Dünya

Rusiya taxıl sazişindən çıxdığını açıqladı

Kreml bunu Avropa İttifaqının sanksiyaları ilə əlaqələndirib

Rusiya iyulun 17-də müddəti başa çatan Qara dəniz taxıl müqaviləsinin bundan sonra da davam etdirilməsi üçün heç bir əsasın olmadığını bildirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, vəziyyət göz önündədir, Avropa İttifaqı ölkələri Rusiyaya növbəti sanksiya paketini açıqlayıb: “Həmin paketlər nəticəsində Rusiyanın ərzaq və gübrə tədarükü pisləşib. 2022-ci ilin iyulundan etibarən Avropa İttifaqı Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracını əngəlləyən məhdudiyyətlər qoyub. Təzəlikcə beş yeni anti-Rusiya sanksiyaları “paketi” qəbul edilib”.

Rusiya bildirir ki, həmçinin iyunun 5-də “Şimal axını” sxemi üzrə Kiyevin nəzarətində olan ərazidə ammonyak boru kəməri partladılıb.

Söhbət 45 milyon insanı qidalandırmaq üçün hər il təxminən 2 milyon ton gübrə istehsalı üçün xammal vurulan boru kəmərindən gedir: “Buna BMT rəhbərliyi susur. Qərbdə, eyni zamanda, onlar açıq şəkildə bəyan edirlər ki, anti-Rusiya sanksiyaları çərçivəsində, o cümlədən ərzaq və gübrələrə görə yumşalma ola bilməz. Məhz buna görə də SWIFT yoxdur, ehtiyat hissələrinin tədarükünə qadağa qoyulub, Rusiyanın bütün ərazisi yüksək sığorta tarifləri ilə müharibə riski zonaları siyahısına daxil edilib. Bu yerlərdə Rusiya şirkətlərinə giriş qadağan edilib. Onların maliyyə aktivləri bloklanıb”.

Bütün bunlara görə Rusiya tərəfi Qara dəniz taxıl müqaviləsinin uzadılmasına maraqlı olmadığını açıqlayıb.

Ən son mayın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz taxıl müqaviləsinin daha iki ay uzadıldığını açıqlamışdı.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra dünyada qlobal ərzaq böhranı yaranıb.

Ukrayna dünyanın aparıcı taxıl ixracatçılarındandır və müharibə nəticəsində istehsal və daşıma problemləri ilə qarşılaşmışdı.

Birləşmiş Millətlər Təşkilatı və Türkiyə 2022-ci ilin iyulunda ağırlaşan qlobal ərzaq böhranının həllinə kömək üçün Qara dəniz razılaşmasına vasitəçiliyə başlayıb.

Əvvəlcə 120 günlük alınan razılaşmanın müddəti sonradan uzadıla-uzadıla gedib.

İyulda Rusiyanı Qara dəniz taxıl ixracına icazə verməyə razı salmaq üçün Birləşmiş Millətlər Təşkilatı eyni zamanda, Moskvaya üç il ərzində öz kənd təsərrüfatı məhsullarının daşınmasında kömək etməyə razılaşmışdı.

Bənzər yazılar

Back to top button