ManşetÖnə çıxanlarSiyasət

Georgi Gogiya: Saxta ittihamlarla həbs təcrübəsinə son qoyulmalıdır

Human Rights Watch (HRW) beynəlxalq hüquq müdafiə təşkilatı bloger Mehman Hüseynova qarşı yeni saxta ittihamın ləğv edilməsinə şaddır. Amma bu, onun həbs müddətnin davam etməsinə heç cür bəraət qazandırmır. Həbs qanunsuzdur, belə ki, Mehman Hüseynov saxta diffamasiya ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bu fikri “Amerikanın Səsi”nin Azərbaycan xidmətinə müsahibəsində HRW-nin Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Georgi Gogiya bildirib.

Onun sözlərinə görə, HRW onun necə oğurlandığını, polisdə onunla necə davranıldığını və onun ictimaiyyətə bəyanatını və bunu araşdırmaq yerinə blogerin özünü həbs edən və “bütün polisin təhqiri” kimi saxta ittiham üzrə mühakimə edən hakimiyyətin əməllərini sənədləşdirib.

HRW hesab edir ki, M.Hüseynov dərhal azad edilməli və tamamilə reabilitasiya olmalıdır.

“Və təkcə o deyil. Bir çox digər insanlar da həbsxanalarda saxlanılır. Bu, hökumətin tənqidçilərinə qarşı həbsdə saxlanılma müddətlərinin uzadılması üçün yeni saxta ittihamlardan istifadə olunduğu ilk hal deyil”, deyə Gogiya sözünə davam edib.

Xüsusən, o, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Məmməd İbrahimovun həbs müddətinin başa çatmasına bir neçə gün qalmış yeni saxta qanunsuz bıçaq saxlama ittihamı irəli sürüldüyünü və əlavə olaraq 5,5 ay müddətinə azadlıqdan məhrum edildiyini yada salıb.

Hakimiyyət bu təcrübəyə son qoymalı və saxta ittihamlarla həbs edilən hər kəsi azad etməlidir.

M.Hüseynovun aclıq aksiyası keçirməsi və digər fəalların və siyasi məhbusların onunla həmrəylik aksiyası hakimiyyətin qərarına nə dərəcədə təsir edib?

Bu suala cavab verən Gogiya birmənalı qiymətləndirmədən çəkinib. O qeyd edib ki, blogeri bu ümidsiz addıma 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan açıq-aşkar saxta ittiham irəli sürülməsi ilə bağlı düşdüyü vəziyyətdən çıxış yolunun olmaması vadar edib.

İnsanlıq nöqteyi-nəzərdən blogerin addımına bəraət vermək olar, hüquq müdafiəçisi belə hesab edir.

“Amma heç kim hakimiyyəti hüquqlara riayət etməyə məcbur etmək üçün öz sağlamlığına ziyan vurmamalıdır”, deyə Gogiya qeyd edib.

Onun fikrincə, hakimiyyətin blogerə qarşı ittihamları ləğv etməsinə bir sıra amillər təsir edib.

“Həm ölkə daxilində, həm də xaricdə göstərilən həmrəylikdən asılı olmayaraq, Bakı aydın mesaj alıb. Beynəlxalq ictimaiyyətin Mehman Hüseynovun işinin qiymətləndirilməsində yekdillik nümayiş etdirməsi çox vacib idi. Bu, çox vacib idi və Bakıda bu mesaj eşidildi. Biz narahat idik və Mehmana görə sevindik. Amma, təəssüf ki, o, hələ də həbsdədir və azad edilməlidir. Ondan başqa, siyasi motivlərlə həbs edilmiş digər fəallar da həbsxanalarda saxlanılırlar. Onların həbsinə bəraət verən heç nə yoxdur. Hakimiyyətin edəcəyi yeganə şey onları azad etmək və fəaliyyətlərini maneəsiz şəkildə davam etdirməyə imkan verməkdir”, deyə Gogiya bildirib.

Öz növbəsində, uzun illərdir həbsdə olanlar azad edilməlidir.

Bu zaman Gogiya altı ilə yaxındır həbsdə saxlanılan gənc fəal İlkin Rüstəmzadənin adını xüsusilə qeyd edib.

O xatırladıb ki, əvvəllər də hakimiyyət məhbusları azad edirdi, amma onların siyasi, ictimai və vətəndaş fəaliyyətlərini məhdudlaşdıran şərtlər irəli sürürdü.

Onun sözlərinə görə, Azərbaycan insan hüquqları sahəsində beynəlxalq öhdəliklərini tam şəkildə yerinə yetirməlidir.

“Biz və beynəlxalq ictimaiyyətin digər üzvləri Bakını doğru addımlar atmağa çağırırıq”, deyə Gogiya sözünə davam edib.

HRW hesab edir ki, siyasi məhbuslara azadlıq ittihamı ilə etirazlarda iştirak etdiklərinə görə 10-30 günlük həbs edilmiş onlarla insan da azad edilməlidir.

Ümumiyyətlə, Gogiyanın sözlərinə görə, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət acınacaqlı olaraq qalır. “Azərbaycan beynəlxalq monitorinq üçün getdikcə daha qapalı ölkəyə çevrilir. Azərbaycan Human Rights Watch nümayəndələrinin gedə bilmədiyi az sayda ölkədən biridir. Məsələn, illərlə ölkəyə gəlməyə icazə verməyən Özbəkistan artıq Human Rights Watch-un qayıtmasına və işi davam etdirməsinə icazə verib. Amma Azərbaycan artıq üç ildir heç bir izahat vermədən, qanuni səbəblər göstərmədən mənim və həmkarlarımın ölkəyə gəlməsinə icazə vermir. Sonuncu dəfə ötən ilin noyabrında Azərbaycana gəlməyə çalışdım. Amma onlar məni bir neçə saat sərhəddə saxladılar və heç bir izahat vermədən və qərar çıxarmadan geri qaytardılar”, deyə Gogiya qeyd edib.

Onun sözlərinə görə, Human Rights Watch-u daha çox siyasi motivli həbslər təcrübəsi narahat edir.

İşgəncələr də narahatlıq doğurur.

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin sonuncu hesabatında qeyd edilir ki, Azərbaycanda işgəncələr sistemli və müntəzəm xarakter alır.

Təşkilat həmçinin vəkillərə qarşı sanksiyalardan, onların işdən kənarlaşdırılmasından narahatdır.

Uzun illərdir media azadlının məhdudlaşdırılması da narahatlıq predmetidir.

Söhbət jurnalistlərin həbsindən, saytların bloklanmasından və s. gedir.

“Ümid edirik ki, Azərbaycan rəsmiləri buna ciddi yanaşacaqlar və siyasi motivlərlə həbs edilmiş şəxsləri azad etməyə başlayacaqlar, ölkəni beynəlxalq monitorinq üçün açacaqlar”, deyə Gogiya bildirib.

Bənzər yazılar

Back to top button