İdman

“İnanmırdım ki, “Krasnodar” “Qarabağ”ın tələb etdiyi məbləği ödəyər” – Kadi

Qış transfer pəncərəsində “Qarabağ”dan Rusiya “Krasnodar”ına keçən Kadi Borges metaratings.ru saytına müsahibə verib.

Qol.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Krasnodar”sa transferindən, “Qarabağ”ın avrokuboklardakı çıxışından və başqa mövzulardan danışıb.

Kadinin sözlərinə görə, “Qarabağ”da bir çox futbolçu rus dilində danışa bildiyi üçün artıq o da bu dili anlayır: “Mən artıq rus dili ilə tanışam. Çünki “Qarabağ”da baş məşqçimiz Qurban Qurbanov da bu dildə danışırdı. Orada bir çox futbolçular rus dilindən istifadə edirdilər. Düzdür, Azərbaycanda ingilis dilini də öyrənməyə diqqət yetirirdim. Çünki məşqçimiz bu dildə də danışırdı”.

“Sabah”ın baş məşqçisi Murad Musayev Kadi “Qarabağ”da çıxış edərkən onu Azərbaycan çempionatının ən yaxşı futbolçusu adlandırıb. Kadi isə Musayevin fikrinə belə münasibət bildirib: “Bəli, mən onunla razıyam (gülür)”.

Braziliyalı oyunçu “Qarabağ”dan “Krasnodar”a keçidi haqqında bunları deyib: “Keçən ilin sonunda fasilə başlamazdan bir həftə əvvəl bildim ki, “Krasnodar” mənimlə maraqlanır. Adətən transfer işi ilə məşğul olmuram. Çünki bu işlər üçün menecerim var. Əvvəlcə “Krasnodar”ın mənə görə “Qarabağ”ın istədiyi təzminatı ödəməyə hazır olduğunu düşünmürdüm. Çünki ondan 3 ay əvvəl “Qarabağ”la yeni müqavilə bağlamışdım. Amma klubun mənə nə qədər ümid bəslədiyi bəlli olanda menecerimə bu transferi qəbul etmək istədiyimi bildirdim. Mənim üçün bu, böyük sınaqdır. Çox xoşbəxtəm, böyük gözləntilərim var”.

Kadinin sözlərinə görə, “Krasnodar”dan əvvəl Rusiyanın digər bir neçə klubundan da transfer təklifi alıb: “Rusiyadan bir neçə təklif var idi. Amma bu, əvvəllər olub. Hələ o vaxt “Qarabağ”la yeni müqavilə imzalamamışdım. Amma mən o klubların adlarını çəkməyəcəyəm. Bu, sirrdir”.

Futbolçu bildirib ki, “Krasnodar”a gəlməzdən əvvəl “Qarabağ”ın daha öncə Rusiyada çıxış etmiş oyunçusu Ramil Şeydayevdən məsləhətlər alıb: “Bəli, onunla danışdım. Ramilə klub və infrastrukturla bağlı sual verdim. Mən özüm yalnız matçlara baxa bilirdim, amma “Krasnodar” haqqında çox şey bilmirdim. Amma onların cavabları seçimimi müəyyənləşdirdi. İndi gözəl stadionumuzda oynamağı səbirsizliklə gözləyirəm”.

Kadi Azərbaycanda keçirdiyi 1 il yarımı belə xatırlayıb: “Bakını çox bəyəndim. Bura yaşamaq üçün gözəl şəhərdir. Bakı çox gözəl yerdir”.

Borges “Ötən il “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə düşə bilmədi, bir qədər bəxtiniz gətirmədi. “Krasnodar”la bunu etməyin mümkün olacağına inanırsınız” sualını belə cavablayıb: “Bu, mənim arzumdur. Bəli, “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinə düşə bilmədik, son addım kifayət etmədi. Ümid edirəm ki, “Krasnodar” yaxın vaxtlarda Avropa futboluna qayıda biləcək. Mən bunu həqiqətən istəyirəm”.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından “Qarabağ”da oynayırdı. O, bu qış fasiləsində 5 milyon avroya “Krasnodar”a transfer olunub.

Bənzər yazılar

Back to top button