Hadisə

Elçin Quliyev, doğrudan da sizin bunlardan xəbəriniz yoxdur?

Hazırda dünyanı bürüyən Koronavirus pandemiyası əslində Azərbaycana daha çox özü ilə xalqın qanını susamış, öz millətinin tarixini kağız pullara satmış məmurların və vəzifəli şəxslərin həbslərinin dalğasına gətirdi. Burada Azərbaycan Baş Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətlərinin son zamanlar etdiyi xüsusi peşəkarlığı da unutmaq lazım deyil. Sözsüz ki, DTX ölkədə baş verənləri çox yaxşı izləyirdi. Prokurorluq və DTX-nin peşəkar rəhbərləri bu qanunazidd əməlləri dərhal və vaxtında ifşa etməyi çox yaxşi bacardı.

Son baş verən hadisələr Azərbaycan dövlətçiliyinə və onun xalqına qarşı olunmuş ən alçaq və şərəfsiz hərəkətlərdən biri kimi tarixə düşdü. Dövlət Sərhəd Xidmətində baş verənləri qəbul etmək isə tamamilə mümkünsüzdür. Dövlətin sərhədlərinin təhlükəsizliyinə cavabdeh olan bir qurumda belə bir hadisənin baş verməsi utancverici, lakin heç də təəccüb doğuracaq hal deyildi.

2005-ci ildə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təməli qoyulanda ona olan ümidlər böyük, etimad isə sonsuz idi. Çünki Azərbaycanın dövlət başçısı Azərbaycan Ordusunu daha çox Dağlıq Qarabağ və onun ətraf rayonlarının azad olunması üçün səfərbər etmişdi. Dövlət Sərhəd Xidmətinə isə Rusiya və İran İslam Respublikasından gələn təhdid, qaçaqmalçılıq və sərhəd pozuntularının qarşısını almaq üçün tapşırıq verilmiş, Sahil Mühafizəsinə ölkənin dəniz sərhədləri etibar olunmuşdu. Lakin DSX-nin Sahil Mühafizəsi bizə daha çox içindən çat verən böyük bir ağacı xatırlatmağa başladı. Burada Azərbaycan dövlətçiliyinə deyil, daha çox öz ciblərinə xidmət edən cinayətkar bir dəstənin ortaya çıxmasının şahidi olduq.

DSX-nin Sahil Mühafizəsinin rəisi Əfqan Nağıyev və onunla birlikdə digər yüksək hərbi rütbəli şəxslərin həbsi əslində həmin qurumda çoxdan başlayan və davam etməkdə olan rüşvətxorluğu üzə çıxarmış oldu. Şübhə doğurur ki, necə ola bilər ki, bunlardan DSX-nin rəisi Elçin Quliyevin xəbəri olmasın?! Bu tip korrupsiya əməllərinin yuxarı rəhbərin icazəsi olmadan görülməsi qeyri-mümkündür. Onlar bu korrupsiya batağında Azərbaycan dövlətçiliyinə kölgə saldıqlarını unutmuşdular.

Son günlər Qazaxıstan sərhədçiləri və Azərbaycan balıqçıları ilə baş verən hadisədə çox kiçik balıqçı qayığı Sahil Mühafizə xəttini az qala kəşfiyyatçı qayığı kimi keçərək Qazaxıstana qədər gedib çıxması az qala iki qardaş ölkə arasında qalmaqala səbəb olmuşdu. Sərhədyanı zonalarda hər qayığa görə qanunsuz olaraq müəyyən məbləğ “tas” qoyulduğunu nəzərə alsaq bu heç də təəccüblü deyildi. Gecə vaxtı daha dəyərli, ovlanması qadağan olunmuş balıqları ovlamaq istəyənlər isə bu “tas”ın 5 qat artığını ödəməli idilər. Hər səhər ödəniş etdikdən sonra dənizə buraxılan bu şəxslər Somali quldurlarını xatırladırdılar. Digər bir məsələ, dünyaya qara kürü ixrac edən ölkənin vətəndaşlarının onu dada bilməməsidir. Qara kürünün qara qızıl kimi dəyərli olması, bu sərvətin də talan edilməsinə və qaçaqmalçılıq yolu ilə daşınmasına gətirib çıxardı və nə hikmətdirsə qurumun rəhbərinin bundan xəbəri yox idi.

Bundan əlavə, DSX-nin problemləri bununla hələ bitmirdi. Qazax və Balakən zastavalarında əsgərlərin intihara cəhd etməsi, Cəlilabadın Göytəpə qəsəbəsində dislokasiya olunan hərbi hissədə əsgərlərin bıçaqlı davası, Qusar rayonunda bir neçə Qarabağ qazisinin təsərrüfat torpağının sərhəd xətti adı ilə alınması və sonu bitməyən bu kimi hallar başı rüşvətə qarışan xidmət rəhbərliyinin zəif nəzarəti nəticəsində olmuşdu.

Dünyada ən böyük çirkli pullarının yuyulması biznesi əsasən narkotik və silah alveri ilə aparıldığını nəzərə alsaq, onda generalın sərhədləri necə bir ticarət obyektinə çevirməsi heç bir təəccüb doğurmur. Dövlətin quru sərhədləri ilə daimi olaraq İrandan və Əfqanıstandan Avropaya göndərilən müxtəlif narkotik maddələrin tranzit yolları kimi Azərbaycan ərazisindən istifadə edilməsi, hər il minlərlə gəncimizin bu bəlaya düşüb zəhərlənməsinə gətirib çıxarır. Hələ ölkə ərazisində saxlanılan narkotacirlərin sayının artması, tonlarla narkotik maddələrin və qanunsuz silahların müsadirə olunması başqa bir məsələdir. Bir çox hallarda məktəblərdə də satılan bu maddələr əslində Azərbaycanın gəncliyinə və gələcəyinə çox böyük təhdiddir. İldən-ilə artan cinayətlərin arxasında duran generalın həbs olunanda “məğrur obrazda” görünməsinin ən başlıca səbəbi də bu kürsüdə özünün və ağasının illərlə özlərini baron kimi hiss etmələridir.

Sualımız xidmətin rəisi Elçin Quliyevədir. Doğrudan da sizin bunlardan xəbəriniz yoxdur?

Hit.az

Bənzər yazılar

Back to top button