Hadisə

285 saylı məktəbdə qalmaqal – Direktor Nuranə Yəhyayevanı müəllimlər ittiham nədə ittiham edir?

Bakıda yerləşən 285 saylı orta məktəbin iki müəllimi – Təranə Yusifova və Təranə Rzayeva direktordan şikayətçidirlər.

Onlar deyirlər ki, məktəbdə günüuzadılmış qrupun müəllimi olublar.

Amma məktəbin direktoru Nuranə Yəhyayeva tərəfindən qanunsuz olaraq işdən çıxarılıblar.

Təranə Yusifova Meydan TV-yə deyir ki, direktor müəllimlərə işdən çıxarılmaları ilə bağlı öncədən heç bir xəbərdarlıq etməyib:

“Nuranə Yəhyayeva xəbərimiz olmadan 2023-cü il oktyabrın 2-də bizi işdən çıxarıb. Sentyabrın 15-dən, dərslər başlayandan mən və digər həmkarım məktəbin koridorlarında qalmışdıq. Direktora dedik ki, bizə otaq verin, nə vaxta qədər belə olacaq? Dedi ki, siz hələ gedin, uşaqlarınızı yığın, sonra otaq istəyərsiniz”.

Müəllim deyir ki, günüuzadılmış qruplara şagirdlər tədris ilinin əvvəlində qəbul edilir.

I-IV sinifləri əhatə edən şagirdləri isə müəllimlər özləri toplayır:

“Hər qrupda iyirmi nəfər olur. İllərdir, valideynlər məktəbə gəlib, ərizə ilə müraciət edirlər. Müəllimlər də ərizələri toplayıb, direktora təqdim edirlər, o da təsdiqləyir. Bu, hər il belə olur. Yoxsa, direktor özü valideynlə danışsın, aqitasiya aparsın, belə hal indiyədək baş verməyib”.

“Direktor nəyə görə valideynlə danışıb, ona uşağını qrupa qoymamağa məcbur etməlidir?! Direktor valideynə deyir ki, niyə uşağı qrupa qoyursan? “Yorulur, uşaqdır, qoyma” deyir”, – müəllim qeyd edib.

İşsiz qalan Təranə Yusifova bank kreditlərini necə ödəyəcəyi haqqında düşünür.

Deyir ki, işə yenidən bərpa olunması üçün Elm və Təhsil Nazirliyində olub, şikayət ərizəsi də yazıb:

“Nazirlikdə mənə dedilər ki, narahat olmayın, məsələni araşdırıb, sizə məlumat verəcəyik. Məktəbdən 458 manat maaş alırdım. Bu pul heç əlimə gəlmirdi, banklar borcuma tuturdu. Üzümə gülə-gülə işdən kənarlaşdırdı. İşdən çıxarıb, indi də deyir ki, get, hara istəyirsən, şikayət elə. Əvvəldən ona demişdim ki, tək yaşayıram, banklara borcum var, başqa yerdən də gəlirim yoxdur. Mən nə edim, bilmirəm? Dilənim? Neyniyim?”.

İşini itirən digər müəllim Təranə Rzayeva deyir ki, 1991-ci ildən məktəbə ibtidai sinif müəllimi kimi qəbul olub.

Son illərdə isə günüuzadılmış qrup müəllimi kimi fəaliyyətini davam etdirib:

“Qrup müəllimi işlədiyim dörd il ərzində belə bir problem yaşanmayıb. Həmişə valideynlərdən ərizələri biz toplamışıq. Aparıb, direktora təqdim etmişik. O da qol çəkib, qruplar açılıb. Amma bu il yeni gələn direktor Nuranə Yəhyayeva bizimlə çox sərt danışmağa başladı. Dedi ki, üç qrup var, uşaq yığılmasa, ikisini bağlayacağam. Bizə də imkan vermədi ki, valideynlərlə danışıb, qrup toplayaq”.

“Özü valideynləri çağırırdı. İyirmi dəqiqə, yarım saat vaxt ayırıb, aqitasiya aparırdı ki, valideynlər uşaqlarını qrupa qoymasınlar. Beləliklə də, az uşaq toplandı. Üç qrupda hərəsi 20 uşaq olmalı idi. Ümumilikdə 60 əvəzinə 36 şagird toplandı. Belə bəhanələrlə iki qrupu bağladı”.

Təranə Rzayeva maddi vəziyyətinin ağır olduğunu deyir:

“Ali təhsilli müəlliməm. Diaqnostik qiymətləndirməm yüksəkdir. Bütün kurslardan keçmişəm. Özüm onkoloji xəstəyəm, həyat yoldaşım, müharibə iştirakçısıdır, döyüşlər zamanı zədə alıb. Bütün bunların heç birini nəzərə almadı”.

“1991-ci ildən bu yana ondan çox direktorla işləmişəm. Amma belə halla rastlaşmamışam. Mən 59, digər həmkarım isə 63 yaşındadır. Bu yaşdan sonra biz harda iş tapacağıq? Hər yerə müraciət edirəm. Direktora dedim ki, mənə lap bir-iki saat dərs ver, işdən çıxarma. Heç olmasa, pensiya yaşına çatım. 59 yaşında kim məni işə götürər? Heç nəyə məhəl qoymadı”, – deyə o qeyd edib.

Meydan TV 285 saylı orta məktəbin direktoru Nuranə Yəhyayeva ilə əlaqə saxlayıb.

Şikayətçilərlə bağlı sualı ünvanlayıb.

Qarşı tərəf sualı cavablandırmadan telefonu bağlayıb.

Təkrar yığan zaman isə direktorun nömrəni blokladığı məlum olub.

Daha sonra Meydan TV əməkdaşı ard-arda bir neçə gün 285 saylı orta məktəbə zəng edərək daxil olan şikayətlə bağlı məlumat verib, məsələ ilə əlaqədar Nuranə Yəhyayevanın mövqeyini öyrənməyə çalışıb. Lakin hər dəfə məktəbdən direktorun ya işdə olmadığı, ya da iclasda olduğu bildirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Meydan TV-yə məsələnin araşdırılacağını bildirib.

Təhsil eksperti Nabatəli Qulamoğlu isə hesab edir ki, hər iki müəllim məktəb direktorunu məhkəməyə verməlidir:

“Direktorun belə iş görməyi qanunsuzdur. Müəllimlər faktiki süni “offsayt” vəziyyətinə salınıb. Müəllimlər ilk olaraq administrativ qaydada Elm və Təhsil Nazirliyinə müraciət etsinlər. Əgər nazirlik direktoru müdafiə etsə, məhkəməyə müraciət etsinlər”.

Bənzər yazılar

Back to top button