AnalitikaManşetSiyasət

Çin lideri pandemiyanın və Putinin basqısı altında (TƏHLİL)

Qərbdə, xüsusən də Amerika mətbuatında ötən həftə Çin lideri Si Tszinpinin mövqeyinin sarsıldığına inandırmağa çalışan məqalələr yayılıb.

Bu, yəqin ki, Sinin kommunist partiyasına və dövlətə liderlik etməyə başladığı andan etibarən informasiya məkanına buraxılmış ilk sınaq şarlarıdır.

2012-ci il noyabrın 15-də Çin Kommunist partiyasının Mərkəzi Komitəsinin plenumunda Si Tszinpin Çin Kommunist Partiyasının yeni baş katibi və Mərkəzi Hərbi Şurasının sədri seçilib. Bundan sonra o, 2017-ci ildə yenidən seçilib və indi üçüncü müddətə ölkə lideri vəzifəsinə hazırlaşır.

Sinin nüfuzunun sarsılmasının səbəbi kimi Çinin iqtisadi tərəqqi mərkəzində – Şanxayda sıfır COVİD siyasəti yeritməsini və Ukraynada müharibə ilə əlaqədar zəifləmiş prezident Vladimir Putinə həddindən artıq arxalanmasını göstərirlər.

Şanxayda bir ay əvvəl ikinci epidemiya dalğası qeydə alınıb. Görülən sərt məhdudlaşdırıcı tədbirlər işgüzar fəallığa ciddi zərbə vurub, bu da Sinin son illər iqtisadi tənəzzül və vətəndaş azadlıqlarının daha çox məhdudlaşdırılması ilə səciyyələnən siyasətindən narazılıq doğurub.

Rusiyaya gəlincə, yüksək dairələrdə Rusiya lideri Putinin beynəlxalq tərəfdaşı olaraq qoşunları ilə Ukraynada batıb qalaraq, beynəlxalq miqyasda izoya çevrilən Sinin seçimindən, yumşaq dillə desək, narazıdırlar. Çinin Rusiyaya birtərəfli dəstəyi Çinin maraqlarının həyata keçirilməsində tarazlığı pozub və dünya səviyyəsində Çinin nüfuzunu kəskin şəkildə azaldır, Sinin rəqibləri belə hesab edirlər.

Əslində hər iki halda Si pandemiya və Ukrayna böhranlarından əvvəl təkcə öz ölkəsində deyil, bütün dünyada göründüyü qədər parlaq görünmür. Həmin vaxt bir çox liderlər Çin Kommunist Partiyasının Mao Tszedun və Den Syaopinlə müqayisə olunacaq səviyyəyə yüksəltdiyi Çin liderinin dostluğunu və rəğbətini qazanmaq istəyirdi.

Hakimiyyətin yüksək eşelonlarındakı anonim mənbələrə istinadla bu ilin payızında partiyanın 20-ci qurultayında Sinin vəzifələrindən azad edilə biləcəyi haqqında təxminlər yayılır.

Sinin özünün dövlət başçısı mövqeyini pandemiya, Rusiya ilə əsrin qarşıdurması, Tayvan məsələsində ABŞ-la gərginlik və post-maoist nəslin azad cəmiyyətə can atması ilə əlaqdar yaranmış çağırışlara daha adekvat olan başqa bir şəxsə verəcəyi istisna deyil.

Baş nazir Li Ketsyanın belə bir varis ola biləcəyi deyilir. Ekspertlər Sinin həmin vaxta qədər öz əlinə aldığı iqtisadiyyatı idarəetmə cilovlarını iqtisadi tənəzzül şəraitində böhran çağırışlarının öhdəsindən daha yaxşı gələ biləcəyini düşünərək baş nazirə vermək məcburiyyətində qaldığı ötən ildən etibarən onun məşhurluğunun və fəallığının artdığını qeyd edirlər.

Ümumiyyətlə Çinin rəhbərliyində qarşıda duran dəyişikliklərdən, ölkənin idarəçiliyində kommunist partiyasının rolunun azalacağından və iqtisadiyyatda liberal kursun güclənəcəyindən danışırlar.

Pandemiya və Ukrayna amillərinin Çindəki vəziyyətə və Sinin öz mövqeyinə təsirini həddindən artıq qiymətləndirmək yanlış olardı. Maodan başlayaraq bu günə qədər Çin tarixi ölkənin kursu və rəhbərləri dəyişərkən Çin cəmiyyətinin vərəsəliyə riayət olunmasına sadiqliyini göstərir. Bu zaman kurs mövcud siyasətə alternativ kimi deyil, eyni siyasətin müasirləşmə elementləri ilə davamı kimi dəyişə bilər. Ən azından, belə olmasa da, bu, məhz belə qələmə veriləcək.

İstənilən halda payızda Sinin tərəfdaşları və ölkənin idarə edilməsində kollektivliyin və Sinin hakimiyyəti dövründə ifadə azadlığına tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarı olanlar arasında müəyyən kompromisə nail olunacağını gözləmək olar. Siyasətdə tarazlıq beynəlxalq tərəfdaşlarla münasibətləri Çinin dünya iqtisadiyyatının və geosiyasətin mühüm hissəsinə çevrilməyə müvəffəq olduğu keçmiş səviyyəsinə qaytaracaq prioritet xətt ola bilər.

Mehman Əliyev

Turan.az

Bənzər yazılar

Back to top button