Hadisə

“Bəxtiyar Hacıyev təcridxanadan ya şaquli, ya da üfüqi vəziyyətdə çıxacağını deyib”

“Bəxtiyar Hacıyevin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə etap edildiyi, ya da buna hazırlaşdıqları barədə məlumat yaymışdıq. Daxil olan məlumatda göstərilirdi ki, Bəxtiyar Hacıyev dünən qəti surətdə hansısa xəstəxanaya etap edilməsini rədd edib. Sonadək aclığı davam etdirəcəyini bildirib. Kürdəxanıdakı təcridxanadan ya şaquli, ya da üfüqi vəziyyətdə çıxacağını söyləyib”.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Müdafiə xətti” hüquq təşkilatının icraçı direktoru Rüfət Səfərov feysbuk hesabında yazıb.

O bildirib ki, bu barədə B.Hacıyevin vəkilləri də rəsmən elan ediblər

“Hökumət Bəxtiyar Hacıyevin həyat və sağlamlığının son dərəcə ağır mərhələyə qədəm qoyduğunun fərqindədir. Onun hər an komaya düşəcəyindən narahatdır.

Ona görə də qərar verilib ki, Bəxtiyarı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə zorən köçürsünlər, məcburi surətdə, yəni əllərini və ayaqlarını bağlayıb, zond vasitəsilə qidalandırsınlar.
Bütün ciddiyyətim və məsuliyyətimlə deyirəm, belə olacağı təqdirdə Bəxtiyar intihara əl atacaq və onun qanı bu hökumətin üzərində qalacaq.

Belə bir faciəvi anonsu daha əvvəl Bəxtiyar “Müdafiə Xətti”nə çatdırıb.
Qərarı verərkən yüz ölçüb, bir biçin”.

Qeyd edək ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib. Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və bu günədək aclığa davam edir. Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb. Bu gün – 10 fevral onun aclıq aksiyasının 33-cü günüdür.

Bənzər yazılar

Back to top button