Dünya

Ermənistanda vəziyyət yenidən gərginləşdi – Qafanda əhali ayağa qalxdı

Əhali polis zorakılığına etiraz edir

AzToday.az “news.am” saytına istinadən xəbər verir ki, bazar günü Qafan polis idarəsinin qarşısında etiraz mitinqi keçirilib. Vətəndaşların narazılığına şənbə günü səhər başlanan hadisələr səbəb olub. Belə ki, səhər tezdən silahlı maskalı polislər Qacaran şəhərinin meri Manvel Farmazyana yaxın olan dörd nəfəri saxlayıblar. Sonradan məlum olub ki, saxlanılanlardan biri Nver Xaratyan səhvən şöbəyə gətirilib və o, sərbəst buraxılıb. Ancaq onun bədənində zorakılıq izləri tapılıb. Tezliklə vətəndaşın qohumları, polis bölməsində saxlanılan şəxslərə fiziki güc tətbiq olunması əlamətlərini əks etdirən fotoşəkilləri yayımlayıblar. Yaxınlarının dediyinə görə, tutulanlar döyülüb.

Bazar günü Syunik (Zəngəzur) vilayətinin mərkəzi Qafan şəhərindəki vilayət polis idarəsi binasının qarşısına toplaşan insanlar, onlara qarşı zorakılıq tətbiq olunacağına etiraz edərək tutulanların İrəvana aparılmamasını təlıb ediblər. Etirazçılar həmçinin yolu bağlamaq və ya həddindən artıq tədbirlər görməklə hədələyiblər.

Syunik vilayətinin qubernatoru Hunan Poğosyan etirazçıları istintaqa etibar etməyə inandırmağa çalışıb. Onun sözlərinə görə, Polis Xidmətinin rəisi Arman Sarkisyanın göstərişi ilə polis daxili təhlükəsizlik şöbəsi Qafan polis idarəsindəki hadisə ilə əlaqədar rəsmi araşdırma aparır. H.Poğosyan etirazçıları dağılışmağa inandıra bilməyib.

Öz növbəsində, Qacaran şəhərinin meri Manvel Farmazyan siyasi təzyiq altında olduğunu bildirib: bir neçə gün əvvəl polis qohumlarının mənzillərində axtarış aparıb, bundan sonra Qacaran şəhər sakinlərinin əsassız həbsləri olub.

Qacaran meri M.Farmazyanla Sünik vilayətinin polis idarəsinin binasını tərk etdikdən sonra Polis Xidməti və Xüsusi İstintaq Xidmətinin rəhbərliyinin Qacaran sakinlərinə qarşı zorakılıq tətbiq edilməsinə dair inzibati istintaqın açılacağına zəmanət verdiyini bildirib: “Vəziyyəti Polis Xidmətinin rəhbərliyi, Xüsusi İstintaq Xidməti və hüquq-mühafizə orqanları ilə müzakirə etdik. Hamısı istintaqın ədalətli və açıq olacağına zəmanət verdi. Gərgin vəziyyəti aradan qaldırmaq niyyətindəyik”. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları vəd verərsə, etiraz üçün toplaşan minlərlə vətəndaş dağlaşacaq”.

M.Farmazyanın açıqlamasından sonra etirazçılar saxlanılan üç vətəndaşın İrəvana aparılmasına icazə veriblər.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button