Cəmiyyət

Pediatrdan qızılca ilə bağlı valideynlərə çağırış

Pediatr Aytən İsmayılzadə uşaqlar arasında geniş yayılan qızılca xəstəliyi ilə bağlı valideynlərə çağırış edib.

Yeniavaz.com xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.

A.İsmayılzadə valideynlərə müraciət edərək bildirib ki, qızılca təhlükəli bir xəstəlik olaraq ölümlə də nəticələnə bilər, ona görə də, bəzi göstərişlərə əməl etmək vacibdir.

“Bilin ki, qızılca virusu güclü virusdur. İmmuniteti zəiflədir və tez zamanda ağırlaşmalara gətirib çıxarır.
– Qızılca xəstəsinə müalicə yazdırmaq üçün özəl klinikalara, poliklinikalara aparmayın. Oradakı körpələri, hamilələri risk altına alırsınız.

– Qızılcaya yoluxmuş xəstəyə xüsusi nəzarət lazımdır. Bu isə telefonla olmur. Xəstə birbaşa müayinə olunmalıdır. Buna görə sahə həkimi evə baş çəkməlidir.

– Qızılca virusu xəstəliyin ilk həftəsində hələ səpkilər yox ikən daha yoluxucudur. Buna görə siz onu qriplə səhv salıb həkimə aparmağa tələsməyin. Gözlərdə qızartı, halsızlıq, davamlı başağrısı müşahidə etsəniz, bilin ki, qızılca ola bilər və səpkiləri gözləyin. Eyni zamanda həkimə də məlumat verin.

– İndi hamı əl-ayağa düşüb tez gedəcək peyvənd vurdurmağa ki, uşağı yoluxmasın. Bu, düzgün olmayacaq. Çünki indi epidemiya başlayır. Və onun peyvəndi canlıdır. Siz uşağın yoluxduğunu bilmədən peyvənd etdirə bilərsiniz ki, bu da ağırlaşmalara gətirib çıxara bilər.

– Qızılca virus xəstəliyi olsa da, həm viral, həm bakterial ağırlaşmalar müşahidə edilə bilər: sətəlcəm (pnevmoniya), ensefalit (beyin iltihabı), meningit, karlıq, kolit və s.

– Qızılca ölümlə də nəticələnə bilər.

– Qızılca skarlatina və oxşar digər xəstəliklərlə fərqləndirilməlidir. Qızılca səpkiləri xırda-xırda, birləşməyə meyilli olmaqla üzdən başlayır. Daha sonra bütün bədənə yayılır. Səpkilər mədə-bağırsaqda da olur. Buna görə də, pəhrizlə qidalanmaq lazımdır.

– Gözlərdə güclü viral konyuktivit səbəbindən işıqdanqorxma olur. Qızılca virusu göz əzələ siniflərini zədələyərsə, çəplik, görmə problemi, korluq yarada bilər.

– Xəstə ilə təmasda olan uşaqlara profilaktik immunoqlobulin təyin olunur.

– Qızılcaya immunitet ömürlük yaranır. Qızılca peyvəndi iki dəfə edilir. 1 və 6 yaşda. Hamilələr və 12 aya kimi uşaqlar isə peyvənd edilmir. Buna görə xəstələr onları rahat yoluxdura bilərlər.

– Peyvənd olunmuş uşaqlar xəstəliyi yüngül, simptomsuz keçirə bilər. Bununla yanaşı, onlar aktiv mənbə hesab olunmur.

– Əhalinin 90%-dən çoxunun peyvəndli olması xəstəliyin yayılmasına mane olur. Bizdə bu faiz aşağı olsa belə, haradansa gələn virus xəstəliyin artmasına səbəb ola bilər.

Uşaqların peyvəndini vaxtında etdirmək lazımdır. Valideynlərin imtina ərizəsi ilə razılaşanda nəticə belə də olmalı idi”.

Bənzər yazılar

Back to top button