“Hərbçilər bu dəfə Ərdoğanı həqiqətən yıxıb İstanbulda asacaqlar” – Rəsul Quliyev

Print Friendly, PDF & Email

“Bu referendum təkcə regionda yox, dünyada da vəziyyəti dəyişəcək. İraqa və xüsusilə Türkiyəyə neqativ münasibət bəsləyən bir çox ərəb və Avropa ölkələri veni yaranmış “Kürdüstan”ı tanıya bilər”.

Bu sözləri eks-spiker Rəsul Quliyev Şimali İraqda keçirilən referendumu şərh edərkən deyib.

Əməkdaşımızla söhbətində eks-spiker kürd faktorunun necə ortaya çıxmasının tarixi sürəcinə və səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, indi ortaya çıxan bir çox konfliktlər kimi kürd məsələsi də I Dünya müharibəsindən sonra Yaxın Şərqin necə gəldi dövlətlərə bölünməsindən yaranıb:

“Osmanlı imperiyasının süqutundan sonra Böyük Britaniya tərəfindən yaradılmış İraq qurularkən o reqionda yaşayan 2 fərqli məzhəb (sünnülər və şiələr) və xalqlar (ərəblər və kürdlər) faktoru nəzərə alınmayıb və bu ölkənin xəritəsi hansısa general tərəfindən müəyyənləşdirilib. Ona görə bu ölkədə demokratik bir rejim də yaradılmayıb. Səddam Hüseyn hakimiyyətə gəlməyənə qədər İraqda hər gün terror aktları baş verirdi. Səddam Hüseyn daha güclü terrorla ölkəni qismən sakitləşdirə bildi. 2002-dən sonra geniş muxtariyyat almış kürdlər talelərindən razı idilər, onların nümayəndəsi ölkənin prezidentiydi. Ərəb xəlifətçiləri qarşısında aciz qalan İraq höküməti tam nüfuzunu itirdi. İlk illər xilafətçi teroristlərə qarşı ancaq kürdlər vuruşurdu. Nəticədə onların həm İraqda həm də Suruiyada nizami güclü orduları var. Türkiyənin istədiyi vaxt sərhəddi keçib separatçı kürdləri qırmasına İraqın hökumətinin qarışmaması özünü kənarda tutması artıq kürdlərin radikal addımlar atacağından xəbər verirdi”.

Açıqlamasında “Kürdüstan”ın dünya dövlətləri tərəfindən tanınıb-tanınması perspektivinə də toxunan Rəsul Quliyevin fikrincə, bu təşəbbüs ilk növbədə Rusiya tərəfindən dəstəklənəcək:

“Krımı, Abxaziyanı, Asetiyanı, Moldovanın bir hissəsini, Donbası işğal edən Rusiya “dostu və qardaşı” Ərdoğanı Kürdüstanı tanımaq məcburiyyətində olduğunu deməklə şantaj edəcək və axırda tanıyacaq. Kürd ‘’azadlıq’’ hərəkatı Suriyadakı kürdlərlə birləşəcək,Türkiyədə isə partizan kimi yox, əsl nizami ordu kimi müharibə aparacaqlar. Kürdlər üst-üstə Türkiyə, İran, Suriya və İranın hesabına 30 milyon əhalisi olacaq böyük Kürdüstan yaratmaq fikirindədirlər. Bir sözlə, Yaxın Şərqi İsrail -Fələstin müharibəsindən də amansız müharibə gözləyir. Yalnız ABŞ bu proseslərin qarşısını qismən ala bilər. Çünki Yaxın Şərqdə yeganə çəkisi olan ölkə Amerikadır”.

Bəs, Türkiyənin və İranın regiondakı gücü və artan nüfuzu bu prosesin qarşısını ala bilərmi? Rəsil Quliyevin fikrincə, xeyr. Çünki buna ilk növbədə Türkiyə prezidentinin son zamanlar yürütdüyü siyasət mane olacaq:

“Ərdoğanın apardığı siyasət nəticəsində ABŞ Türkiyədən üz döndərəcək. Ərdoğan əgər gücsüz Rusiyanın tərəfini daha artıq tutmaq xəttini davam etdirəcəksə, hərbçilər bu dəfə Ərdoğanı həqiqətən yıxıb İstanbulda asacaqlar. Kürdlərin İrandan hər hansı bir torpağı alması isə müşkül məsələdir. Birincisi, İrandakı kürdlər bu ölkədən ayrılıb kimlərləsə ittifaq yaratmağa meyilli deyillər. İkincisi, heç bir fərq qoymadan İran kürdləri həm parlamentə seçilir, həm də vəzifələrində kifayət qədər təmsil olunurlar”.

Azərbaycana gəlincə isə, Rəsul Quliyevin fikrincə, rəsmi Bakı sivil Kataloniya başda olmaqla istənilən separatçılığın əleyhinə olmalıdır. Çünki DQ-ın özünü müstəqil dövlət elan etməsi kürdlərdən sonra tam realdır:

“İşğal olunmuş ərazilərin neçə faizi Azərbaycana qaytarılacaq, məlum deyil. Böyük ehtimalla, yaxın 10 ildə heç nə olmayacaq. Azərbaycanın öz torpaqlarını azad etməsi üçün nə demokratik rejim yaratmaq, nə də hərbi əməliyyatlar keçirmək fikri var. İndiyə qədər hərbə xərclədiyi 17 milyard dollar (Ermənistandan 5 dəfə artıq pul xərcləyib) müharibə you ilə torpaqları azad etmək üçün deyil, paradlarda göstərib xalqı qorxutmaq üçündür”. (Ovqat.com)