Bizim seçimİdman

11 il sonra Ronalda və Messisiz…

Bu gün İspaniya La Liqasında mövsümün ilk “El Klasiko”su baş tutacaq.

Fanat.Az xəbər verir ki, əzəli rəqiblər – “Barselona” və “Real” La Liqanın X turu çərçivsində qarşılaşacaq. Bu 2007-ci ildən sonra Lionel Messi və Kriştiano Ronaldosuz keçirilən ilk “El Klasiko” olacaq.

Belə ki, Ronaldo yayda “Yuventus” transfer olunub. Messi isə zədə səbəbindən bu oyunda iştirak edə bilməyəcək. Kataloniya təmsilçisində Samuel Yumtiti və Tomas Vermalen, “Kral Klubu”nda isə Daniel Karvaxal və Mariano Diasın durumu matç saatlarında dəqiqləşəcək.

Bu mövsüm hər iki komanda gözlənilən səviyyədə çıxış etmir. Buna baxmayaraq, Kataloniya klubu IX turu 18 xalla lider mövqeyində başa vurub. Ernesto Valverdenin komandası “El Klasiko”da qələbə qazana bilməsə, X turun yekununda La Liqada lider dəyişəcək. Artıq “Atletiko Madrid” X turun ilk günündə doğma meydanda “Real Soseydad”a qalib gələrək xallarını 19-a çatdırıb. Mövsümə Xulen Lopeteginin rəhbərliyi altında başlayan “Real Madrid” isə 9 turdan sonra 14 xalla 7-ci yerdə qərarlaşıb.

“Nou Kamp” stadionunda Bakı vaxtı ilə saat 19.15-də başlanacaq “El Klasiko”nu Xose Mariya Sançes Martines idarə edəcək. 1916-cı ildən etibarən iki komanda arasında 237 rəsmi oyun keçirilib. “El Klasiko”da 95 dəfə “Real Madrid”, 93 dəfə “Barselona” qələbə qazanıb. Daha 49 matçda qalib müəyyənləşməyib. Topların nisbəti də “Kral klubu”nun xeyrinədir – 401:387.

Bənzər yazılar

Back to top button