ManşetSiyasət

“İranla layihələr havadan asılmış vəziyyətdə qalacaq”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yanvarın 27-də İrandakı səfirliklərinə silahlı hücumla bağlı fevralın 6-da yeni bir məlumat yayıb. Həmin məlumata görə, İran polisi terror aktına müdaxilə etməyib: “Terrorçunun səfirliyə daxil olmasından 2 dəqiqə sonra İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yaxınlığındakı postda dayanmış polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb”.

Açıqlama bu fikirlə də başa çatır: “Terrorçunun… hadisə yerinə avtomat silah və güllələrlə dolu ehtiyat daraq, “Colt” tipli tapança, “Molotov kokteyli”, ağır zərbə aləti… gətirməsi, İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir”.

Artıq bir müddətdir ki, Tehran və Bakı arasında qarşılıqlı ittihamlar getdikcə sərtləşir. Halbuki, iki ölkə arasında bir sıra iqtisadi layihələr mövcuddur. Bura “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Araz çayı üzərində “Xudafərin”, “Qız Qalası” hidroqovşaqlarının, su-elektrik stansiyalarının tikintisi və Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiyanın yaradılması daxildir. Artıq bu layihələri də xatırladan yoxdur.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu “Turan”a bildirib ki, görüntülərdən aydin olur ki, İranda Azərbaycan səfirliyinə qarşı terror əvvəlcədən ssenari üzrə yazılıb və icra edilib: “Bu, məqsədyönlü, xüsusi təşkil olunmuş bir terrordur. Terrordan sonra polisin davranışı, hərəkəti və hərəkətsizliyi hüquqi məsuliyyət yaradır. Ona görə də bu, əlbəttə ki, siyasi kontekstdə də qiymətləndirilməlidir”.

Deputatın sözlərinə görə, bu, Azərbaycan dövlətinə, onun yaratdığı yeni reallığa qarşı bir təzyiq vasitəsidir. Onun fikrincə, bu, iki ölkə arasında münasibətlərə təsir göstərəcək: “İrandakı Azərbaycan səfirliyi öz fəaliyyətini dayandırıb. Şübhəsiz ki, bundan sonra İran-Azərbaycan münasibətlərin necə olması daha çox İranın davranışından asılı olacaq. Əgər İran baş vermiş hadisədə kimin əli olduğunu, hansı dövlət qurumların və ya xüsusi qurumların sifarişi ilə bunun yerinə yetirildiyini açıq şəkildə etiraf edəcəksə, bir daha bənzər hadisələrin baş verməməsi ilə bağlı zəmanət verəcəksə, perspektivdə İran-Azərbaycan münasibətləri yaxşılaşmağa doğru gedə bilər. Ancaq ötən dövr ərzində biz tam əksini görürük”.

H.Babaoğlu hesab edir ki, gərginlik davam edəcək. Qeyd edib ki, Azərbaycanın ticarət dövriyyəsində və iqtisadi münasibətlərində İranın elə də aparıcı rolu yoxdur: “Çünki Azərbaycanın əsas ticarət tərəfdaşı Avropa İttifaqıdır. Azərbaycanın ümumi idxal-ixrac məhsullarının böyük əksəriyyəti yaxın qonşu ölkələr ilə dövriyyə edir, Rusiya ilə yaxşı münasibətlərimiz var. Yəni, iqtisadi faktor kimi İran-Azərbaycan münasibətlərində Azərbaycana təsir edəcək bir amil yoxdur”.

Deputat bildirib ki, əvvəl tibbi sahədə mübadilə prosesi var idi, o da arxada qalıb. Onun sözlərinə görə, bəlli oldu ki, İrana müalicə adı ilə gedən Azərbaycan vətəndaşlarının bir çoxu narkotik vasitələr ilə “müalicə” alıblar: “Ona görə də bu tibbi turizm da hazırda sıradan çıxmış vəziyyətdədir. Eyni zamanda, Azərbaycanla İran arasında ciddi turizm mübadiləsi də yoxdur”.

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, birinci mərhələdə İranla Azərbaycan arasında diplomatik əlaqələr kəsilə bilər: “Daha sonra isə İran yenə viza rejimi tətbiq edə bilər (İran birtərəfli qaydada vizanı ləğv edib). Gediş-gəliş, iqtisadi əlaqələr və diplomatik münasibətlər tam kəsilə bilər”.

Politoloqun fikrincə, ikinci mərhələ isə bilavasitə artıq layihələrə toxuna bilər: “Yəni, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Araz çayı üzərində “Xudafərin”, “Qız Qalası” hidroqovşaqlarının və su-elektrik stansiyalarının tikintisi, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya xətti layihələri dayana bilər. Onların tam bağlanmasına inanmıram, amma ən azından bu İranla birgə layihələr havadan asılmış vəziyyətdə qalacaqlar. Halbuki həm Azərbaycan, həm İran bu layihələrin işlək olmasında maraqlıdır”.

O, İranla Azərbaycan arasında hərbi toqquşmalar gözləmir: “Proseslər ona doğru getməyəcək. Bu, nə Azərbaycanın maraqlarına uyğundur, nə də İran bu gün elə vəziyyətdədir ki, hansısa ölkəyə hücum etsin və onun arxasında dura bilsin”.

Azərbaycan XİN-in açıqlamasına və yazıda müsahiblərin iddialarına, hələlik, İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Bənzər yazılar

Back to top button