dır. Qurban Qurbanovun “Qarabağ”ı.

XANOĞLAN İMANOV

aut.az

Bənzər yazılar

Back to top button