Hadisə

Səda TV-in rəhbəri məmura təsir etdiyi üçün həbs edilib – Baş Prokurorluq

Baş Prokurorluğun məlumata görə, İstintaq idarəsində Əvəz Zeynalov və Elçin Sadıqovun cinayət işi üzrə aparılan istintaq gedişində “Səda TV” MMC-nin direktor müavini olmaqla eyniadlı internet kanalının faktiki rəhbəri Elnur Şükürovun qanunsuz əməlləri ifşa edilmişdir.

“İstintaqla Elnur Şükürovun Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 0.57 ha torpaq sahəsinin və 168 m2 tikilinin özəlləşdirilməsi ilə bağlı zəruri sənədin əldə edilməsi müqabilində daşınmaz əmlakın alqı-satqısında vasitəçi xidməti göstərən Salman Nəsrullayevdən 50 min manat pul alaraq “Səda TV” internet kanalının imkanlarından istifadə etməklə tələb olunan arayışın verilməsinə dair müvafiq qərarın qəbuluna qanunsuz təsir göstərməsinə əsaslı şübhələr müəyyən edilmişdir”.

Göstərilənlərə əsasən, sentyabrın 14-də Elnur Şükürov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir, məlumatda deyilir.

Lakin Baş Prokurorluğun məlumatından Şükürovun Əvəz Zeynallının işinə hansı aidiyyətinin olduğu bəlli deyil. Onun “məmura qanunsuz təsir göstərməsi” nədən ibarətdir və bu məmur konkret kim olduğu da aydın deyil. Bundan əlavə, arayışı verən həmin bu məmurun məsuliyyətə cəlb edilib-edilməməsi sualına da cavab yoxdur.

O ki qaldı Səda TV-yə, bu daha çox bir nəfərin bloqu kimi fəaliyyət göstərən və az tanınan kanallardan biridir.(Turan)

Bənzər yazılar

Back to top button