DünyaSiyasət

Politoloq: “Hindistan Rusiya və Çinin anti-Amerika layihəsinə qoşulmur”

“Hindistan Rusiya və Çindən fərqli olaraq ABŞ-la münasibətlərinin gərginləşməsini istəmir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq aprel ayında Hindistanla Çin arasında diplomatik münasibətlərin qurulmasının 70 ili tamam olduğunu vurğulayıb:

“Bu iki böyük dövlət arasında münasibətlər hamar deyil. Buna baxmayaraq, əhalisinin sayına görə Çin və Hindistan dünyanın iki böyük dövlətidir və bu iki dövlət gələcəkdə dünya siyasətində daha böyük rol oynayacaqlar. Hər iki dövlət öz aralarında normal münasibətləri qorumağa çalışsalar da, mövcud problemlər həll olunmamış qalır.

Elxan Şahinoğlu

Birincisi, iki dövlət ərasında ərazi problemi mövcuddur. Çin ötən əsrin 60-cı illərində Hindistan ərazisindəki Kəşmir bölgəsinin şimalındakı Himalay dağlarına uzanan hissəni işğal edib. Söhbət Hindistana məxsus minlərlə kvadrat kilometr ərazinin işğalından gedir. Çin hərbçiləri 2013-cü ildə Hindistan ərazisinin daha 19 kilometr dərinliyə daxil olaraq işğalı genişləndirdi. Halbuki, Pekin Dehli ilə 1996-cı ilə imzaladığı sazişə görə status-kvounu dəyişdirməyəcəyinə təminat vermişdi. Çin bu vaxta qədər Tibetlə Hindistanı ayıran sərhəddi də tanımır. İki dövlət arasında Hind okeanında da rəqabət artır.

Buna baxmayaraq, iki dövlət arasında rəsmi səfərlər gerçəkləşir. Liderlər görüşür və müzakirələr aparırlar. Tərəflər faktiki qərara gəldilər ki, bəzi sahələrdə rəqib olaraq qalacaqlar, digər sahələrdə isə əməkdaşlıq mümkündür. Hər iki dövlət hərbi qüdrətlərini artırır. Aparılan araşdırmalar göstərir ki, dünyada satılan hərbi texnikanın 10 faizini Hindistan əldə edir.

İkincisi, 2017-ci ildə Pekində keçirilən “Bir yol, bir kəmər” forumuna Hindistan qatılmadı. Hindistan Çinlə Pakistan arasında reallaşdırılan iqtisadi koriduru tanımır. Rəsmi Dehlinin fikrincə, bu koridor Hindistanın ərazi bütövlüyünə təhlükə yaradır. Çünki iqtisadi koridorun bir hissəsi Kəşmirin Pakistana aid olan hissəsindən keçir. Rəsmi Dehli həmin hissənin işğal olunduğunu bildirir. Hindistanda Çinin reallaşdırdığı layihəni iqtisadi deyil, siyasi kimi qiymətləndirirlər. Yəni, Dehlidə hesab edirlər ki, Çinin məqsədi Hindistanın bölgədəki maraqlarını məhdudlaşdırmaqdır”.

Elxan Şahinoğlu qeyd edib ki, Hindistanın Baş naziri Narenda Modi 2018-ci ilin aprel ayında Çinə səfər edərək bu ölkənin rəhbəri Si Tsinpinlə görüşdü:

“Liderlər bu görüşdə hər hansı saziş imzalamasalar da, müxtəlif problemli mövzuları müzakirə etdilər. Çin Rusiyanın bölgədəki əsas tərəfdaşıdır. Ancaq Rusiyanın Hindistanla da yaxşı münasibətləri var. Rusiya 1998-ci ildən Rusiya-Çin-Hindistan üçbucağının yaradılmasına çalışır. Bu Rusiyanın keçmiş Baş naziri Yevgeni Primakovun ideyasıdır. Kreml bu üçbucağın Amerikaya qarşı yeni güc mərkəzinə çevrilməsinə çalışır.

Ancaq Hindistan Rusiya və Çindən fərqli olaraq Amerika ilə münasibətlərinin gərginləşməsini istəmir, tam əksinə Dehli həm Kreml, həm də Vaşinqtonla yaxşı münasibətlərə çalışır. Bu ilin əvvəlində ABŞ prezidenti Donald Trampın Hindistana uğurlu səfəri də bundan xəbər verir. Bundan sonra Moskva BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) yaradılmasına üstünlük verdi ki, hər 3 ölkə – Rusiya, Çibn və Hindistan eyni təşkilatda təmsil olunub. Ancaq Hindistanın bu təşkilat çərçivəsində də öz mövqeyi var”.

Bənzər yazılar

Back to top button