CəmiyyətManşet

Cəmiyyət plagiata qarşı daha az tolerant olmalıdır (MÜSAHİBƏ)

Plagiat – informasiya texnologiyalarının inkişafı şəraitində əqli mülkiyyətin oğurlanması ilə ölçülən ictimai bəla misli görünməmiş vüsət alıb. Plagiat ilə mübarizə aparmaq üçün 2002-ci ildə StrikePlagiarism.com şirkəti tərəfindən Plagiat.pl yaradılıb. Məqsəd bir sıra ölkələrdə plagiatın olması ilə bağlı akademik yazı işlərinin yoxlanılması olub. Plagiat.pl şirkəti Polşa, Rumıniya, Ukrayna, Gürcüstan və Azərbaycanda plagiata qarşı mübarizəyə başlayan və həmin ölkələrin universitetləri üçün texnoloji həllər təqdim edən ilk şirkət olub.Plagiat.pl-in icraçı direktoru Əli Təhməzov plagiat problemi və şirkətin fəaliyyəti ilə bağlı Turan-ın suallarını cavablandırıb.

– Əli bəy, zəhmət olmasa, şizin Plagiat.pl şirkətinin Azərbaycanda və dünyada nə ilə məşğul olduğundan danışın.

– Bizim şirkət dünyada böyüklüyünə görə ikinci, xaricdəki ofislərinin sayına görə birinci şirkətdir, müxtəlif sənədlərin yoxlanılması texnologiyasının yaradılması və tətbiqi ilə məşğul olur. Belə bir yoxlamanın məqsədi plagiatı aşkar etməkdir. Biz sənədlərin məzmununu İnternetdə, bizim məlumat bazamızda olan sənədlərlə, eləcə də aparıcı elmi kitabxanalar və jurnallarla müqayisə edirik. Bizim StrikePlagiarism.com antiplagiat sistemindən 1000-ə yaxın təşkilat və 20 ölkədə 20 mln.-dan çox istifadəçi yararlanır. Biz Azərbaycanda fəaliyyətə 2014-cü ildə başlamışıq. Universitetlərin rektorlarına, Təhsil Nazirliyinə, AAK, Elmlər Akademiyası və Müəllif Hüquqları Agentliyinə müraciət etmişik. Bizi hər yerdə çox yaxşı qəbul edirdilər. Biz 2 il qapıları döydük. 2016-cı ildə Mikayıl Cabbarov Bakı universitetlərinin rektorlarını topladı və “Təhsil haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun tələbləri, universitetlərdə plagiat ilə mübarizə aparmağın vacibliyini xatırlatdı. Bundan sonra Təhsil Nazirliyinin kollegiyası əmr qəbul etdi ki, bütün universitetlər məqalə dərc etməzdən öncə onların plagiat olub-olmadığını yoxlamalıdır. Yadımdadır ki, Texniki Universitet Təhsil Nazirliyinin əmrinə bir neçə dəfə məhəl qoymadığına görə rektora xəbərdar edilmiş, sonra isə tutduğu vəzifədən azad edilmişdi. Düzdür, mənə o qədər də aydın deyil, niyə bu qayda Texniki Universitetin rektoruna tətbiq edildi, digər universitetlərə, məsələn, Dövlət İdarəçilik Akademiyasına, Naxçıvan universitetlərinə, Lənkəran Universitetinə və bir çox digər universitetlərə tətbiq edilmədi. Bəlkə onlarda plagiat ilə bağlı durum yaxşıdır? Həmin universitetlərdə hörmətli rektorlar, professorlar, əlbəttə ki, plagiat ilə xüsusi mübarizə aparmırlar, ola bilsin ki, onlar plagiatın məhvedici rolunu, onun cəmiyyətimizə təsirini sonadək hiss etmirlər.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

-Universitetdə plagiat ilə bağlı vəziyyəti necə qiymətləndirmək olar?

-Çox sadə, bizim sistemdə 50 iş yoxlamaq lazımdır. Biz dəfələrlə sübut etmişik ki, heç bir universitet və təhsil müəssisəsi ideal deyil, təhsil sisteminin öz nöqsanları var, qanunvericilik effektiv deyil, cəmiyyət plagiat ilə mübarizəyə zəif reaksiya verir və zəif səfərbər olunur. Siz Azərbaycanda plagiat ilə mübarizədə heç olmasa bir vətəndaş təşəbbüsünü eşitmisiniz? Mən eşitməmişəm. Bu, nəyi göstərir? Bizdə plagiat ilə mübarizə yalnız insanların kiçik bir dairəsinin xoş məramı əsasında aparılır, onlar ya bunu öz üzərlərində hiss ediblər və özləri plagiatlıq etməyiblər, ya da bizim elmimizə və təhsilimizə çox təhlükəli bir təsiri olduğunu başa düşürlər.

– Bəs sizin şirkətin Azərbaycana gəlişi ilə plagiata qarşı mübarizə necə inkişaf edir?

-Azərbaycanda plagiat ilə bağlı faciəli vəziyyət yaranıb. Nazirlikdə mən eşitdim ki, vəziyyət kritikdir, plagiat bir çox müəllim və tələbənin şüuruna kök salıb. Biz kompleks yanaşma, ofis açmaq, işçi yığmaq, antiplagiat sistemini tətbiq etmək, bir ali məktəbdən digərinə və hər bir professorun yanına gedərək plagiatın mətn fraqmentindən nə ilə fərqləndiyini göstərməyi təklif etdik. Bir çox ali məktəblərdə diplom işləri pul ilə alınıb- satılırdı, diplom işləri hazırlayan vasitəçi şirkətlər yarandı. Bu şirkətlərin ofislərini və ağaclara yapışdırılan reklamlarını bir çox universitetlərin, məsələn, BDU-nun girəcəyində görmüşəm. Amma mənə elə gəlir ki, son illərdə onların sayı xeyli azalıb. Bunun səbəbi BDU və ölkənin bir çox ali məktəblərinin bizim antiplagiat sistemindən istifadə etməsi və intizam tədbirlərini tətbiq etməsidir. İş sifariş etmək riskli olub. Polşada da bu şirkətlərlə bağlı tənqidi vəziyyət yaranmışdı, qəzetlər “sifariş ilə iş yazıram” şəklində elanlarla dolu idi. Hazırda Polşada onların sayı əhəmiyyətli dərəcədə azalıb, sözün əsl mənasında dələduzluğa görə həbs etməyə başlayıblar. Eşitmişəm ki, Azərbaycanda 30 000 manata doktorluq dissertasiyası almaq olardı. Əgər bu, doğrudursa son illər nəşr olunmuş dissertasiyaları yoxlamaq lazımdır. Siz istəyirsiniz ki, sizi psevdo-həkimlər müalicə etsinlər? Evi öz dissertasiyasını satın alan bir mühəndis inşa etsin?

-Təhsil və elmdə plagiatın az olması üçün nə etmək lazımdır?

-Çox şey! Tələbələrin və məktəblilərin köçürməsinə imkan verilməsinə son qoymaq, işləri düzgün tərtib etməyi, düzgün sitat gətirməyi, açıq mənbələrlə işləməyi bacarmağı, müəllif əməyini təhlil etməyi, tənqidi təhlil etməyi bacarmağı və köçürüb- yapışdırmaq vərdişindən əl çəkməyi öyrətmək lazımdır.

“Təhsil haqqında” qanundan başlamaq lazımdır. Qanun izah edir və plagiata yol vermir. Lakin konkret hallarda, məsələn, diplom işində plagiata görə hansı intizam tədbirlərinin tətbiq edilməsini dəqiqləşdirmir – diplom qaytarılsın, ya yox? Əgər müəllimin işində plagiat tapılırsa, bundan sonra işləyə bilərmi? Ağıl cavab verir, lakin qanunda əksini tapmalıdır ki, vahid praktika hər yerdə tətbiq olunsun. 2014-cü ildə Polşada ali təhsil haqqında qanuna düzəlişlər 1 yanvar 2015-ci il tarixindən bütün universitetlərə antiplagiat sistemlərindən istifadə etməklə plagiatın olub-olmadığını müəyyən etmək üçün tələbələrin akademik yazılı və elmi işlərinin bütün növlərinin yoxlanması öhdəliyini qoymuşdu. Azərbaycan qanunvericiliyi plagiat məsələsində Polşanınkına bənzəyir, ancaq qanun axıra qədər həyata keçirilmir. Polşada dissertasiyada plagiat tapıldığı halda Ali Təhsil və Elm Nazirliyi işi prokurorluğa göndərir, çünki “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun pozulması faktı var. Araşdırmaya başlamaq üçün kimdən köçürüblərsə həmin şəxs lazım olmur, üçüncü şəxsin müraciəti kifayətdir. Sonra məhkəmə və dərəcədən məhrum olunma, maliyyə sanksiyaları, universitetdə rəhbər vəzifələr tuta bilməmək, həbs cəzası gəlir. Bütün bunlar “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında qanunda və məhkəmə praktikasında əksini tapıb. Azərbaycanda “Təhsil haqqında qanun” plagiat şəklində akademik etikanın pozulmasının nəticələrini dəqiqləşdirmir, deməli, “Müəllif hüquqları haqqında” qanun tətbiq olunmalıdır və bununla da plagiatorların üzərinə cinayət məsuliyyəti qoyur. Mənə elə gəlir ki, ona görə də Ukrayna “Ali təhsil haqqında” qanuna düzəlişlər etdi və bundan öncə haqqında danışdığım tələbə və müəllimlərin barəsində intizam tədbirləri tətbiq etdi ki, faktiki olaraq onları “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun tələb etdiyi cinayət məsuliyyətindən xilas etsin. Düşünürəm ki, Azərbaycan Ukrayna və Polşanın təcrübəsindən yararlanmasına dəyər.

– “Təhsil haqqında” qanun həmçinin akademik etika kodeksinin, hər bir təhsil müəssisəsində akademik etika üzrə Komissiyanın olması, təlqinlərin olub-olmaması üçün yoxlama proqramlarının mövcudluğu üzrə öhdəlik qoymalı, bütün növ akademik işlərin plagiat üzrə məcburi yoxlanılmasını xüsusilə vurğulamalı, plagiata görə məsuliyyət və təhsil proqramlarının akkreditasiyası sistemində yoxlama prosedurunu tətbiq etməlidir. Qanunlarla hər şey aydındır, bəs universitetlərə nə tövsiyə edirsiniz?

– Biz hər yerdə intizam -akademik məktub tətbiq etməyi tövsiyə edirik. Bütün növ işləri plagiat üzrə yoxlamaq, tələbəyə səhvləri göstərmək, onları düzəltməyə imkan vermək. Və ən bacarıqsızları kənarlaşdırmaq. Plagiat üstündə tutulan müəllimləri işdən azad etmək. Bazara diplom işi yazmağa qadir olmayan mütəxəssislər lazım deyil. Onlar mütləq başqa bir şey öyrənə bilər. Allaha şükürlər olsun ki, ölkədə mənim kimi düşünən insanlar çoxdur, çox ləyaqətli alimlər, professorlar, siyasətçilər, jurnalistlər bizi dəstəkləyiblər və mən onlara çox minnətdaram.

– Əslində plagiat nədir, niyə təhlükəlidir və plagiatla bağlı nümunə göstərə bilərdinizmi?

– Misal çəkim, siz avtomobil almısınız, qonşunuz onu oğurladı, onunla işə gedir, siz bu avtomobillə qazana və ailənizi saxlaya bilərdiniz. Bu avtomobil sizin əqli mülkiyyətinizdir, avtomobil və ya ideya şəklində ifadə olunduğu fərq eləmir, bir halda ki, sizin ailəyə mənfəət gətirə bilər. Başqa bir nümunə, siz yeni patent, ixtira, yeni texnologiya düşünmüsünüz, sizin həmkarınız isə buu eşitdikdən sonra onu açıqladı və ya ilk olaraq patentləşdirdi, bu, sizin xoşunuza gələcək? Əlbəttə, yox.

Plagiat başqasının əqli mülkiyyətinin oğurlanmasıdır, həm də yaradıcı olmalıdır, yəni əgər bu, rəsmi əmr, fərman, yəni rəsmi sənəddirsə, plagiatlıq etmək olmaz. Özünüplagiat da plagiat forması deyil, özündən oğurlaya bilməzsən. Amma özünüplagiat daha çox elm və təhsildə qeyri-etik davranış formasıdır. Biz tez-tez özünüplagiat haqqında eşidirik: bir dildə məqalə yazdı, daha sonra ingilis dilinə tərcümə etdi və başqa bir nəşrdə təkrar çap etdi. Nəşrin redaktoru, əgər ona xəbərdarlıq edilməyibsə, bu faktı aldatma cəhdi kimi qiymətləndirə bilər. Eyni nəşri müxtəlif dillərdə çap etmək normaldır, çünki müxtəlif dil auditoriyasına istiqamətlənir, lakin məqaləni çap edib öz dissertasiyana yapışdırmaq normal deyil, dissertasiyada əks olunmuş prosesləri öz işinə istinad göstərilməklə təsvir etmək lazımdır. Müəllif mətnindən, yaradıcı mətndən fraqmentdə mənbəyə istinad varsa o, plagiat sayıla bilməz.

Biz çalışırıq ki, hər müəllimə bunu nümunələr əsasında göstərək, çünki başa düşürük ki, vəziyyəti yalnız inzibati tədbirlərlə dəyişmək mümkündür.

– Bəs Azərbaycanda plagiat ilə necə mübarizə aparırlar?

– Müxtəlif cür. Universitetlər var ki, birincilər arasında ali məktəbin daxilində plagiatı aradan qaldırmağa başlayıblar, əlbəttə ki, bu, rektorların və Təhsil Nazirliyinin qərarı olub. Rektorların çoxu istəmirdi ki, onların universitetlərində diplom işləri köçürülsün, onları alıb- satsınlar, kimsə bundan açıq şəkildə pul qazansın. Bu, iyrəncdir. Amma elə universitetlər var ki, sonadək özlərini elə aparırlar ki, guya onlarda hər şey yaxşıdır. Azərbaycan AAK ilə müqavilə imzalandıqdan sonra bir çox ali təhsil müəssisələri dissertasiyaları səylə yoxlamağa başladılar. 2019-ci ildə əlavə olaraq, plagiata görə Dissertasiya şuralarının məsuliyyətinin artırılması ilə bağlı ölkə prezidentinin fərmanı qüvvəyə mindi. Plagiat aşkarlandığı halda onlar buraxılır. Ciddi hüquqi baza yarandı. Mən ümid edirəm ki, bu fərman “Təhsil haqqında” qanunda da öz əksini tapacaq.

– Bəs qonşu ölkələrdə plagiat ilə necə mübarizə aparırlar?

– Müxtəlif yollarla. Qazaxıstanda təhsil və elm nazirinin fərmanı əsasında akademik düzgünlüyün pozulmasına görə ali məktəbdən xaric olunma nəzərdə tutulur. Qazaxıstanda məni Təhsil və Elm Nazirliyi (TEN) yanında plagiat məsələləri üzrə ekspert qrupuna dəvət etdilər. Biz işlərin vəziyyəti ilə bağlı ciddi araşdırma apardıq, bir çox problemli məqamları aşkara çıxardıq,TEN-ə öz tövsiyələrimizi verdik. Oxşar araşdırmaları Ukrayna, Gürcüstan, Bolqarıstan, Rumıniya, Özbəkistanda da aparmışıq. Polşada universitetlərin nəzdində intizam komissiyaları, nazirlikdə isə etika komissiyası fəaliyyət göstərir. Onlar akademik düzgünlüyün pozulması məsələləri ilə məşğul olurlar və diplomun, elmi dərəcənin və ya vəzifənin qaytarılması, o cümlədən təhsil və ya elmi müəssisədən xaric olunma barədə qərarlar qəbul edə bilərlər. 2020-ci ildən Polşa və Ukraynada elm və təhsil müəssisələrinin maliyyələşdirilməsi effektivliklə, yəni KPİ (effektivliyin əsas göstəriciləri) ilə əlaqəlidir, buraya aparıcı jurnallardakı nəşrlər və plagiatın yoxlanma sisteminin olması və bir çox başqa şey daxildir. Həm Polşada, həm də Ukrayna, Gürcüstan, Qazaxıstan, Bolqarıstan və Rumıniyada təhsil proqramlarının akkreditasiyası universitetdə mütəşəkkil antiplagiat yoxlaması olmadan mümkün deyil.

-Biz həm də qanunun reallaşması mexanizmi olmadan plagiata qarşı mübarizənin yalnız bunda maraqlı olan insanların xoş məramından asılı olacağını sübut edən qeyri-adi vəziyyətlə üzləşmişik.

-Bizdə bir dəfə belə oldu ki, Bakının ali məktəblərindən birində, niyə gizlədim, Texniki Universitetdə rektor dəyişmişdi, bizi yeni rektor dəvət etdi və bildirdi ki, bundan sonra biizm xidmətlərimizdən imtina edirlər, belə ki, birgə işdə məna görmürlər. Biz arqumentlər gətirdik ki, prosedurlar tətbiq edilib, çoxlsaylı proses işə salınıb, nəticədə plagiat ilə bağlı vəziyyətin yaxşılaşmasının real dinamikası var və siz yenə də müəllimlərə şərait yaradırsınız ki, işləri yenidən yazaraq tələbələrə satsınlar, axı antiplagiat sistemi əvvəllər yazılmış işlərin surətinin çıxarılmasının qarşısını almaq üçün yeganə mexanizm idi. Bunun cavabında bu sözləri eşitdik ki, “yaxşı olardı ki, nazirlik bu sistemi bizdən satın alaydı və onlar da təkrarlanmazdı….” Mən başqa arqument tapmadım, qanun, sadəcə, işləmir.

– Yəni, belə çıxır ki, universitetlərin heç də hamısı plagiat ilə mübarizə aparmır?

– Bəli, hamısı deyil. Elə universitetlər var ki, plagiatla bağlı yoxlama aparmır. Universitetlərin əksəriyyətində isə yalnız diplom və dissertasiyaları yoxlayırlar, məsələn, kurs işlərini, bütün mümkün tələbə yazı işlərini yoxlamırlar. Köçürüb-yapışdırma vərdişi məhz onlardan formalaşmağa başlayır və bununla diplom işinin yazılması mərhələsinə gəlirlər və bu vərdişdən xilas ola bilmirlər.

– Polşada kütləvi informasiya vasitələrində plagiat ilə bağlı vəziyyət necədir?

– Mediada plagiat az yayılıb. Bunun səbəbi sərt cəzadır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanun mənbəyə istinadı göstərməyi və müəllif əməyinin yenidən çap edilməsi üçün icazə almağı tələb edir. Azərbaycanda “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 19-cu maddəsində deyilir ki, müəllif dərc edilmiş məqalələrin təkrar çapını qadağan etmək hüququnu özündə saxlayır. Doğrudur, bir çox agentlik öz materiallarının yenidən çap olunmasında maraqlıdır, lakin qəzetlər heç də həmişə mənbəni göstərmirlər, hətta çox zaman materialları bütövlüklə köçürərək öz materialı kimi təqdim edirlər. Polşada agentlik və qəzetlər materiala görə əlavə mənfəət əldə edirlər, bu, onların kontenti, onların məhsuludur. Media antiplagiat sistemindən, o cümlədən veb saytlardan pirat torrentlərin çıxarılması sistemindən geniş istifadə edir.

– Son zamanlar postsovet məkanında və dünyada plagiat ilə bağlı qalmaqallardan danışa bilərsinizmi?

– Onların sayı çoxdur. Amma maraqlı hallar da var, məsələn, Ukraynanın “Edubirdie “şirkəti çox tanınmış Qərb bloqerlərini işə götürərək onlara sifarişlə iş yazmaq üçün öz xidmətinin reklamını sifariş etmişdi. BBC bunu üzə çıxardı və böyük mənfi məqalə dərc etdi. Rusiyada özlərini antiplagiat xidmətləri kimi təqdim edən şirkətlər yarandı, bunlar “Advego plagiatus”, ETXT.ru, TXT.ru və başqalarıdır. Onlar öz saytlarında plagiatın yoxlanılması üçün ucuz , demək olar ki, pulsuz yoxlama xidməti təklif edirlər və oradaca sizə öncədən sifariş verərək işi satın almanızı təklif edirlər. Yəni, yoxlama üçün yüklədiyiniz hər şey kontent mağaza və onların adlandırdığı kimi birja formalaşdırır və yüklənmiş işləri digər müəlliflərə təkrar satırlar. Təxminən dünən yeni ANTIPLAGIARISM.net şirkəti ilə qarşılaşdım. Qısa təhlil göstərdi ki, şirkətin ünvanı Kiprdə Limasol şəhərində qeydiyyatdan keçib, sayt rus və ingilis dillərindədir, saytın sahibi haqda bir kəlmə də yoxdur. Və eyni ünvanda müxtəlif profilli daha 10 şirkət qeydiyyata alınıb. Düşünürəm ki, bunun hansısa saxta xidmət olduğunu izah etməyə gərək yoxdur.

Bolqarıstanda pomogalo.com xidməti işləri alır və onları yenidən satır. Azərbaycanda diplom işlərinin təkrar satışı üzrə belə servislər var. Dünya saxta dissertasiyalar bazarı milyardlarla dollar dövriyyə ilə ifadə olunur.

Polşada Podxalski Ruhani Akademiyasının rektoru Slovakiyada (Slovakiya Aİ-də ofşor plagiat zonası hesab olunur) dissertasiya yazıb və rektor seçilib. Fəallar onun dissertasiya işində plagiat aşkar ediblər, Polşanın Ali Təhsil və Elm Nazirliyi prokurorluğa sorğu göndərib. Məhkəmə olacaq. Rumıniyada mənim yaxşı tanıdığım populyar jurnalist Emiliya Sercan vaxtilə baş nazir Pontonun dissertasiyasında plagiat aşkar etmişdi, bu, ölkədə siyasi böhrana səbəb olmuşdu. Bu yaxınlarda isə Polis Akademiyasının rektorunun dissertasiyasında plagiat aşkar edibvə dərhal haqq-hesab çəkiləcəyilə bağlı SMS-təhdidlər alıb. Ertəsi gün bu işin izinə düşüblər. SMS-ləri rektor sifariş edirmiş, onu işdən çıxarıblar və həbsə alıblar, onu bir neçə il həbs cəzası təhlükəsi gözləyir. Rusiyada rektorların onlarla dissertasiyasında plagiat aşkar edilib. Rusiyada dissernet fəaliyyət göstərir, Ukraynada isə disserqeyt. Bu, ictimai təşkilatlardır ki, onların məqsədi alimlərin, siyasətçilərin və məmurların dissertasiyalarında plagiatı aşkar etməkdir. Qazaxıstanda bizim StrikePlagiarism.com sistemində təhsil və elm nazirinin müavini xanım Jakıpovanın dissertasiyasında plagiat aşkar edildi. O, istefa verməyə məcbur oldu. Doğrudur, onunla Qazaxıstan ekspertləri arasında qarşıdurma bir neçə ay davam etdi, akademik ictimaiyyət iki düşərgəyə bölündü, lakin faktlar fakt olaraq qaldı, dissertasiyada plagiat vardı. Məni televiziyaya dəvət etdilər, vətəndaşlara maraqlı idi ki, niyə nazir müavininin dissertasiyasının plagiat olması bütün təhsil sisteminə, ona olan inama təhlükədir. O getdi, Qazaxıstanda yeni dövr, plagiata yeni münasibət formalaşdı. Dissertasiya akademik mühitdən kənarda yüksək vəzifəyə təyin edilmək üçün şərt olmamalıdır.

Ümumilikdə, Avropada plagiat ilə müxtəlif yollarla mübarizə aparılır, hər zaman plagiat ilə mübarizəyə jurnalistlərin və ictimaiyyətin diqqəti kömək edir.

Plagiat bu və ya digər şəkildə siyasətlə, cəmiyyətlə bağlıdır və cəmiyyətdə düzgün insanlar, peşəkarlar nə qədər çox olarsa, cəmiyyət plagiata qarşı daha az tolerant olacaq.

Bənzər yazılar

Back to top button