AnalitikaManşetSiyasət

“Aliyevşina”, yaxud “Naxçıvan Klanı” – siyasət dəllallarının yorulmadan 50 ildir oxuduğu bayatı

AZƏRBAYCAN SİYASİ TARİXİNDƏ HEYDƏR ƏLİYEV ERASI!

II YAZI

Azərbaycan 14 iyul 1969-cu ildən etibarən özünün tarixi inkişafında əvvəlki dövrlə müqayisədə mühüm fərqləndirici xüsusiyyətləri ilə səciyyələnən, keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bu mərhələ ölkəmizin siyasi tarixinə Heydər Əliyev erası kimi düşüb. Bunu mübahisə etmək belə yersizdi. Çünki Heydər Əliyevin şəxsiyyəti, onun özündən əvvəlki rəhbərlərlə müqayisədə özünəməxsus xüsusiyyətləri, siyasi proseslərə fərqli prizmadan baxışı, idarəetmədəki qətiyyəti və cəsarəti, ən əsası da atdığı hər addımda ədalət prinsipini əsas götürəcəyini elan etməsi fərqli bir siyasi epoxanın başlanğıcı kimi qiymətləndirilməlidi. Yazımızın irəli bölümlərində onun 13 illik hakimiyyətini ən kiçik detallarına qədər incələyib görəcəyik ki, Heydər Əliyev iqtidara gəldiyi zaman – məlum 14 iyul plenumundakı çıxışında verdiyi sözü böyük ölçüdə tutmuş oldu.

1969-cu ilin əvvəllərində həm mərkəzdə – Moskvada, həm də Bakıda siyasi kuluarlarda Azərbaycan SSR-in o vaxtkı rəhbəri Vəli Axundovun hakimiyyətdən kənarlaşdırılacağı söhbətləri gəzirdi. Əslində, zəif xarakterli, hakimiyyətdəki “Şuşa klanı”nın marioneti kimi dəyərləndirilən Axundovun özü də artıq yorulmuş, belə bir böyük vəzifəni daşıyacaq qədər potensialının olmadığını anlamış və könüllü şəkildə postunu tərk etmək istəyini bir neçə dəfə mərkəzi hakimiyyətə bildirmişdi. Onu bu addımı atmağa vadar edən əsas səbəblərdən biri də o idi ki, artıq mərkəzi hakimiyyətin etimadını itirdiyini anlayır və həbs təhlükəsindən yaxa qurtarmaq üçün ağır xəstəlik bəhanəsilə könüllü şəkildə hakimiyyətdən uzaqlaşmaq istəyirdi. Hətta bunun üçün 1969-cu ilin yaz aylarında 3 ay xəstəxanada yataraq xəstə olduğu görüntüsünü yaratmışdı. Nədən bu qənaətdəyəm? Çünki o, öz istəyinə çatıb, sakit şəkildə vəzifəsindən ayrıldıqdan sonra ömrünün sonuna qədər bir daha xəstəxana şəraitində uzunmüddətli müalicə almayıb.

VƏLİ AXUNDOV NİYƏ HAKİMİYYƏTƏ GƏTİRİLDİ VƏ NİYƏ HAKİMİYYƏTDƏN UZAQLAŞDIRILDI?

Cavablandırılması gərəkən suallardan biri də budur: Azərbaycanda hakimiyyət dəyişikliyini şərtləndirən səbəb nə idi? Niyə Axundovu dəyişmək istəyirdilər? Bəzi mariginallaşmış siyasətçilər və yazarların fikrinə görə, Vəli Axundovun vəzifədən alınması səbəbinin kökündə onun milli görüşlü rəhbər olması faktı dururmuş. Məsələn, Azərbaycan Milli Şurasının sədri, sabiq millət vəkili Cəmil Həsənlinin bu haqda fikri belədir: “Sovet ideologiyasının və avtoritar idarə formasının standart meyarlarına baxmayaraq, Vəli Axundov tarixin yaddaşında özünəməxsus keyfiyyətləri ilə qaldı. Bəri başdan qeyd etmək istəyirəm ki, o, zəmanəsinin və sisteminin övladı idi. Lakin həmin zamanın şərtləri və sistemin imkanları daxilində Axundov millətə bir az nəfəs almağa macal verdi, milli ruhun dirçəlməsinə maraq göstərdi. Axundovun keçmişi Sovet cəza orqanları, təhlükəsizlik və “NKVD” şəbəkəsi ilə bağlı deyildi. Halbuki, Sovetlərin kadr siyasətində hələ də bu keyfiyyətlər aparıcı meyar kimi qalmaqda idi. Onun içindəki ziyalılıq, təbiətindəki xeyirxahlıq, tutduğu yüksək vəzifəyə rəğmən milli kimlik məsələsində liberal siyasətə üstünlük verməsi xeyli dərəcədə bioqrafiyasının bu məqamı ilə bağlı idi”.

Cəmil müəllim tarixçidir, həm də kifayət qədər savadlı tarixçidir. Mənim qətiyyən şübhəm yoxdur ki, o, bəhs olunan dövrün tarixini çox yaxşı bilir, ancaq yazdığı bu sətirlər tarixi faktlarla daban-dabana ziddir, şəxsi qərəzdən və özünün korporativ maraqlarından irəli gəlir. Çünki:

– Vəli Axundov özündən əvvəlki rəhbərliyin millətçilikdə günahlandırıldığı və elə bu səbəbdən də hakimiyyətdən uzaqlaşdırıldığı bir şəraitdə rəhbərliyə gətirilib. Onun kimi zəif xarakterli birinin Mirzə İbrahimov və İmam Mustafayev kimi yenə millətçilik siyasəti yürüdəcəyi qətiyyən inandırıcı görünmür. Digər tərəfdən, mərkəzi hakimiyyət 10 il əvvəlki yerli hakimiyyətin “dil inqilabı”ndan sonra daha sözəbaxan birini Azərbaycanın başına gətirməklə məhz həmin prosesi unutdurmaq və bir daha qaldırılmamasını düşünmüşdü. Vəli Axundov o qədər güclü şəxsiyyət, həm də Cəmil müəllimin dediyi kimi, NKVD şəbəkəsini nümayəndəsi deyildi ki, ağıllı, düşünülmüş addımlarıyla Mərkəzi hakimiyyəti yayındırsın və beləliklə də, əvvəlki millətçilik siyasətini davam etdirsin;

– Vəli Axundovun 10 illik hakimiyyəti dövrünü nə qədər incələsəm də, Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasından başqa millətçiliklə bağlı heç bir fakta rast gəlmədim. Bəs, Vəli Axundov milli kimlik məsələsində necə bir liberal siyasət yürüdürdü ki, ortada dişə vurulacaq heç nə yoxdur? Əlavə olaraq, onu da qeyd etmək yerinə düşər ki, Bəxtiyar müəllimin ağır repressiyadan yaxa qurtarması məhz həmin dövrdə Azərbaycan SSR DTK-nın sədri olmuş Heydər Əliyevin xidmətidir;

– Cəmil Həsənlinin bəhs olunan fikri, yuxarıda da qeyd etdiyim kimi, onun şəxsi qərəzindən qaynaqlanır. Əgər belə olmasaydı, o, bu sətirləri 2016-cı ildə yox, 10 il öncə, təmsil olunduğu Xalq Cəbhəsi Partiyasından ayrılıb, parlamentdə oturduğu illərdə yazardı. Növbəti seçkilərdə deputat mandatından məhrum edilməsi onu necə qəzəbləndiribsə, əvvəllər mədhiyyə dediyi hakimiyyətə düşmən kəsilərək, bütün kinini Heydər Əliyev şəxsiyyətinə qarşı yönləndirmişdir. Onun “Axundovun keçmişi Sovet cəza orqanları, təhlükəsizlik və “NKVD” şəbəkəsi ilə bağlı deyildi” fikri də məhz Heydər Əliyev adının ləkələnməsinə hesablanmış, öz təbirincə, incə bir gedişidi.

Qayıdaq Vəli Axundov məsələsinə. 1959-cu ildəki məlum “dil inqilabı”ndan sonra Mərkəzi hakimiyyətin Azərbaycan hakimiyyətinə gətirmək üçün onun adı üzərində qərar tutmasının bir səbəbi Vəli müəllimin zəif xarakteri və daha sözəbaxan olması ilə əlaqədardısa, digər mühüm səbəbi də yerli hakim klanın maraqlarını nəzərə almasıydı.
Moskva Azərbaycanda cərəyan edən siyasi prosesləri çox gözəl bilirdi. Həmin illərdə əsası ötən əsrin 30-cu illərinin sonunda Teymur Quliyev və Mir Teymur Yaqubov tərəfindən qoyulmuş “Şuşa klanı” özünün çiçəklənmə dövrünü yaşayırdı. Düzdür, artıq hakimiyyətdə “Gəncə” klanı deyilən ikinci bir güclü klan və 2-ci, 3-cü dərəcəli lokal klanlar da yaranmışdı. Ancaq onların, “Gəncə klanı” da daxil olmaqla, hamısının təsir imkanları məhdud idi və “Şuşa klanı”nın ali süzerenliyini qəbul edirdilər. Sov.İKP tarixinin ünlü araşdırmaçılarından Maksim Olenov özünün “Из истории Азербайджанских кланов” adlı əsərində yazır: “Hakimiyyət orqanlarının 65 faizi bu klanın (“Şuşa klanı”nın – E.İ.) nəzarətində idi və tək klan idi ki, hakimiyyətin bütün strukturlarında təmsil olunmaq “hüququ” var idi. Hətta ikinci güclü klan olan “Gəncə klanı” belə, bəzi vəzifələri və gəlirli sahələri tutmaq hüququna sahib deyildi. Bu, klanlararası yazılmamış “qanun”a əsaslanırdı”.

Vəli Axundov vəzifəyə gətiriləndə “Şuşa klanı”nın yaradıcıları Teymur Quliyevlə Mir Teymur Yaqubov 37-ci il repressiyalarının əsas səbəbkarlarından olduqları səbəbiylə vəzifədən uzaqlaşdırılmış, partiyadan çıxarılmış və bütün imtiyazları əllərindən alınmışdı. Ancaq onların qurduğu klanın 20 illik təcrübəsi vardı, öz sabit mövqeyini qoruyub saxlayırdı. Hadisələrin gedişatını izləyib bu nəticəyə gəlmək olur ki, onların varlığını qoruyub saxlaması mərkəzi hakimiyyəti də qane edirmiş. Ancaq Mərkəz bu klana daxil olan elə bir adamı hakimiyyətə gətirmək istəyirdi ki, həm digərlərinə nisbətən müstəqil mövqeyi olmasın, həm də mazisi ilə bağlı elə bir fakt olsun ki, lazım gəldiyində onu “ipə götürmək” daha asan olsun. Bu kriteriyaya cavab verən ən münasib kadr Vəli Axundov idi. Səbəb?
Səbəblərdən birini izah etdik – Vəli Axundov qətiyyətsiz, zəif xarakterli, müstəqil olmayan bir rəhbər idi. İkinci səbəb onu istənilən zaman “ipə götürə” biləcək mazisiylə bağlıdı.

Vəli Axundov əslən Quba rayonundandı və ləzgi əsillidi. Bakının Saray kəndində yaşayıb. Ancaq bununla belə, yuxarıda da qeyd etdiyimiz kimi, “Şuşa klanı”nın kadrıdı. Niyə ləzgi əsilli bir qubalı “Şuşa klanı”nın üzvü idi?
HAŞİYƏ:

Maksim Olenov bu haqda yazır: “…Начиная с конца 30-х и до конца 80-х гг. в Азербайджане происходит довольно ожесточенная борьба двух ведущих региональных кланов – Шушинского и Гянджинского, вокруг чего, собственно, и происходила вся политическая борьба и участие других кланов “второго и третьего эшелона”. При этом довольно часто первое лицо в республике мог сам по себе являться выходцем из совершенно другого региона Азербайджана, но связанного с одним из этих кланов посредством брака, родственников, чаще всего родственников жены”.
Maksim Olenovun fikrini başqa bir mənbə, özbək əsilli rusiyalı tarixçi-araşdırmaçı Razzakov Fyodor İbatoviç də təsdiq edir: “Ахундов принадлежал к одному из самых влиятельных азербайджанских кланов – шушинскому (вторым по степени влияния был гянджинский клан), хотя и не был его уроженцем (он родился в Кубинском районе, что возле Баку), однако был женат на представительнице шушинского клана.

Вообще политику в Азербайджане, помимо шушинского и гянджинского, делали следующие кланы: агдамский, шекинский, апшеронский, ленкоранский, геокчайский, агдашский, шемахинский и ряд других. У каждого из этих кланов была своя область приложения сил: так, гянджинский специализировался на виноделии и правоохранительной системе; агдамский – на виноградарстве и виноделии, на общественном питании и торговле; ленкоранский – на овощеводстве и рыбном промысле; шекинский – на искусстве, образовании и науке; апшеронский – на рыболовстве, на торговле цветами и городском хозяйстве в Баку и т. д.

Отметим, что только один клан – шушинский – не замыкался на одной определенной сфере деятельности и претендовал на управление всем Азербайджаном. Именно представители этого клана долгое время были партийными руководителями республики и практически все обитали в Баку, правда не прерывая связь с родными краями: в Шуше у них сохранялись их родовые дома”.

Vəli Axundovun xanımı Sara Ağayeva şuşalıdı. Elə bu fakt onun “Şuşa klanı”nın adamı olması üçün yetərli səbəbdi. Ayrıca, bir daha təkrar edim, qətiyyətsiz və mülayim biri olması mərkəzi hakimiyyət kimi, yerli klan bosslarının da xeyrinə idi. Onlar Axundovu marionet olaraq görür, onun hakimiyyəti altında şəxsi maraqlarını daha asan formada gerçəkləşdirə biləcəklərini düşünürdülər və haqlı idilər də. Başqa bir tanınmış araşdırmaçı tarixçi İohann Rau bu haqda yazır ki, “Şuşa klanı”nın Vəli Axundovun dövründə əldə etdiyi sərvət əvvəlki 20 ildə qazandıqlarından 10 dəfə çox olub. Məhz həmin periyodda korrupsiya çiçəklənib, rüşvət ayaq açıb yeriyib, “sexovşiklər” deyilən xüsusi təbəqə yaranıb, dövlət iqtisadiyyatı ilə paralel olaraq kölgə iqtisadiyyatı da meydana çıxıb.

Vəli müəllimin xanımı Sara Ağayevadan bəhs etməsək fikrimiz anlaşılmaz olacaq. O, məşhur tükçü, böyük mütəfəkkir, şuşalı Əhməd Ağaoğlunun qardaşı Hüseyn Ağayevin qızıdır. Bax, Vəli Axundovun mazisindəki “qara ləkə” dediyimiz də elə bu faktdır. Təbii ki, qırmızı terrorun əsdiyi bir dövrdə Əhməd bəy Ağaoğlu kimi birinin qardaşının kürəkəni olmaq repressiyaya məruz qalmağa kifayət edirdi. Heç şübhəsiz ki, bu faktı Moskva bilirdi və Vəli Axundov onun üçün çəkilmiş dairədən kənara çıxdığı an istifadə oluna bilərdi. Yoxsa Moskva niyə Azərbaycandakı “dil inqilabı”ndan sonra hakimiyyətə Əhməd Ağaoğlu ilə orqanik bağları olan birini gətirsin ki? Vəli Axundov 1959-cu ildə onun üçün çəkilən dairədən heç bir zaman çıxmadı. Bunu 1966-cı ildə baş bir hadisə də sübut edir. Əhməd bəy Ağaoğlunun oğlu, vaxtilə Adnan Menderes hökumətində baş nazirin müavini olmuş Səməd bəy Ağaoğlu Sovet İttifaqına səfəri çərçivəsində Bakıya da gəlir. Sara xanımın bacıları onunla görüşsələr də, Vəli Axundovun israrıyla xanımı öz əmisioğluyla görüşmür. Təkcə bu fakt Axundovun nə qədər qətiyyətsiz və cəsarətsiz biri olduğunun bariz sübutudur.

İstər-istəməz ortaya belə bir sual çıxır: Moskvanın hər sözünə “ləbbeyk” deyən, heç bir müstəqil fikri olmayan Vəli Axundov nə etdi ki, mərkəzi hakimiyyət ondan narazı qaldı, onu dəyişmək fikrinə düşdü? Moskva yerli hakim klanın maraqlarını da nəzərə alıb, Vəli Axundovu Azərbaycan hakimiyyətinə gətirəndə bəlkə də düşünməmişdi ki, respublikada korrupsiya, rüşvət, kölgə iqtisadiyyatı bu qədər geniş vüsət alacaq. Dövrün arxiv materiallarından görünür ki, Azərbaycan yüngül sənayesi Pribaltika və Rusiya bazarlarına hər il 10 milyonlarla manatlıq dəyəri olan mal göndərirmiş ki, bunun da 80 faizdən çoxu qeydiyyatda olmayan müəssisələrdə hazırlanırmış. Ayrıca olaraq, vəzifələrə təyin olunan kadrlardan alınan rüşvətin xüsusi preyskurantı mövcud imiş (bu haqda növbəti yazılarda detaylı şəkildə bəhs olunacaq). Daha bir mühüm faktor da var: “Gəncə klanı” başda olmaqla digər klanlar artıq “Şuşa klanı”nın üstün mövqeyi ilə barışmır, daha artıq təsir rıçaqları, imtiyazlar əldə etmək üçün açıq mübarizə metoduna əl atırdılar.

Mərkəz görürdü ki, respublikada idarəçilik iflas həddinə çatıb, yeni bir dəyişiklik olmazsa, bu, çox pis nəticələr verə bilər. Elə bu səbəbdən də dəyişikliyə gedildi.

HAKİMİYYƏT OLİMPİNƏ NAMİZƏDLƏR

Vəli Axundovun vəzifədən uzaqlaşdırılacağı qətiləşəndən sonra yerli klanlar onun yerinə kimin təyin olunacağı məsələsini geniş müzakirə edirdilər. Bir neçə namizəd vardı:

1) General-leytenant Hüseyn Rəsulbəyov;
2) Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov;
3) Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənvər Əlixanov;
4) Azərbaycan KP MK katibi Əli Əmirov.

General Rəsulbəyov əslən Dərbənddən idi və “Bakı klanı”nın nümayəndəsi sayılırdı. Hətta onu Moskvaya “собеседование” üçün dəvət də etmişdilər. Bir qrup ziyalı, generalın Moskvaya “söhbət”ə dəvət edilməsini 1968-ci il “Praqa baharı” ilə əlaqələndirir, bunun heç də yaxşı hal olmadığını düşünürdülər. Onlar haqlı olaraq narahat idilər ki, ölkədə yaranmış kriminogen durum və xaosla əlaqədar olaraq 1 il öncəki Praqa hadisəsi Bakıda da təkrar oluna bilər.

Məmməd Əbdül oğlu İsgəndərov Qubadlı rayonunun Eyvazlı kəndindəndir və bəhs olunan dövrdə “Şuşa klanı”nın başında dururdu. Ayrıca olaraq, bu klanın tərkib hissəsi kimi etnik “Kürd klanı” da yaratmışdı. Bəzi qaynaqların iddiasına görə, onun və digər namizəd Əlixanovun namizədliyi əslində göstəri xarakteri daşıyırdı. Onlar hər ikisi, eləcə də Vəli Axundov 4-cü namizəd Əli Əmirovun KP MK-nın 1-ci katibi olmasını istəyirdilər.

Ənvər Nəzər oğlu Əlixanov Bakıda doğulsa da, əslən Zəngəzur qəzasının Qətər kəndindəndir. Əvvəllər Qubadlı rayonuna mənsub olan bu kənd sonradan (1929-cu ildə) Ermənistanın Qafan rayonuna verilib. Ənvər Əlixanov etnik kürddü və məlum “Şuşa klanı”na daxil olan “Kürd qruplaşması”nın lideri olub. Və ən əsası da xanımı şuşalıdı.

Gələk Əli Əmirova…
Əli Cabbar oğlu Əmirov – o vaxta qədər siyasi hakimiyyətdə klan və ya kiçik qruplaşma kimi təmsil olunmayan Naxçıvanda doğulub. Çox tanınmış bir nəslin nümayəndəsi idi. Məşhur “Brilyant məsələsi” və “Qara Volqa” əsərlərinin müəllifi Cəmşid Əmirovun qardaşıdı. Xanımı isə… Düz təxmin etdiniz, şuşalı qızıdı! “Şuşa klanı” yeznələri olan naxçıvanlı Əli Əmirovu özlərininki bilirdilər, həm də o qədər ki, onu hakimyyət olimpinin zirvəsinə yüksəltmək istəyirdilər. Amma…

Sov.İKP MK-nın Təşkilat İşləri üzrə katibi İvan Vasilyeviç Kapitonov 14 iyul 1969-cu ildə Bakıya gəlir. Məşhur 14 iyul plenumunda onun çıxışından sonra məlum oldu ki, Moskva Azərbaycana rəhbərlik edəcək şəxs olaraq Heydər Əlirza oğlu Əliyevin namizədliyi üzərində durur. Zala toplaşan plenum iştirakçılarının mütləq əksəriyyəti bu haqda ilk dəfə idi eşidirdi.

Nədən Moskva Heydər Əliyevin namizədliyi üzərində durdu?..

Fərəməz Allahverdiyev,
Şərur rayonunun sabiq icra başçısı

Bənzər yazılar

Back to top button