Gündəm

Oğluna velosiped almağı şəxsi heyətdən xahiş edən şəhid Ülvi Hüseynovun hekayəti (FOTO)

Dünəndən hər kəs paylaşır. Məndən də soruşan oldu. Şəhidimizi və ailəsini tanıdığım və dəfnində iştirak etdiyimçün, bildiyim cavabı verdim, amma bu gün şəhidimizin 3 mərasiminə gedəcəyimdən, ətraflı məlumatı qohumları ilə danışıb verəcəyimi dedim.

Ülvi çox cəsur və igid bir zabit olub! 1988-ci ildə Ordubad rayonunun Sabir kəndində anadan olub. 8-ci sinifdən əvvəlcə Naxçıvandakı hərbi məktəbə, oradan isə Ali Hərbi Məktəbdə təhsilini davam etdirməkçün Bakıya gəlib. Ali Hərbi Məktəbi bitirdikdən sonra da zabit kimi ordu sıralarında xidmətə davam edib.

Ülvinin döyüşlərdə göstərdiyi şücaəti və qəhramanlığı inşallah yaxın vaxtlarda, hər şey açıqlananda bütün xalq tərəfindən bilinəcək və ən yüksək səviyyədə qiymətləndiriləcək. Hələlik isə əsgərləri və döyüş yoldaşlarının dilindən hissə-hissə eşidirik bu qəhramanlıqları. Son döyüşlərə qədər batalyonun qərargah rəisi, ən sonda isə batalyon komandiri vəzifəsində xidmət göstərib Vətənə.

Qayınatası Ələsgər müəllim Ordubadın tanınmış ziyalı və dəyərli insanlarından biridir. Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb vaxtı ilə. Söhbətə aydınlıq gətirməyi də elə ondan xahiş edirəm:

“Ülvinin oğlu 3 yaş yarımlıqdır. Daim evdən, uşaqlarından aralı yaşadığı üçün nə lazım olubsa, biz etmişik. Yəni Ülvinin bunlara sadəcə vaxtı-zamanı olmayıb. Uşağın 3 yaşı bitəndə velosiped almaq istədim. Xəbərdar olub xahiş etdi ki, “Əmi, bu mənim arzumdur, inşallah özüm aparıb alacağam” Mən də dedim, necə istəyirsən elə olsun. Sonra da elə bu pandemiya filan düşdü, onsuz da Ülvi evə çox az gəlirdi, belə olduğuna görə, gələndə də uşaqla harasa çıxmaq, nəsə almaq mümkün deyildi…”

Ələsgər məllim. əslində ah çəkib, nəfəs dərirmiş kimi sussa da, gözlərindəki kədərdən, boğazına yığılan qəhərdən xilas üçün dayandığı bəllidi. Əlini atıb telefonu göstərir: “38 zəng gəlib mənə dünəndən… Bir ucu İsraildən-Rusiyaya, Bakıdan-Ordubada… Anlayıram, təşəkkür edirəm düşündükləri üçün, amma hər kəsə bir-bir anlatmaq da olmur axı… Həm o hayda deyiləm, həm də sanki biraz düz çıxmır. Azərbaycan hərbçisinin şükür, yaxşı maaşı var, gün güzəranı var. Mənim özüm də, çox şükür, nəinki öz nəvəmə, hətta ehtiyacı olan başqa yaxınlara da kömək edəcək gücdəyəm. Məsələ maddiyat məsələsi deyil axı… Ülvi o sözü başqa cür deyib…”

Yenə gözləri dolur. Deyir, “Ülvi mənim qucağımda böyüyüb, öz balam kimi xətrin istəmişəm, indi də elə öz balam kimi yanıram…”

“Döyüşlərin o anı imiş ki, şəhadət zirvəsi hər kəsin arzusuymuş! Bir tərəfdən Vətən uğrunda can verib o zirvəyə yüksəlmək arzusu, digər tərəfdə isə öz övladının arzusuna əməl etmək, öz atalıq arzusuna çatmaq diləyi Ülvini çıxılmaz duruma salırmış sanki. Hər iki arzuya birgə yetməkçün Şəhid Kapitan bu yolu seçir. Günlərin birində öz döyüş yoldaşına deyir ki: “Mən şəhid olduqda, şəxsi heyətdən hərəyə 5 manat olmaqla yığ, mənim oğlumun velosipedin al!!!” Beləcə hər iki arzusuna çatacaqdı Ülvi! Oğlunun velosipedini onun uğrunda canını belə verməyə hazır olan əsgərləri, yəni elə özü alacaqdı”.

Elə bundan sonrakı döyüşlərin birində, müqəddəs Şuşa uğrunda gedən döyüşlərdə şəhid olur Ülvi. Şəxsi heyətdən öndə, tək qabaqda gedib, təhlükə sovuşduqdan sonra əsgərlərini çağırarmış hər dəfə. Bu dəfə də belə olur, təpənin birində düşmən tam təmizlənir, əsgərlər təpəyə yerləşdikdən sonra Ülvi digər təpəyə tərəf gedir. Yenə də tək! Və arzuladığı yüksəkliyə qovuşur!

Yasdan çıxarkən Ələsgər müəllim arxamızca çıxır. Çöldə durmuş xanımı bizimlə tanış edir: Ülvinin anasıdı! Bir an bizim dilimiz quruyur, gözlərimizi qaçırmağa çalışırıq, günahkar insanlar kimi… Şəhid anasının məğrur səsi bizi özümüzə gətirir:

– Vətən sağ olsun, balalarım! Çox şükür ki, Ülvimin də, qalan bütün şəhidlərin də qanı yerdə qalmadı! Şükür ki, torpaqlarımız azad oldu! Qələbə əldə etdik!

“Məncə biz bu uğurları analara borcluyuq! Şəhid analarına, əsgər analarına… Bütün analara…” Ürəyimdən keçirdiyim sözləri birtəhər özümdə güc tapıb dilimə gətirirəm!

– Siz sağ olun Ana! Vətən sağ olsun! Nə yaxşı ki, sizlər varsız! Siz olmasaz, qələbə də olmazdı!!!

Çingiz Özgür

Bənzər yazılar

Back to top button