İdman

“Ölən” çempionat, “Neftçi”nin utandıran sabitliyi və ya bir ildə nə dəyişdi?

Azərbaycan Premyer Liqasında mövsümün I dövrəsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, çempionatın ilk 1/4 hissəsi ötən mövsümdən bəzi məqamları ilə fərqlənibsə, bəzi oxşar cəhətləri də diqqət çəkib.

Bu iki mövsümün ilk dövrələrinin müqayisəsində nəyin dəyişdiyinə nəzər salaq.

Fasilə öncəsi. Bir il əvvəl olduğu kimi, yenə ilk dövrə fasilə ilə müşayiət olunub. Belə ki, VII turdan sonra milli komandaların oyunları ilə əlaqədar qısa fasilə yaranıb. Ötən il də Premyer Liqanın ilk iki dövrəsi arasında yığmaların oyunları baş tutmuşdu. Yeganə fərq isə ondadı ki, 2016-cı ildə oktyabrın 2-də başa çatan dövrə bu dəfə cəmi 1 gün tez yekunlaşıb.

Təxirəsalma. Ötən il iki komandamız – “Qarabağ” və “Qəbələ” avrokuboklarda mübarizəni davam etdirirdi. Buna baxmayaraq, ilk dövrə tam yekunlaşmışdı. Avropa Liqasının qrupunda çıxış edən təmsilçilərimizin görüşləri təxirə salındığı üçün turnir cədvəli natamam deyildi. Cari mövsümdə yalnız bir klubumuz Avropada qalsa da, “Qarabağ”ın “Səbail”lə görüşü təxirə salınıb. Bu üzdən də dövrə yekunlaşsa da, natamamlıq hiss olunur.

Dəyişən lider. İki mövsümü müqayisə etdikdə ilk növbədə lider dəyişikliyi diqqət çəkir. Ehtiyatda bir oyunu olan “Qarabağ” ötən il 3-cü idisə, bu dəfə dövrənin qalibidi. Maraqlıdı ki, bir il əvvəlki lider “Qəbələ” də indi 3-cüdü. Bu isə əyalət təmsilçilərinin yerlərini dəyişməsi anlamına gəlir. Liderlərin xal hesabı fərqli olsa da, bunu ağdamlıların bir oyun az keçirməsi ilə izah etmək mümkündü. Amma ötən mövsümün lideri daha çox qol vurub və qapısını toxunulmaz saxlamışdı.

“Neftçi” və “Sumqayıt”ın sabitliyi. Turnir cədvəllərinə baxsaq, iki komandanın yenə eyni mövqedə qərarlaşdığını görmək mümkündü. Bu sabitlik “Neftçi”yə başucalığı gətirmir. Çünki ölkənin ən titullu klubu hər iki halda, 7-ci pillədə qərarlaşıb. Autsayderin qonşusu olan “ağ-qaralar” həmin vaxt 5 məğlubiyyətə, indi isə 6 oyunluq qələbəsizliyə üzülüb. Hər iki mövsümün ilk dövrəsini 4-cü yerdə tamamlayan “Sumqayıt” isə I dövrənin ortababı imicini qazanıb.

Liderin bombardiri. I dövrənin bombardiri də dəyişib. Bir il öncə legioner hamıdan çox qol vurmuşdusa, indi zirvədə yerli futbolçudu. Çempionatın ən məhsuldar oyunçusu ünvanının təmsil etdiyi komanda bir əyalət klubundan digərinə – “Qarabağ”dan “Qəbələ”yə keçib. Amma diqqətçəkən məqam odu ki, bombardir liderin üzvüdü. Təbii ki, Baqali Dabonun indiki bombardir Mahir Mədətovdan daha çox qol vurması da gözdən yayınmır – müvafiq olaraq, 7 və 5. Amma sonuncu bir oyun az keçirib.

Məğlubiyyətsizlər. Turnir cədvəllərində iki komandanın məğlubiyyətsiz irəlilədiyi diqqət çəkir. Ötən il lideri izləyən “İnter”, indi isə ikinci olan “Zirə” də dövrəni yenilgisiz bitirib. Bu pillə bir Bakı klubundan digərinə keçib. Qəsəbə təmsilçisi isə 4 pilləlik irəliləyişi ilə fərqlənib. 2016/17 mövsümünün I dövrəsini 6-cı yerdə tamamlayan “Zirə” indi 2-ci sıradadı. Bir ildə ən çox irəliləyiş edən paytaxt futbolçularıdısa, “Qarabağ” qeyd etdiyimiz kimi liderliyə yüksəlmək üçün mövqeyini 2 addım yaxşılaşdırıb.

Əldən gedən mövqe. “Qarabağ” və “Zirə” mövqeyini yaxşılaşdırıb, “Sumqayıt”la “Neftçi” yerində qalıbsa, üç komanda geri düşüb. Bu dəfə liderlikdən uzaq düşən “Qəbələ” kimi “İnter” də bir il əvvəlki durumuna həsəd aparır. Əyalət klubu 2 addım geriləyibsə, bakılılar 2-ci pilləni 5-ciyə dəyişib. Onlar kimi 3 addımlıq geriləmə yaşayan “Kəpəz” son sırada qərarlaşıb.

Sülhsevməz debütant. Ötən mövsümün ilk dövrəsinin yeganə qələbəsiz komandası AZAL idisə, bu dəfə Premyer Liqada belə uğursuz klub yoxdu. Onları elitada əvəzləyən “Səbail” isə başqa məqamla diqqət çəkir. Paytaxt təmsilçisi hələ də heç-heçə etməyib. Mövsümün yeganə “sülhsevməz”i “Neftçi”nin ötənilki şakərini yaşayır.

Aşağı düşən məhsuldarlıq. Bir il əvvəl dövrənin 28 qarşılaşmasında 72 qol vurulmuşdu. Cari mövsümdə bu rəqəm 63-ə bərabərdi. Lakin bir oyunun az keçirildiyi də qeyd olunmalıdı. Amma yenə də orta məhsuldarlığın düşdüyü diqqət çəkir. Bir il öncə 2,57-yə bərabər olan göstərici indi 2,33-dü.

Azalan maraq. İki mövsümün müqayisəsində tamaşaçı marağının da aşağı düşməsini vurğulamaq lazımdı. Ötən çempionatın I dövrəsinin 28 matçını 55 min 828 tamaşaçı izləmişdi. Bu da hər oyuna orta hesabla 1994 tamaşaçı anlamına gəlirdi. İndi isə 27 görüşdə 41 min 21 seyrçi qeydə alınıb. Orta göstərici isə 1519-du. Amma bu rəqəmin aşağı düşməsinin obyektiv səbəbi də var. Ötən il azarkeş sayında hamını qabaqlayan “Kəpəz” Gəncədə oynamaması ümumi marağın azalmasının əsas səbəbidi.

2016/17 mövsümü

1

Qəbələ

7

6

1

0

19-0

19

2

İnter

7

4

3

0

12-7

15

3

Qarabağ

7

4

1

2

15-5

13

4

Sumqayıt

7

2

2

3

6-9

8

5

Kəpəz

7

1

4

2

6-8

7

6

Zirə

7

2

1

4

5-9

7

7

Neftçi

7

2

0

5

6-16

6

8

AZAL

7

0

2

5

3-18

2

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 7.

2017/18 mövsümü

1 Qarabağ 6 5 1 0 12-3 16
2 Zirə 7 4 3 0 12-5 15
3 Qəbələ 7 4 1 2 10-8 13
4 Sumqayıt 7 3 1 3 8-10 10
5 İnter 7 2 2 3 7-9 8
6 Səbail 6 2 0 4 4-8 6
7 Neftçi 7 1 1 5 5-9 4
8 Kəpəz 7 1 1 5 5-11 4

Bombardir: Mahir Mədətov (“Qarabağ”) – 5.

Bənzər yazılar

Back to top button