İqtisadiyyat

“Aİ-95” markalı benzinin qiyməti niyə ucuzlaşdı? (EKSPERT)

“Benzinin istehlakı dünya üzrə 30-35 % aşağı düşüb”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli “Aİ-95” premium markalı benzinin qiymətinin ucuzlaşmasını şərh edərkən deyib.

Ekspert bildirib ki, benzinin qiyməti iki ildir Tarif Şurası tərəfindən tənzimlənmir:

“Əslində o vaxt belə qərar verilmişdi ki, tam bazar tərəfindən tənzimlənən qiymət olacaq. Amma uzun zaman dünya bazarında neft qiymətləri dəyişdikcə, Azərbaycanda 1.5 manat səviyyəsində qalırdı. Son zamanlar dünya bazarlarında həm neftin, həm də benzinin qiymətində həddindən artıq ucuzlaşma olub. Benzinin istehlakı dünya üzrə 30-35 % aşağı düşüb. Pandemiya, krantin dövrü ilə əlaqədar neftayırma zavodları istehsal etdikləri benzini sata bilmirlər. “Aİ-95” markalı benzin ölkəyə xaricdən gətirilir. Ona görə də qiymətin aşağı düşməsi gözləniləndir və belə də olmalı idi. Ona görə də buna təbii proses kimi baxmaq lazımdır”.

Natiq Cəfərli qiymətlərin bundan aşağı düşməyəcəyini bildirib:

“Çünki neft qiymətlərinin ən azı 30 dollar civarında sabitləşmə gözlənilir. Yəqin ki, “Aİ-95” markalı benzin də bir müddət bu qiymətdə sabit qalacaq. Nə vaxt dünya bazarlarında neftin qiyməti yüksəlsə, o zaman “Aİ-95”in qiymətində də artım olacaq”.

Qeyd edək ki, mayın 1-dən etibarən “Aİ-95” premium markalı benzinin qiyməti ucuzlaşacaq. Bu markalı yanacağın qiyməti 0,10 manat ucuzlaşaraq 1.1 manat olacaq.

Bənzər yazılar

Back to top button