Gündəm

Laçın yolunda aksiya – 15-ci gün

Laçın yolunda etiraz aksiyası 15-ci gündür ki, davam edir. Xatırladaq ki, aksiya iştirakçılar Qarabağın təbii sərvətlərinin separatçılar tərəfindən qanunsuz istismarına etiraz edir və Azərbaycanın dövlət strukturlarının nümayəndələrinin mədənlərə buraxılmasını tələb edirlər.

Ermənilər bu tələbi yerinə yetirməkdən imtina etdiklərinə görə mədənlərdən xammalın daşınması üçün yol bağlanır. Eyni zamanda vətəndaşların və humanitar yüklərin keçidi sərbəstdir. Lakin Qarabağ separatçıları bu rejimlə razılaşmır və yolda heç bir yoxlamanın olmamasını tələb edirlər.

Bununla belə, bazar ertəsi səhərdən Rusiya sülhməramlılarının avtomobilləri və yük maşınları maneəsiz keçiblər. Bir gün öncə Ermənistandan Xankəndinə ərzaq və dərman aparan 10 yük maşını gəlib. Heç bir insident və ya gecikmə olmayıb.

Ötən gün prezident İlham Əliyev Laçın dəhlizindəki vəziyyətə də toxunub. “Bu, bizim qanuni haqqımızdır. Təbii sərvətlərimiz istismar olunur, təbii ehtiyatlarımız xaricə daşınır. Beynəlxalq hüquqa əsasən bu təbii sərvətləri istismar edənlər cinayətkardır, çünki bura bizim ərazimizdir və bu qanunsuz fəaliyyətə son qoyulmalıdır”, – Əliyev bildirib. O vurğulayıb ki, Azərbaycana heç bir təzyiq Bakının mövqeyini dəyişməyəcək.(Turan)

Bənzər yazılar

Back to top button