Problemli kreditlərin başı dərdə girən zaminləri

Print Friendly, PDF & Email

Azərbaycanda problemli kreditlərin həcmi durmadan artır. 2017-ci ilin əvvəlinə olan məlumata görə ölkədəki belə kreditlərin ümumi məbləği 1,7 milyard manatdır. Şübhəsiz ki, vaxtı keçmiş kreditlərlə bağlı bank və müştəri arasında yaranan çəkişmələrdə ortaya zaminliklə bağlı da qalmaqallı məsələlər çıxır. Bu qalmaqallarda bəzən ən çox gərginlik və stressə məruz qalan şəxslər də elə zaminlik müqaviləsinə imza atmış şəxslər olur. Zaminlik öhdəliyi götürmüş şəxslər, əsasən, öncədən müqavilə şərtlərinə diqqət etmədiklərinə və baş verə biləcək xoşagəlməz nəticələri hesablamadıqlarına görə sonda çıxılmaz duruma düşürlər. Bu halda isə onların işi ya məhkəməlik olur, ya da maaş kartlarındakı vəsaitlər məcburi şəkildə müştərinin borclarına yönəldilir.

Yaxın günlərdə zaminliklə bağlı bənzər qalmaqalların tərəfi olan Atlas Vəzirova hüquqi şəkildə özünü bu tələdən xilas edə bilib. O deyir ki, yaxın tanışlarından birinin kredit borcuna 2 bankda zamin durub. Sonra tanışları borcunu vaxtlı-vaxtında ödəyə bilmədiyinə görə, onun işi “Əmrahbank”la məhkəməlik olub. Amma hüquqşünas məsləhəti köməyinə çatıb və sonda məhkəmə onun zaminlik müqaviləsinə xitam verib. A. Vəzirova deyir ki, problemlə üzləşdiyi zaman mətbuatdan hüquqşünas Əkrəm Həsənovun maarifləndirici açıqlamaları köməyinə çatıb. “Ekspertin açıqlamasından öyrəndim ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminin razılığı olmadan kredit öhdəliyi dəyişdirildikdə zaminliyə xitam verilir. Mən də zamin olduğum bankların kredit müqavilələrinin müddətini uzatdığını öyrənmişdim. Zaminlik müqaviləsində isə bu göstərilməmiş, mənim razılığım alınmamışdı. Beləliklə, zaminlik müqaviləsinin qüvvədən düşdüyünü sübut etdim və xilas oldum” – deyə o bildirir. Müsahibim deyir ki, hələ BTB bankı ilə bağlı bənzər problemi yoluna qoya bilməyib. Bank isə bir az əvvəl ona maaş kartından pul tutulacağı barədə xəbərdarlıq edib. A. Vəzirova bu bankla da eyni şəkildə davranacağını deyir.

Zaminlikdən qurtulmağın başqa bir hüquqi yolu da müştəri ilə bankın razılığa gəlməsi şərtləri əsasında mümkündür. Bu halda müştəri mütləq köhnə zamini yenisi ilə əvəz etməlidir, başqa cür mümkün deyil. Əyalətdə yaşayan Araz Rüstəmli də zaminliklə bağlı başı dərdə girən insanlardan biridir. Onun sözlərinə görə yaxın qohumu müəllimə olan həyat yoldaşını zamin tutaraq bankdan kredit götürüb. Sonra məlum olub ki, onun 5 banka borcu var. Borclar o qədər şişib ki, faizləri ödəyə bilməyən adam səssiz-səmirsiz Rusiyaya qaçıb gedib. A. Rüstəmli deyir “başımıza gələni yoldaşımın maaş kartına köçən pullar tutulmağa başlanandan sonra anladıq, amma gec idi”. “Zaminlik ən yaxın adamları belə düşmən edəcək məsələdir. Yaxın bir tanışım bu məsələyə görə öz əmisi oğlu ilə bıçaq davasına çıxıb, ağır yaralanmışdı. Ona görə hər kəs bu öhdəliyi götürəndə yüz ölçüb, bir biçsin”-deyə müsahibim bildirir.

Zaminliklə bağlı vaxtaşırı başı dərdə girən vətəndaşların yaşadıqlarını və mövzu ilə bağlı ekspert rəylərini eşitdikcə problemin ağırlığı daha dərindən aydınlaşır. Xatırlayırsınızsa, ötən il Dünya Bankı hökumətə kreditlərin üç yerə bölünməsi ilə bağlı təklif vermişdi. Qurum kreditin dövlət, bank və vətəndaş arasında bölünməsini təklif edirdi. Amma hökumət bundan imtina etdi. Belə çıxır ki, hökumət problemli kreditlərlə heç bir güzəşt etmək niyyətində deyil. Bu məsələ bir çox qanun pozuntuları ilə müşayiət olunduğuna görə də, vətəndaşları girdaba çəkə-çəkə davam edir. Bank kreditləri ilə bağlı qanun pozuntularından danışan hüquqşünas Əkrəm Həsənovun deyir ki, Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, kredit üzrə faizlər ildə bir dəfə tutulmalıdır. Banklar isə ayda bir dəfə tutur. Buna görə də kredit müqaviləsi, zaminlik müqaviləsi qanunsuz və etibarsızdır. Onun sözlərinə görə zaminin maaşının tutulması isə yalnız zaminlik müqaviləsində göstərildiyi halda qanuni sayıla bilər. Amma ekspert bildirir ki, müştəri kimi zamin də kredit borcuna görə bütün əmlakı ilə cavabdehdir. “Zamin dünyasını dəyişdikdə belə, borc onun qalan əmlakının dəyərindən ödənilə bilər. Amma əmlakı yoxsa, bank vəfat edən zaminin ailəsindən heç bir ödəniş tələb edə bilməz. İnkişaf etmiş ölkələrdə banklar zaminin kim olduğuna diqqətlə yanaşırlar. Bank kredit götürənlə yanaşı zamin duran şəxsi də araşdırır ki, gələcəkdə ödəniş problemi olanda zamin öhdəliyini yerinə yetirə bilsin. Hətta bəzən bank özü zamin cəlb edir. Bu cür problemlərlə qarşılaşmamaq üçün istər zamin duran şəxslər, istərsə də banklar çox diqqətli olmalıdırlar.”

Namiq Həmidov