Siyasət

“Şoyqunu təcili olaraq Bakıya göndəriblər ki…” – Eldar Namazov

“Rusiya gözəl başa düşür ki, onun düşdüyü durum kifayət qədər ağırdır”

Xarici işlər naziri Ceyhun Bayramov bu gün, avqustun 26-da Rusiya paytaxtına ilk rəsmi səfər edəcək. Azərbaycanın baş diplomatının Moskvaya səfəri kifayət qədər həssaslıqla izlənilir, çünki iki qonşu ölkə arasında müzakirəsi və aydınlaşdırılması vacib olan çox ciddi məsələlər var. C.Bayramovun səfərindən bir gün qabaq Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Azərbaycana işgüzar səfərə gəlməsi və Bakıda görüşlər keçirməsi də siyasi kuluarlarda geniş müzakirələrə səbəb olan məsələlərdəndir. Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov bu mövzularla bağlı “Yeni Müsavat”a çox maraqlı fikirlər söylədi.

– Eldar bəy, xarici işlər naziri Ceyhun Bayramovun 26 avqustda reallaşacaq Rusiya səfəri bəzi şərhlərdə tanışlıq səfəri kimi qiymətləndirilir. Amma unutmaq olmaz ki, bu səfər Tovuz döyüşləri zamanı Rusiyanın Ermənistana hərbi yardım göndərməsindən və Azərbaycan prezidentinin rusiyalı həmkarına məsələ ilə bağlı şəxsən etiraz bildirməsindən sonraya təsadüf edir. Bu mənada siz XİN rəhbərinin Moskva görüşlərindən nə gözləyirsiniz?

– Siz tamamilə haqlısınız. Bu, adi tanışlıq səfəri deyil. Adətən, yeni xarici işlər naziri təyin olunanda əsas müttəfiq ölkələr onu tanışlıq üçün dəvət edirlər. Ancaq bu səfər tamamilə fərqli məna daşıyır. Sadaladığınız amillərlə yanaşı – yəni Tovuz istiqamətində döyüşlər, Rusiyanın həmin döyüşlər zamanı Ermənistana yenə də külli miqdarda hərbi yardım etməsi, bununla bağlı Azərbaycan prezidentinin Rusiya prezidentinə çox açıq və sərt mövqeyini bildirməsi, eyni zamanda, hərbi təlimlərdən sonra Türkiyənin böyük hərbi heyətinin Azərbaycana səfəri, Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin Türkiyəyə səfəri, bütün bunlar onu göstərir ki, Cənubi Qafqazın geopolitikasında çox ciddi dəyişikliklər ərəfəsindəyik. Mən hətta deyərdim ki, SSRİ dağılandan sonra ən mühüm geopolitik dəyişikliklər məhz indi bizim gözümüzün qabağında baş verir. Ona görə ki, SSRİ dağılandan sonra bölgəmizdə çox maraqlı hadisələr baş verib. Amma dəyişməyən bir amil olub ki, bu bölgə də hərbi-siyasi faktor kimi Rusiyanın nüfuzu altında qalıb. İqtisadi sahədə, sırf siyasi-humanitar, mədəniyyətlə bağlı sahələrdə Qərb ölkələrinin, ABŞ və Avropanın burda təsiri artıb. Amma hərbi-siyasi sahədə Cənubi Qafqaz bölgəsində yerləşən ölkələrdən savayı yalnız Rusiya faktoru mövcud idi. Ermənistanda Rusiyanın hərbi bazaları var, Ermənistanın sərhədlərini Rusiya hərbçiləri qoruyur. Eyni zamanda həm Qarabağ, həm Cənubi Osetiya və Abxaziya ilə bağlı konfliktlərdən istifadə edib, Rusiya bu regiona ciddi təsirlər göstərir, nəticədə faktiki olaraq Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü pozulub və bu amil indiyədək dəyişməz qalırdı. Ancaq son hadisələr göstərdi ki, vəziyyət dəyişib. İlk növbədə biz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məlum və məşhur çıxışını xatırlamalıyıq ki, “Türkiyə Azərbaycanın yanındadır, keçən əsrin 18-ci ilində bizim əcdadlarımız nə yapıbsa, biz onu yapmağa hazırıq”. Hamı başa düşür ki, söhbət nədən gedir. 1918-ci ildə məhz Qafqaz İslam ordusu gəlib Azərbaycanı, Bakını azad etdi, daşnak və bolşeviklərin soyqırım siyasətinə son qoydu. Ondan sonra da Türkiyənin Azərbaycan ərazisində hərbi bazalarını yaratması ilə bağlı həm Azərbaycanda, həm Türkiyədə, həm dünya mətbuatında müzakirələr getdi. Azərbaycan xarici işlər nazirinin Rusiyada aparacağı danışıqlarda sözsüz ki, Cənubi Qafqazın geopolitik durumu müzakirə predmeti olacaq. Bu danışıqlarda da əminəm ki, Azərbaycan və Türkiyənin vahid mövqeyi ortaya qoyulacaq. Sirr deyil ki, Türkiyə də öz tərəfindən həm Müdafiə Nazirliyi, həm Xarici İşlər Nazirliyi xətti ilə, həm də birbaşa Ərdoğan-Putin xətti ilə Rusiya rəhbərliyinə Türkiyənin mövqeyini kifayət qədər aydın şəkildə çatdırıblar. Ona görə də bu gün keçiriləcək görüş və müzakirələr bu prosesin içində həlledici məqamlardan biridir. Təbii ki, bu görüşdə bütün məsələlər öz həllini tapmayacaq, proseslər hələ davam etdirilməlidir. Burda Azərbaycan, Türkiyə, Rusiya prezidentlərinin apardığı danışıqlarda son söz deyiləcək və qərarlar veriləcək. Ancaq bu prosesin içərisində XİN başçısının Moskva səfəri də əsas nöqtələrdən biridir.

– Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfərində də Beynəlxalq ordu oyunlarının “Dəniz Kuboku” müsabiqəsinin açılış mərasimində iştirak sadəcə “aysberqin görünən hissəsi” ola bilər. Rusiya müdafiə naziri Türkiyə-Azərbaycan birgə təlimlərindən sonra ilk dəfədir Bakıya gəlir və bu, sadəcə oyunla bağlı ola bilməz. Xatırlatmaq yerinə düşər ki, Şoyqu 2016-cı ilin aprel döyüşləri zamanı hücumun dayandırılması xahişi ilə azərbaycanlı həmkarı Zakir Həsənova şəxsən zəng etmişdi. Rusiya müdafiə nazirinin prezident Putinə çox yaxın birisi olduğunu da nəzərə alıb bu danışıqlardan nələr gözləyirsiniz?

– Şoyqunun Azərbaycana səfəri də təsadüfi deyil. “Dəniz kuboku” adlanan tədbirlər hər il keçirilir və Azərbaycan artıq neçənci dəfədir ki, bu oyunlara rəhbərlik edir. Ancaq Şoyqu heç vaxt onun açılışına gəlməmişdi. Xüsusən nəzərə alsaq ki, bir gün əvvəl Rusiyada hərbi oyunların bir neçə istiqamətdə tədbirləri başladı, tank biatlonu və başqa tədbirlər. İndi 30-dan artıq ölkənin müdafiə nazirləri Rusiyaya səfər edib və Şoyqunun özünün orda kifayət qədər çoxlu işləri var, orda ev sahibi kimi müdafiə nazirlərini qəbul etməlidir. Ancaq özünün bütün bu işlərini atıb, onun təcili olaraq Bakıya səfər etməsi birbaşa sabah (bu gün-E.P) Moskvada keçiriləcək xarici işlər nazirlərinin görüşünə hazırlıq məqsədi daşıyır. Putinin və Rusiyanın burda diplomatik manevrini görürük.

– Həm də Ermənistanın müdafiə naziri ilə görüşdən sonra Bakıya gəldi…

– Bəli. Biz burda Putinin və Rusiyanın birgə diplomatik manevrini görürük. Yəqin görüşlər və danışıqlar o qədər də hamar keçməyəcək. Rusiya tərəfi bunu anlayır və başa düşür ki, Azərbaycan prezidentinin Putinlə telefon danışığında qoyduğu məsələlər Ceyhun Bayramovun da Lavrovla aparacağı danışıqlarda əsas məsələ olacaq. Odur ki, bunu qabaqlamaq üçün Şoyqunu təcili olaraq Bakıya göndəriblər. Rusiya üçün indi ən çətin və problemli olan mövzuları, Tovuz döyüşləri zamanı Ermənistana silahların ötürülməsilə bağlı məsələləri Şoyqu gəlib Bakıda həm Azərbaycanın müdafiə naziri, daha sonra Azərbaycan prezidenti ilə görüşündə cavablandırmağa çalışacaq. Şoyqunun missiyası ondan ibarətdir ki, burda müəyyən izahatlar verib, Lavrov üçün şərait yaratsın. Yəni Lavrov sabah (bu gün-E.P) Ceyhun Bayramova desin ki, gəlin bu məsələlərə toxunmayaq, çünki bunlarla bağlı Rusiyanın müdafiə naziri dünən Bakıya xüsusi səfər edib və nə lazımsa, izahatlar verilib. Beləliklə, Rusiya tərəfi danışıqların gündəliyini parçalamağa çalışır. Özü üçün sərf eləməyən, özü üçün problemləri məsələləri “Şoyqunun ”Dəniz kuboku”nun açılışına gəlişi” pərdəsi altında yumşaltmağa çalışır. Eyni zamanda Lavrova şərait yaratmaq istəyirlər ki, desin “biz indi bu məsələləri müzakirə edə bilmərik, çünki müdafiə nazirlərinin xəttilə bu haqda danışılıb, hətta Azərbaycan prezidentinə də Bakıda izahat verilib”. Bu, bir diplomatik gedişdir və onu göstərir ki, Rusiya həqiqətən də məsələlərə çox ciddi yanaşır. Rusiya başa düşür ki, onun qarşısında çox ciddi suallar qoyulub. Belə diplomatik manevrlərə əl atır ki, heç olmasa Lavrovun qarşısında qoyulan məsələlərdə onun işini bir az yüngülləşdirsinlər. Ona görə ki, XİN rəhbərlərinin görüşü adətən, mətbuat konfransları ilə bitir, jurnalsitlərə sual vermək imkanı yaradılır. Ancaq müdafiə nazirlərinin görüşləri daha çox qapalı keçir. Ruslar ümid edirlər ki, bu müzakirələrdə döyüşlər zamanı Ermənistana silah verilməsilə bağlı ortaya çıxan və Rusiyanı çətin duruma salan sualları Şoyqunun səfəri zamanı müəyyən mənada ört-basdır edə biləcəklər, ya da heç olmasa xarici işlər nazirlərinin görüşünün daha hamar keçməsi üçün müvəqqəti olaraq gündəlikdən çıxara biləcəklər.

– Deməli, Sergey Şoyqu Bakıya daha çox diplomat kimi gəlib, nəinki hərbçi kimi…

– Hər halda, onun funksiyası məhz bir gün sonrakı görüşdə çox ciddi müzakirələrə və ciddi mübahisələrə səbəb olacaq məsələləri imkan qədər burda yumşaltmaqdır, müəyyən izahatları verməkdir. Rusiya ondan da istifadə edərək Azərbaycan tərəfini müəyyən bir seytnota salmaq istəyir. O, Azərbaycanın müdafiə naziri və prezidenti ilə görüşür və bir gün sonra Azərbaycan xarici işlər naziri Rusiyaya səfər edir. Yəni Şoyqunun çatdırdığı arqumentləri, arayışları araşdırıb ona uyğun olaraq xarici işlər nazirlərinin görüşündə Azərbaycanın mövqeyini müəyyənləşdirmək üçün çox az vaxt qalır. Rusiya gözəl başa düşür ki, onun düşdüyü durum kifayət qədər ağırdır və Azərbaycanın və Türkiyənin ortalığa qoyduğu sərt mövqe əsaslıdır, arqumentlidir. Azərbaycan Türkiyə ilə bir yerdə Cənubi Qafqazın geopolitik durumunu dəyişməyə doğru birgə addımlar atmalıdır. Rusiya özünün səhvləri və yanlışları nəticəsində bunu qaçılmaz edib. Bu çətin durumda da rus diplomatiyası bax, belə manevrlərə əl atır. Şoyqunu XİN rəhbərlərinin Moskva görüşündən bir gün əvvəl Bakıya göndərir ki, Rusiya üçün çətin sualları gündəlikdən çıxartsınlar, yaxud da onları kifayət qədər yumşaltsınlar.

Bənzər yazılar

Back to top button